Şrift:
“Arşın mal alan” tamaşası fərqli formatda nümayiş olunub
06.10.2022 [08:26] - Gündəm, Mədəniyyət
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin kollektivi tərəfindən “Arşın mal alan” tamaşası fərqli formatda nümayiş olunub.

Mingəçevir Dövlət Dram Teatrının səhnəsində nümayiş olunan tamaşada Bakı, Gəncə, habelə respublikanın digər rayon və şəhərlərindən teatrsevərlər, regional idarə üzrə aparıcı mədəniyyət müəssisələrinin rəhbərləri, Bərdə Regional Asan Xidmət Mərkəzinin rəhbərliyi, ASAN könüllülər, Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tamaşa müasir teatr elementləri ilə zəngindir. Musiqi məktəbinin müəllimlərinin rol aldığı tamaşanın quruluşçu rejissoru Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru, Prezident mükafatçısı Vüsal Mehrəliyev, rejissor assistenti İbrahim Türksoy, musiqi rəhbəri məktəbin müəllimi İradə Xəlilova, layihə rəhbəri isə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümovadır.

Tamaşadan sonra Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova çıxış edərək, bu kimi layihələrin davamlı olacağından, Qarabağın zəngin mədəni irsinin təbliği və tanıdılması istiqamətində görülən işlərdən söz açıb.

Qeyd edək ki, “Arşın mal alan”ın ilk tamaşası 1913-cü il oktyabrın 25-də Bakıda Tağıyev teatrında səhnəyə qoyulub. Tamaşanın quruluşçu rejissoru Hüseynqulu Sarabski, dirijoru Müslüm Maqomayev idi. Hüseynqulu Sarabski Əsgər, Əhməd Ağdamski Gülçöhrə, Məmməd Hənifə Terequlov Süleyman, Ələkbər Hüseynzadə Soltan bəy, Gülsabah xanım Asya, Olenskaya Telli rolunu ifa edib.
Bu xəbər oxucular tərəfindən 1279 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed