Şrift:
Xalq artisti Əhməd Bakıxanovun xatirəsi anılıb
07.10.2022 [07:01] - Gündəm, Mədəniyyət
Musiqi Mədəniyyəti Dövlət Muzeyində tarzən, pedaqoq, musiqi xadimi Xalq artisti Əhməd Bakıxanovun 130 illiyinə həsr olunmuş tədbir keçirilib.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova unudulmaz sənətkarın həyat və yaradıcılığından danışıb, musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri haqqında məlumat verib.

Tədbirin aparıcısı, muzeyin direktor müavini Təranə Zeynalova Əhməd Bakıxanovun həyat və yaradıcılığı haqqında danışıb.

Bildirilib ki, təhsilini İranda almış Əhməd Bakıxanov burada ustad tarzənlərdən tar ifaçılığının və muğamatın sirlərinə dərindən yiyələndikdən sonra 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə iştirak edib. 1930-cu illərdən Üzeyir Hacıbəylinin dəvəti ilə ovaxtkı Azərbaycan Dövlət Konservatoriyasında muğamdan dərs deyib. Ə.Bakıxanov ömrünün çox hissəsini musiqi kadrlarının hazırlanmasına həsr edib.

Qeyd edilib ki, onun yaratdığı ansambl bir çox görkəmli xanəndələri - Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini, Hüseynqulu Sarabskini, Zülfü Adıgözəlovu və digər görkəmli xanəndələri müşayiət edərək geniş konsert proqramları ilə insanların zövqünü oxşayıb. Azərbaycan xalq musiqisinin, xüsusilə muğamların təbliğində Əhməd Bakıxanovun böyük xidməti var. O, muğam sənətinin dərin bilicisi kimi tanınmaqla yanaşı, az ifa olunan “Nəva-nişapur”, “Əbu-əta” muğamlarının mahir ifaçısı kimi də məşhurdur. Eyni zamanda, onun yaratdığı bir çox melodiyalar, rənglər xalq ifaçılığında geniş yayılıb.

Ə.Bakıxanov “Azərbaycan xalq rəngləri” (1964), “Azərbaycan ritmik muğamları” (1968), “Muğam, mahnı, rəng” (1975) kimi not nəşrlərinin müəllifidir. Bu məcmuələr xalq musiqisinin tədrisi və tədqiqi üçün qiymətli vəsaitdir. Onun musiqi məktəbləri üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunmaqdadır.

Tədbirdə Xalq artisti, professor, bəstəkar, tarzənin oğlu Tofiq Bakıxanov, Xalq artisti, tarzən, Ramiz Quliyev, Xalq artisti, tarzən Möhlət Müslümov, Xalq artisti, kamança ifaçısı Fəxrəddin Dadaşov, Əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin Xalq çalğı alətləri şöbəsinin müdiri Cəfər Qafarlı, sənətşünaslıq elmləri doktoru, professor Abbasqulu Nəcəfzadə çıxış edərək unudulmaz sənətkarın sənət fəaliyyətindən söz açıblar.

Tədbirin bədii hissəsində muzeyin Qədim Musiqi Alətləri Ansamblının artist-ifaçısı, Əməkdar artist, tarzən Davud Abdullayev, xanəndə Hüseyn Məlikov, Musiqi Kollecinin tələbələri, Əhməd Bakıxanov adına 6 nömrəli musiqi məktəbinin müəllim və tələbələri tərəfindən konsert proqramı təqdim edilib, muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış “Əhməd Bakıxanov–130” videoçarx nümayiş olunub.
Bu xəbər oxucular tərəfindən 1279 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed