Şrift:
Qəhrəmanlıq dastanı: Bakının azad edilməsi tariximizə Azərbaycan-Türkiyə qardaşlığının rəmzi kimi yazılıb
15.09.2022 [06:10] - Xəbərlər, Siyasət, Türk dünyası-Turan
“Bir millət, iki dövlət”in münasibətləri bu gün son yüz ilin ən yüksək zirvəsindədir

Bakı, 15 sentyabr.

Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 104-cü ildönümü tamam olur. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun həyata keçirdiyi bu xilaskarlıq missiyası Azərbaycan tarixinə şanlı hadisə kimi yazılıb. Həmin hadisədən üç il əvvəl isə azərbaycanlı oğullar Çanaqqalada türk qardaşlarının köməyinə çatmış, o torpaqda şəhadətə qovuşmuşdular. Babalarımızın miras qoyduğu bu silah qardaşlığı sonrakı illər ərzində yeni məzmunla zənginləşərək bir millət, iki dövlətin taleyində mühüm amil olub.

Bu zəfər tarixinə və onun fonunda çağdaş dövrün mühüm hadisələrinə nəzər salır.

Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası tarixi-siyasi və milli-mənəvi kontekstdə

Bolşevik Rusiyası Birinci Dünya müharibəsindən çıxdıqdan sonra geri çəkilən rus ordusu ilə birlikdə erməni silahlı dəstələri də Cənubi Qafqaza gəldilər. Rusiya hərbçiləri silahlarını həmin vaxta qədər Anadoluda, Borçalıda, İrəvan quberniyasında, Cənubi Azərbaycan və indiki Azərbaycan Respublikası ərazisində qanlar tökən erməni bandalarına vermişdilər. O zaman daşnak-bolşevik ünsürlərdən təşkil edilmiş Bakı Soveti türk-müsəlman əhaliyə zülm edirdi. 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilən soyqırımının qarşısını nə Transqafqaz Komissarlığı, nə də Transqafqaz Seymi ala bilmədi.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Bakı yadellilərin əlində idi və bu səbəbdən də Gəncə şəhəri müvəqqəti olaraq paytaxt seçilmişdi. Həmçinin dövlətin müstəqilliyini müdafiə etməyə qadir milli hərbi qüvvələr hələ tam formalaşmamışdı. Dünyanı bölüşdürmək istəyən Rusiya, İngiltərə, Almaniya kimi dövlətlərin Cənubi Qafqaz, xüsusən neft Bakısı ilə bağlı planları bölgədə vəziyyəti daha da mürəkkəbləşdirirdi. Azərbaycanın müstəqillik əldə etməsi bu ölkələrin marağına uyğun deyildi.

1918-ci il iyunun 4-də Batumda Azərbaycan Xalq Cümhuriyyəti ilə imzalanmış müqaviləyə əsasən Osmanlı dövləti Azərbaycana yardım etməyi öz üzərinə götürdü. Təbii ki, dünya türklüyünün və İslamın mərkəzi olan Osmanlı dövləti Cənubi Qafqazda azərbaycanlı qardaşlarının taleyinə biganə qala bilməzdi. Daşnak-bolşevik hücumlarının son dərəcə kəskinləşdiyi bir şəraitdə Osmanlının hərbi naziri Ənvər paşa qardaşı Nuru paşanın komandanlığı ilə Azərbaycana hərbi qüvvələr göndərdi. Beləliklə, Azərbaycanın milli hərbi qüvvələri də daxil olmaqla Qafqaz İslam Ordusu yaradıldı. 1918-ci il mayın 9-da Təbrizə, on bir gün sonra isə Araz çayına çatan Nuru paşa mayın 25-də Gəncəyə gəldi. Əhali tərəfindən böyük sevinclə qarşılanan Qafqaz İslam Ordusunun görəcəyi ilk işlərdən biri Gəncədə mövcud təhlükəni aradan qaldırmaq, düşmənləri tərksilah etmək və yerli əhalinin təhlükəsizliyini qorumaqdan ibarət idi. Təfərrüata varmadan qeyd edək ki, bu ordunun döyüş yolu Qaraməryəm, Kürdəmir, Ağsu, Göyçay, Salyan və Şamaxıdan keçdi.

Qafqaz İslam Ordusunun Bakıya daxil olmasının qarşısını almaq məqsədilə bolşevik Rusiyası Almaniya ilə avqustun 27-də müqavilə imzaladı. Almaniya Bakı neftindən alacağı bəlli pay müqabilində Osmanlı qoşunlarının Kür çayını keçməməsi üçün öhdəlik götürdü. Lakin bu da xilaskar ordunun yürüşünü dayandıra bilmədi. Bakı uğrunda döyüşlərdə Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə vuruşdular. Şəhər sentyabrın 15-də azad edildi. Sentyabrın 16-da Osmanlı-Azərbaycan hərbi hissələrinin Bakı ətrafında paradı keçirildi. Ertəsi gün isə Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. Bu, Azərbaycan tarixinə möhtəşəm qələbə və türk qardaşlığının təntənəsi kimi yazıldı.

Türkün qələbəsi ədalətin təntənəsidir: Çanaqqala döyüşündən Qarabağ Zəfərinədək

Türkün şanlı tarixini vərəqlədikcə müxtəlif dövrlərdə baş verən və qələbə ilə nəticələnən hadisələr arasında bir ümumi cəhəti görmək olur: tarixdə dönüş yaradan türkün zəfəri, eyni zamanda, ədalətin, sülhü bərqərar etməyin, dinc yaşamağın təntənəsidir. 1071-ci ilin avqust ayında Malazgird döyüşündə səlcuqlu igidlər dünyaya meydan oxuyan Bizans ordusunu məğlub etdilər və Anadolunun qapıları türklərin üzünə açıldı. 1453-cü il mayın 29-da İstanbulu fəth etmiş Sultan II Mehmet bölgəyə əmin-amanlıq gətirdi.

Türk tarixinin şərəf nöqtəsi olan Çanaqqala döyüşü isə Birinci Dünya müharibəsinin gedişini dəyişdi. Antanta ittifaqı Osmanlı dövlətinin paytaxtı İstanbulu ələ keçirərək boğazları idarə etmək istəyirdi. Lakin hərbi qüvvə baxımından qat-qat üstün olan Antanta məqsədinə çata bilmədi. Qüvvələrin qeyri-bərabər olduğu bu döyüş tarixə Çanaqqala zəfəri kimi həkk olundu. Bu şanlı zəfərin qazanılmasında azərbaycanlılar da yaxından iştirak etdilər və Çanaqqalada şəhid oldular.

XXI əsrdə isə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komanda İlham Əliyevin sərkərdəliyi ilə qazandığı Qarabağ Zəfəri türkün tarixinə daha bir şanlı səhifə yazdı: Ermənistan kapitulyasiya aktını imzaladı və torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu qələbəni millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyi, Nobel mükafatı laureatı Əziz Səncər isə Qurtuluş savaşından sonra türk dünyasının ən önəmli Zəfəri kimi dəyərləndirib.

Yeri gəlmişkən, XXI əsrin ikinci onilliyində tarix təkrar olundu. Əgər 104 il əvvəl Osmanlı dövləti azərbaycanlı qardaşlarına hərbi qüvvə ilə kömək etmişdisə, 2020-ci ildə Azərbaycanın Vətən müharibəsi günlərində Türkiyə siyasi-mənəvi dəstək göstərdi. Müharibənin ilk saatlarından Türkiyə Azərbaycanın yanında oldu. Rəcəb Tayyib Ərdoğan Azərbaycanın haqq işinə öz dəstəyini verdi, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və olacağını bəyan etdi. Beləliklə, Vətən müharibəsində qazanılan Zəfərdə Türkiyə liderinin, türk xalqının siyasi-mənəvi dəstəyi mühüm rol oynadı və üçüncü qüvvələri hadisələrin gedişinə müdaxilə etməkdən çəkindirdi.

Dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə birliyi və qardaşlığı

Milli, tarixi və məntiqi əsaslara söykənən “bir millət, iki dövlət” kəlamının təsdiqi bu gün Azərbaycan və Türkiyənin birgə fəaliyyətində, sarsılmaz qardaşlığında və müttəfiqliyində öz əksini tapır. Xatırladaq ki, Türkiyədə Çanaqqala Zəfərinin 100 illiyini (2015-ci il) və Azərbaycanda Bakının işğaldan azad edilməsinin 100-cü ildönümünü (2018-ci il) qardaş ölkələrin liderləri birlikdə qeyd ediblər. 2020-ci il dekabrın 10-da isə iki dövlətin prezidentlərinin Azərbaycanın Vətən müharibəsində Qələbəsinə həsr olunmuş Zəfər paradında iştirakı türk dünyasında qürur doğuran hadisə olmaqla yanaşı, beynəlxalq aləmə türkün birliyini və qüdrətini bir daha nümayiş etdirdi.

İki ölkənin getdikcə dərinləşən və yeni məzmunla zənginləşən münasibətlərinə misal olaraq, Türkiyənin Zəfər bayramının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş dövlətin lideri Rəcəb Tayyib Ərdoğana məktubundan bu sitatı gətirmək yerinə düşər: “Xüsusi qürur hissi ilə qeyd edə bilərik ki, “bir millət iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının və müttəfiqliyinin dünyada bənzəri yoxdur”.

Bu qardaşlıq münasibətləri 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması ilə müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin dediyi kimi, tarixi Qars müqaviləsindən 100 il sonra, azad edilmiş Şuşa şəhərində imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir.

Bəyannamənin imzalanmasının birinci ildönümündə məhz Şuşada “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirildi.

Qeyd edək ki, təkcə bir il ərzində dövlətlərimiz üçün əlamətdar günlərdə liderlərin qarşılıqlı səfərləri, o cümlədən Füzuli Beynəlxalq Hava Limanının, Rize-Artvin Hava Limanının açılışlarında Türkiyə və Azərbaycan prezidentlərinin birgə iştirakı böyük rəmzi məna kəsb edir. Mayın 28-də - Azərbaycanın Müstəqillik Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri və Bakıda keçirilən “TEXNOFEST Azərbaycan” festivalının qaliblərinin iki dövlətin liderləri tərəfindən mükafatlandırılması da bu qəbildəndir.

Avqust ayında Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı dünyada bənzəri olmayan münasibətlərə daha bir nümunədir. Dövlətimizin başçısı İslamiadadan qayıtmış idmançılarımızla görüşdə bunu belə ifadə edib: “Biz açılış mərasimində onun da şahidi olduq ki, Azərbaycan komandası stadiona daxil olanda bizim türk qardaşlarımız necə səmimi və hərarətlə idmançılarımızı qarşılamışlar. Elə bil ki, bizim komandamız Bakıda stadiona çıxıb. Bu, doğrudan da bir daha bizim xalqlarımızın nə qədər bir-birinə bağlı olduğunu göstərir. Onu göstərir ki, təkcə prezidentlər bir-birinə qardaş deyil, eyni zamanda, xalqlarımız, idmançılarımız qardaşdırlar. Orada - stadionda on minlərlə tamaşaçı Azərbaycan komandasını öz doğma komandası kimi qarşılamışdır”.

Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsinin sevincini türk qardaşlarımız bizimlə birgə yaşadı. Türkiyənin Zəfər bayramını isə Azərbaycan öz bayramı kimi qeyd etdi.

Nəhayət, ən son misal: Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar Prezident İlham Əliyevə, onların yaxınlarına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verdi. Rəcəb Tayyib Ərdoğan qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd etdi və ölkələrimizin həmrəy olduqlarını vurğuladı.

Beləliklə, qardaş Türkiyə hər zamankı kimi, Azərbaycanın yanındadır, ölkəmiz də hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanındadır.

Azərbaycan torpağında uyuyan türk şəhidlər

Azərbaycan paytaxtının ən hündür nöqtələrinin birində ucaldılmış Türk Şəhidliyi abidəsi Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, silah qardaşlığımızın rəmzi sayıla bilər. Azərbaycan torpaqlarında uyuyan türk şəhidlər, eyni zamanda, iki qardaş ölkənin ortaq taleyindən xəbər verir. Onlar öz fədakarlıqları və cəsarətləri ilə bir dastan yazaraq, Türkiyə və Azərbaycan əbədi qardaşlığının rəmzinə çevrildilər. Xatırladaq ki, bu il Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidlərinin - 1918-ci il iyunun 11-də Şah Abbas məscidi ətrafında gedən döyüşlərdə həlak olmuş 13 türk əsgərin xatirəsinə də abidə ucaldılıb. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, qədirbilən Azərbaycan xalqı onları heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaq.

1918-ci ildə işğaldan azad edilən Bakı, müasir dövrdə İkinci Qarabağ savaşından qalib çıxan Azərbaycanın paytaxtı olaraq dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir, postmüharibə dövrünün gündəliyini Azərbaycan Prezidenti İlham Əliyev diktə edir. Bu və digər tarixi məqamlar bütün türk dünyasını qürurlandırır və sevindirir. Bugünkü reallıqlar, həmçinin ulu öndər Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının həyatiliyini bir daha təsdiqləyir.
Bu xəbər oxucular tərəfindən 1246 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed