Şrift:
Bakı metropoliteninə altı yeni ventilyator gətirilib
02.09.2022 [07:49] - Xəbərlər, İqtisadiyyat
2022-ci ildə alınması nəzərdə tutulmuş 6 yeni güclü ventilyator Bakı metropoliteninə gətirilib. Avadanlıq Rusiyanın “Ventprom” maşınqayırma zavodunun məhsuludur. “Bakı Metropoliteni” QSC son illərdə dünyada bu sahədəki yenilikləri, istehsalçı müəssisələri və sistemləri dərindən araşdıraraq, geniş monitorinqlər, müqayisəli təhlillər aparıb.

QSC-dən bildirilib ki, nəticədə “Ventprom” şirkətinin istehsal etdiyi ventilyatorlar keyfiyyəti və texniki parametrlərinə görə dünyadakı analoqlarından üstündür. Onlar daha səmərəli, iqtisadi cəhətdən münasib, texniki qulluq və təmir-təftiş baxımından çox rahatdır. Müqayisə üçün qeyd etmək olar ki, alınmış ventilyatorların istehsalçısı server qulluğunu digər əcnəbi istehsalçılarla müqayisədə bir neçə dəfə tez - iki həftə ərzində yerinə yetirir. Həmçinin server qulluğu daha sadə və asandır. Qurğular elektrik enerjisinə qənaət edir və idarəetmə şkafları tezlik çeviricilidir.

Ventilyasiya sahəsində innovativ, mühəndis-texniki yeniliklərin tətbiqi baxımından Bakı metropolitenində son illərdə mühüm addımlar atılıb. 2018-ci ildə ventilyatorların iş rejiminin fəsillər prinsipi ilə tənzimlənməsinə keçilib. Bu, mikroiqlim şəraitinin əvvəlki dövrlərlə müqayisədə müsbət dəyişikliyinin başlanğıcı olub. Ümumən ventilyasiya sisteminin, qurğu və avadanlıqların dövrün texnoloji tələbləri səviyyəsində müasirləşdirilməsinə xüsusi yanaşılır. Aparılan tədqiqatlar və hesablamalara uyğun olaraq yeni ventilyatorlar sifariş edilərkən, “Bakı Metropoliteni” QSC-nin texniki tapşırıqları əsas götürülüb. Onların yerli şəraitə uyğunluğuna, Azərbaycan paytaxtının iqlimi, metropolitenin geologiyasına, infrastrukturuna və digər texniki məsələlərə diqqət yetirilir. 2019-2021-ci illərdə alınaraq quraşdırılmış 17 süni havalandırma qurğusu yaxın gələcəyin perspektivləri də nəzərə alınmaqla sifariş edilib. Bununla ventilyatorların tətbiq edildiyi stansiya və tunellərdə havanın hərarət, oksigen miqdarı göstəriciləri əvvəlki illərin mikroiqlim hesabatları ilə müqayisədə xeyli yaxşılaşıb və hərarətin 2-3 Selsi dərəcə azalması müşahidə olunur.

Təyinatına görə alınmış 6 ventilyatordan 4-ü 75 kVt gücə malik olmaqla “VOM 24-R” tiplidir. “VOM 20” tipli digər 2 ventilyatorun isə 55 kVt gücü var. Qurğular stansiya və yaxın tunelləri havalandıracaq.

Əvvəlki ventilyatorlarla müqayisədə, yeni qurğular daha güclü və məhsuldardır, stansiya və tunelləri 2-3 dəfə artıq təmiz hava kütləsi ilə təmin edəcək. Mühüm yeniliklər sırasında idarəetmə sistemləri xüsusi yer tutur. Mərkəzləşmiş qaydada aparılacaq idarəetmə istənilən an dispetçerinə ventilyatorun iş rejimini, sürətini tənzimləməyə imkan verəcək. Həmin məqsədlə fiberoptik kabelləşmədən və müasir texnoloji idarəetmə şkaflarından istifadə olunacaq. Bu, Bakının dəyişkən iqlimi şəraitində hətta mövsümi qrafikə də lazımi dəyişikliklərin edilməsinə şərait yaradır.

Yeni ventilyatorların əsas vəzifəsi yanğın təhlükəsizliyidir. Fövqəladə hallarda bu ventilyatorlar rejimdən rejimə daha sürətli və çevik keçirilir.

Avadanlığın quraşdırılması istiqamətində tədbirlərə də başlanılıb. Hazırda “Əhmədli-Həzi Aslanov” mənzili və “Xətai” stansiyasının şaxtalarında köhnə ventilyator sökülərək hissələrlə çıxarılır. Bu proses tamamlandıqdan sonra yeni ventilyatorların quraşdırılması üçün müvafiq şaxtada normativlərə uyğun təmir işləri aparılacaq. Bu sırada yeni süni havalandırma qurğularının texniki parametrlərinə uyğun özül meydançası inşa olunacaq. Son mərhələdə yeni ventilyator və onun mərkəzləşmiş idarəetmə sistemləri quraşdırılacaq.

Metropolitendə təbii havalandırma ilə bağlı planlı layihələr də icra olunur. Ventilyatorlarla yanaşı təbii havalandırmada xüsusi çəkiyə malik dempferlərin quraşdırılması prosesi davam etdirilir.

Ətraflı
Bu xəbər oxucular tərəfindən 1270 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed