Şrift:
Fərəc Quliyev:Başqa dövlətin səfirlərinin bizim dəvəti qəbul etməməsi heç nəyi dəyişməz
31.08.2022 [18:17] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
ABŞ-ın və Fransanın Azərbaycandakı səfirləri növbəti dəfə Şuşa şəhərinə getməkdən imtina etdi.

ABŞ səfiri Örl Litsenberger və Fransa səfiri Zakari Qros Şuşadakı konfransa getməmək səbəblərini açıqlamadı. ABŞ və Fransanın bu addımı Azərbaycan ictimaiyyətində ciddi narazılıqla qarşılanıb. Ermənistan tərəfi isə onların bu addımı “yüksək qiymətləndirib”. Belə ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan “Armenpress”ə deyib ki, Ermənistan ABŞ və Fransa səfirlərinin Azərbaycan hökumətinin dəvəti ilə Şuşiyə səfərdən imtina qərarını yüksək qiymətləndirir.

"Biz Dağlıq Qarabağa birtərəfli səfərlərlə bağlı mövqeyimizi bir daha təsdiqləyirik. Əminik ki, Dağlıq Qarabağ əhalisi beynəlxalq əməkdaşlıq və yardım proqramlarına cəlb edilməlidir. Eyni zamanda, biz o ölkələrin mövqeyini yüksək qiymətləndiririk ki, münaqişəni dərindən dərk edərək, bu cür bir tərəfli hərəkətlərdə iştirakdan imtina edib",-deyə o bildirib.

ABŞ və Fransanın Şuşa səfərindən imtina etməsi, Ermənistanın bu məsələyə verdiyi reaksiya və digər məqamlarla bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-nun suallarını cavablandırıb.

-Fərəc bəy, ABŞ və Fransanın bu qərarına münasibətini öyrənmək istəyirdik. Səfirlər niyə Şuşa dəvətindən imtina etdilər?

-Başqa dövlətin səfirlərinin bizim dəvəti qəbul etməməsi heç nəyi dəyişməz. Azərbaycan artıq elə bir vəziyyətdədir ki, nəinki ölkəmizdə, regionda və bizə yaxın olan bölgələrdə olan bir çox məsələlər Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilməz. 30 ildə bəlkə də bu səfirlərin belə kaprizləri olsaydı, müəyyən məsələlərdə yaxalarını kənara çəksəydilər, bunun prosesə təsir etdiyini deyə bilərdik. Amma artıq proses bitib. Bu hərəkətlərlə sanki keçmişi geri qaytarmaq, yəni bölgədə oyunçu olduqlarını göstərmək istəyirlər. Müəyyən qədər təzyiq etməyə çalışırlar. Onlarsız bir çox məsələləri Azərbaycan-Türkiyə tandemi həll etdiyi üçün qısqanclıq da var. Amma böyük dövlətlər anlamalıdırlar ki, bölgədəki məsələlər region gücü olan Azərbaycanın və dünya gücü olan Türkiyənin vasitəsilə həll olunur. Bunun bir nümanəsi də o oldu ki, Türkiyə Prezidenti Ərdoğan BMT-nin Baş katibi ilə Ukrayna-Rusiya məsələsini müzakirə etdi. Bu, o demək idi ki, Ərdoğanın dediyi kimi, dünya 5-dən ibarət deyil. Türkiyə də artıq dünya gücüdür. ABŞ və Fransanın belə hərəkətinin də yeri yoxdur. Onlar bura yalnız əməkdaşlıqla, strateji tərəfdaşlıqla gələ bilərlər. ABŞ və Fransanın Azərbaycana lojistik imkanların artması, iqtisadi münasibətlərin tənzimlənməsi ilə gəlmək imkanı var. Münaqişə, iki ölkə arasındakı problemlər üzərindən bura gəlmək mümkün deyil. Əgər bunlar indi belə davranırsa, bu, o deməkdir ki, 30 il ərzində də səmimi olmayıblar. Bu gün problem bitibsə, Azərbaycan BMT-nin Fransa və ABŞ-ın da səs verdiyi qətnamələrini özü icra edibsə, bunlar Azərbaycana “sağ ol” deməkdən, əməkdaşlıqda maraqlı olmaqdan, bizim təkliflərimizə “hə” deməkdənsə, problem qalması, Ermənistana cığallığa imkan yaradılması və özlərinin bölgəyə gəlişini istəyirlər. Amma bu, alınan məsələ deyil. Bütün hallarda bunun Azərbaycan- ABŞ, Azərbaycan-Fransa münasibətlərinə mənfi təsir etməyəcəyini bilməmiş deyillər. Bundan sonrakı dövrdə də Azərbaycan Türkiyə ilə, türk dövlətləri ilə birgə bu ölkələrin davranışlarını nəzərə alacaq.

-Ermənistan tərəfi də bu məsələyə münasibət bildirib, ABŞ və Fransanın bu addımıni yüksək qiymətləndirib. ABŞ və Fransanın bu davranışı Ermənistanın “əlinə oynamaq” anlamına gəlmirmi?

-Bunlar Ermənistana yersiz əhval-ruhiyyə verməyə çalışırlar. Bu, məğlub olmuş, ədalətsiz, günahkar tərəfin maşa kimi oynadılmasıdır. Çünki onların Azərbaycana təsir etmək imkanları yoxdur. Ona görə də Ermənistandan istifadə etməyə çalışırlar. Görünür ki, bu da razılaşdırılmış məsələ olduğundan, Ermənistan bu məsələyə dərhal reaksiya verib. Məqsəd yalnız bölgəyə hansısa formada oyunçu kimi qayıtmaqdır. Əslində Türkiyə-Rusiya yaxınlaşması da Qərbi qıcıqlandırır. Böyük oyunçulardan olan Rusiyanın da Azərbaycanın mövqeyi ilə razılaşdığını gördükcə, Qərb artıq tamamilə kənarda qaldığını hiss edir. Amma hesab edirəm ki, bu, tamamilə yanlış, adekvat olmayan davranışdır. Küveytin işğalından sonra İraqa qarşı təzminat davası oldu və keçən ilə qədər bu təzminat ödətdirildi. Ermənistanın Azərbaycana vurduğu zərər ortadadı. Günahkar dövlətdir və Azərbaycan torpaqlarını işğal etməsi faktı da BMT-nin 4 qətnaməsində öz əksini tapıb. Ermənistanı artıq silahsızlaşdırılmış bir dövlətə çevirmək, onlara cəza vermək, sanksiya tətbiq etmək, təzminat ödətmək əvəzinə belə əhval verirlər. Bu da təbii ki, Ermənistanın “dilini açır”. Amma hesab edirəm ki, Azərbaycan bu cür məsələlərə kifayət qədər hazırlıqlıdır və belə məsələlərin də əhəmiyyəti yoxdur. Gələcək siyasətimizdə bunları nəzərə alacağıq, amma artıq bu dövlətlərin Azərbaycanın yol xəritəsində dəyişiklik etmək imkanları yoxdur. Ola bilər ki, prosesin uzadılması üçün Ermənistana təzyiqlər etsinlər. Necə ki, Laçın dəhlizi ilə bağlı bunu etməyə cəhd etdilər. Amma Azərbaycan addım-addım öz işini görür. Deyilənləri nəzərə alacaq, amma yol xəritəsində heç bir dəyişiklik etməyəcək.

-ABŞ və Fransa həm də ATƏT-in Minsk qrupunun həmsədr dövlətləridir. Azərbaycanın ATƏT-in Minsk qrupu ilə bağlı mövqeyi aydındır. ABŞ və Fransanın bu addımı da Azərbaycanın mövqeyinin doğru olduğunu göstərdi. Bu qrupun tərkibi dəyişə, ABŞ və Fransa həmsədrlikdən çıxarıla bilərmi?

-10 illərdir deyirəm ki, bu qurumun heç bir əhəmiyyəti yoxdur. 2012-ci ildə İrəvanda “Avronest”in iclasında oldun. Orada bu məsələni qaldıranda ki, ATƏT-in Misnk qrupu aradan çıxsın, vasitəçi kimi Avropa İttifaqı fəaliyyət göstərsin, onda Sarkisyanın (Ermənistanın sabiq prezidenti-müəll.) sərt reaksiyasını görəndə başa düşdüm ki, bu qurum Ermənistanın xilaskarı olmaqdan başqa bir şey deyil. Dəfələrlə biz bu məsələni qaldırmışıq. Əgər bu dövlətlər münaqişə dövründə bir iş görmək istəyirdilərsə, görərdilər. 30 ildə heç bir iş görmədilər. Onlar münaqişənin qalmasında maraqlı idilər. Bundan da yararlanaraq tərəflərə, xüsusilə də Azərbaycana təzyiq etmək imkanından yararlanmaq istəyirmişdilər. O dövrdə Minsk qrupu yararsız idi, indi isə artıq dağılıb. Birincisi, artıq münaqişə yoxdur. İkincisi isə artıq Rusiya da, ABŞ da, Fransa da bu məsələ ilə bağlı məsləhətləşmələr aparmırlar. Azərbaycan əvvəl də müraciət etmişdi ki, münaqişə var, gəlin həll edək. Amma indi Azərbaycan tərəfi bəyan edir ki, artıq problem yoxdur, yalnız iki dövlət arasında mövcud olan məsələlər var, kim istəyirsə, vasitəçilik etsin, humanitar və digər məsələlərin həllinə töhfə versin. Buna etiraz etmirik. Azərbaycanın daxili işinə heç kim qarışa, keçmişdə qalmış ATƏT-in Minsk qrupunu da heç kim dirildə bilməz. Onların “fatihə”si çoxdan verilib.

-Fərəc bəy, doğrudur, siz dediniz ki, ABŞ və Fransanın bu qərarı Azərbaycan üçün təsirsizdir. Amma ABŞ Azərbaycana yeni səfir təyin edəcək. Azərbaycan onlarına qərarına cavab olaraq yeni səfirin etimadnaməsini Şuşada qəbul edə bilərmi?

-Hər şey mümkündür. Əlbəttə, bunu Azərbaycan tərəfi müəyyənləşdirir. Şuşa bizim ərazimizdir və Konstitusiyada göstərildiyi kimi, Azərbaycanın suverenliyi şəksizdir və bütün ərazilərinə şamil olunur. Amma hesab etmirəm ki, Azərbaycan tərəfi belə detallarla özünün çox narahat olduğunu bəyan etmiş olacaq. Belə məsələlərlə bağlı onların təklif etdiyi, şahmat termini ilə desək “qaralarla” oynamağa razılaşacaq. Oyun qaydalarını biz təklif edirik, kim bizi hansı tərəfə çəkmək istəməsindən asılı olmayaraq biz yol xəritəmizdə dəyişiklik etməməliyik. Çox sakit və sadə şəkildə işimizi görməliyik.

Vilayət Muxtar/Cebhe.info
Bu xəbər oxucular tərəfindən 581 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed