Şrift:
«Güney Azərbaycanda xalq yalnız milli hərəkata inanır»
16.01.2013 [00:28] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Hakim Sadiqli: «Rejim Güney Azərbaycandakı milli hərəkatı siyasi deyil, ictimai hərəkat kimi tanıtmaq istəyir»

«Seçkilərdə milli hərəkatın gücünü azaltmaq üçün hər gün milli fəalları həbs edirlər»


«Xalq Cəbhəsi» qəzetinin «Güney Azərbaycan» səhifəsinin budəfəki qonağı İran üzrə ekspert, analitik Hakim Sadiqlidir. Onunla İranda bu il keçiriləcək prezident seçkiləri və bu seçkilərdə Güney Azərbaycanın mövqeyilə bağlı həmsöhbət olduq.

- Bir neçə gün öncə İranın ali dini lideri, ayətullah Əli Xamneyi bəyənatında bildirdi ki, xarici qüvvələr seçkilərə təxribatlar törətməyə çalışacaqlar və xalq təxribatlara qarşı ayıq olmalıdır. Bu xəbərdarlıq məzmunlu bəyənatı necə dəyərləndirirsiniz?

- İranın dini qüvvələr tərəfindən yönəldilməsi ölkənin böhranla üzləşməsinə səbəb olub. Həm hakimiyyət daxilində, həm də xalq arasında hökumətdən xeyli narazılıq var. Hakimyyət dairələri, başda ayətullah Xamneyi olmaqla bu durumdan çıxmaq üçün müxtəlif yollar axtarırlar. Ali dini lider populist siyasətə əsaslanaraq xalqın etimadını qazanmaq üçün özü meydana gələrək hər sahəyə nəzarət etmək istəyir. Bu da onu göstərir ki, son variantlara əl atmaqdan başqa çarə qalmayıb. Nə qədər populist çıxışlar etsələr də, artıq xalq kütlələrini öz tərəflərinə çəkə bilmirlər. Cünki uzun illərdir əhali bunların yalan vədlərindən bezib. Bu cür çıxışların ikinci məqsədi isə ölkə müxalifətini, xüsusilə də islahatçılara xəbərdarlıq etməkdir. Xamneyinin son günlər seçki ilə bağlı bəyanatı heç də əsassız deyil. Buna səbəb ölkədə gündən-günə artan iqtisadi böhran, insanların yaşayış səviyyəsinin pisləşməsi, hakimiyyət və ölkə daxilində müxalif qüvvələrin fəallaşması, beynəlxalq aləmin İrana təzyiqləri və s. amillərdir. Ali dini liderin son bəyanatı İranda iyun ayında keçiriləcək seçkilərlə əlaqədar həm dünyaya, həm də daxildəki müxalifətçilərə bir xəbərdarlıq mesajıdır. Bu bəyanatın indidən verilməsi daha əvvəlki seçkilərdə baş vermiş hadisələrin təkrarlanmasının qarşısını almaq cəhdidir.

- İranda keçirilən seçkilərin nəticəsinə ali dini liderin hansı təsiri var?

- İranda seçkilərdən danışırıqsa, gərək keçən seçkilərdə baş verən hadisələrə baxaq. Mahmud Əhmədinejad 2005-ci il prezident seçkilərində «Sepah» və «Bəsic»in populist çıxışları nəticəsində 20 milyona yaxın səs toplaya bildi. O, millətə «nefti süfrələrə çəkəcəyik», «hamıya iş», «ev tikmək üçün uzunmüddətli kredit» kimi vədlər verirdi. Qısa zamanda xalqın süni rəğbətini qazansa da, başqa amillər ortalığı qarışdırdı. Əhmədinejad benzin layihəsini icra etdi və bununla da xalqın narazılığına səbəb oldu. 2009-cu il prezident seçkilərində isə Əhmədinejad hakimiyyətinin arxasında Xamneyi dayandı. Halbuki həmin seçkidə qəti olaraq İran müxalifətinin lideri Mirhüseyn Musəvi qalib gəlmişdi. Rejim isə düşünürdü ki, Musəvi hakimiyyətə gəlsə, ABŞ bundan yaxşı istifadə edəcək. Lakin Əhmədinejad daxildə ABŞ-a meydan açmayacaq. Ona görə də Əhmədinejadın hakimiyyətdə qalmasına dəstək oldular. Xamneyi Əhmədinejadı həm də ona görə dəstəkləyirdi ki, o, ali dini liderə həmişə aşağıdan yuxarı baxır, onun əlindən öpürdü. Ancaq Hatəmi və Musəvi elə deyildilər. Əhmədinejad hakimiyyəti zamanı Xamneyi az səfər etdi. Çünki prezident onun görəcəyi işi də görürdü. Hakimiyyət islahatçıların gücsüz qalmasının tərəfdarı olsa da, sıradan çıxmasını istəmir. Bu, dünyaya İranda müxalifətin olduğu təsəvvürünü yaratmaq məqsədi daşıyır. Onlara xalqın səsini qazana bilməyən müxalifət lazımdır. İrandakı seçkilərin nəticəsinə ali dini liderin birbaşa təsiri var. Ona görə də bu il keçiriləcək prezident seçkilərində də bütün oyunları Xamneyi oynaya biləcək və istədiyi adamı prezident seçdirəcək.

- Sizcə, Əhmədinejadın yenidən prezident seçilmək şansı varmı?

- Son iki ildə Əhmədinejad artıq Xamneyini eşitmir və onun verdiyi qərarlara qarşı çıxır. Əhmədinejadın üçüncü dəfə seçkiyə qatılması ölkə qanunlarına görə qeyri-qanunidir. Ancaq onun komandasından seçkiyə qatılanlar olacaq. Namizəd olsalar da, səs qazanmaları çətin görünür. Durumu nəzərə alaraq Xamneyi özünə rəqib deyil, ona tabe olan bir şəxsin prezident olamasını planlaşdırır. Keçmiş illərin təcrübəsi göstərir ki, ölkədə rəsmi vəzifələr içində yalnız prezident ali dini rəhbərə qarşı rəqib ola bilər. Çünki ona dəstək verən xalqın səsi hamıdan çox olur və bunu Əhmədinejad da son zamanlarda dilə gətirib. Ali dini liderin ən önəmli vasitəsi «Şura-ye Nigahban» deyilən qurumun var olmasıdır. Bu qurumun 12 nəfərindən altısını birbaşa Xamneyi özü seçir, qalanlarının da seçilməsində dolayısıyla onun rolu var. Ali dini liderin əlindəki ən önəmli vasitə istədiyi adamı seçkiyə buraxıb-buraxmamaqdır. Bundan əlavə, ölkənin rəsmi televiziyası, radiosu və mətbuatı da onun nəzarətindədir. O, kütləvi təbliğat vasitələrilə xalqın fikrini istədiyi istiqamətə yönəldə bilir. Hətta qarşı tərəfin də əlində olan kiçik mətbuata da nəzarət edir. «Bəsic», «Sepah» da birbaşa Xamneyidən əmr aldığına görə səsvermədə seçicilərə təsir edir. Seçkilərin saxtalaşdırılmasının ən parlaq nümunəsi sonuncu prezident seçkilərində baş verdi.

- Builki seçkilərdə kimlərin seçilmə şansı daha çoxdur?

- Fikirimcə, ən şanslı namizəd İran parlamentinin spikeri Əli Laricanidir. O, Əhmədinejaddan fərqli olaraq köklü ailədən çıxıb. Həm də Laricani ailəsi hazırda İran dövlətində önəmli postlarda çalışır. Bununla yanaşı, Əhmədinejad Xamneyiyə qarşı çıxdığı zaman ali dini lideri ən çox dəstəkləyən Əli Laricani oldu. Amma Əli Laricaninin son günlər iqtisadi cinayətkarlıqla mübarizə seminarında «Ettelaat» və «Sepah» generallarına qarşı səsləndirdiyi fikirlər də diqqəti cəlb edir. Əli Laricani bildirib ki, hökumət daxilində də generalların oğurluqda və korrupsiyada iştirak etdiyini bilirlər. O, həmçinin də 18 milyard dollarlıq qaçaqmalçılıqdan da danışıb. Bütün bunlar göstərir ki, nəinki islahatçılar, elə mühafizəkarlar arasında da parçalanma var. Çoxları İranın dağılacağını nəzərə alaraq dövlətdən böyük miqdarda pul mənimsəyiblər. İkinci şanslı namizədlərdən biri də Möhsün Rzayidir. Xamneyinin yürütdüyü siyasətə baxmayaraq, ölkədə dini kəsim arasında da narazılıq gündən-günə artmaqdadır. Buna misal olaraq son zamanlar ayətullah Xomeyninin nəvəsi Nəimə Əşraqinin Xamneyini sərt tənqid etməsini göstərmək olar. Ərdəbil şəhərinin imamcüməsi, höccətülislam Seyid Həsən Amili Xiyovda Azad Universitetində çıxışı zamanı İranda panfarsizm təhlükəsindən danışıb. O bildirib ki, Ərdəbildə panfarsistləri tapıb qarşılarını alacaq və xalqın səsini qazansa, ölkədə hər dil rəsmi olacaq. Seyid Həsən Amili həmçinin Azərbaycan türkcəsində dil ocaqlarının yaradılması barədə dövlət yetkililərinə də müraciət edib. O, orta yaş qrupunda olan ruhanilər arasında ən nüfuzlusu sayılır. Ümumiyyətlə, qarşıdan gələn seçkilərdə çox qarışıqlıq olacağı gözlənilir. Bundan əlavə, ali dini liderin yaşlı olması və anidən dünyasını dəyişməsi də İranı qarışdıra bilər. Bu səbəbdən ruhanilər arasında bu postu tutmaq üçün artıq yarışmalar başlayıb.

- Sizcə, Güney Azərbaycanın prezident seçkilərində mövqeyi necə olacaq?

- Bu seçkilərdə Azərbaycan türklərinin mövqeyilə bağlı müxtəlif fikirlər var. Güney Azərbaycanda yalnız milli hərəkat fəaliyyət göstərir. Zaman keçdikcə hərəkatın xalq arasında nüfuzu artmaqdadır. Hazırda elə bir vəziyyət yaranıb ki, başqa cərəyana yer yoxdur. Məsələn, «Nəhzate Azadi» kimi bir təşkilat var, amma üzvləri cəmi bir neçə nəfərdir və getdikcə fəaliyyəti sıfra enməkdədir. Hazırda Güney Azərbaycanda hərəkat milli hərəkatdır. 1979-cu illərdə İranda əsas düşüncə islamçılıq və şaha qarşı çıxmaq idisə, indi önəmli fikir millətçilikdir. İranda ən böyük millət Azərbaycan türkləridir. Onlar Tehranda belə sayca farslardan çoxdurlar. Hakimiyyətin əsas hərbi gücü olan «Sepah» əsgərlərinin çoxu Azərbaycan türkləridir. Milli məsələnin güclənməsindən, xüsusilə də may hadisələrindən sonra «Sepah» daxilində ikitirəlik yaranıb. Onların sırasında da millətin və milli hərəkatın haqlı olduğuna inananlar var. Bu isə hakimiyyəti düşündürməkdədir. Rejim may hadisələrində Liviya, Ermənistan və fars əsgərlərindən istifadə etmişdi. Şübhəsiz ki, gələcəkdə də edəcək. Hakimiyyəti düşündürən önəmli məsələlərdən biri milli hərəkatın siyasi olması və dünyada da tanınmasıdır. Ordu, «Sepah» və «Bəsic» kimi orqanlarda çoxluq Azərbaycan türkləridir. İran bu hərəkatın gələcəkdə daxildə və xaricdə güclənməsinin qarşısını almaq onun mahiyyətini dəyişdirmək və fərqli göstərmək, dünyaya onu sadəcə bir ictimai hərəkat olaraq tanıtmaq istəyir. Məqsədli şəkildə hərəkatın ideologiyasında ikitirəlik yaratmağa, liderlərini gözdən salmağa, siyasi güc olmaq istəyindən uzaqlaşdırıb, sadəcə dil azadlığını istəyən bir hərəkat kimi göstərməyə çalışır. İranda sonuncu prezident seçkisi zamanı hakimiyyətin süzgəcindən keçən 4 prezident namizədin dördünün də milli məsələyə toxunması göstərir ki, Güney Azərbaycan Milli Hərəkatı ört-basdır ediləcək səviyyədə deyil. Bu gün Güney Azərbaycan türkləri nə hakimiyyəti dəstəkləyir, nə də ötən prezident seçkilərindən sonra yaranan «yaşıl hərəkat»ın arxasında durur. Ötən il Təbriz və Urmiyada keçirilən etiraz aksiyalarında xalqın ayağa qalxması, «yaşıl hərəkat» zamanı isə susması onu göstərir ki, millət yalnız öz hərəkatına inanır və onun arxasınca gedir. Qarşıdan gələn seçkilərdə rejim hərəkatın gücünü azaltmaq üçün hər gün milli fəalları həbs edir. Tutulanlardan Mahmud Fəzlinin, Mehdi Həmidi Şəfiqin, Fərdin Muradpurun, Məhəmməd Əhədinin, Əziz Pirvəlinin, Həsən Ərkin, Əhməd Ryazi Mübarəkin, Mehdi Kuxiyanın, Əzimi Qədimin, Oqtay Vəlizadənin, Məhəmməd Xətibinin, Yürüş Mehrəlibəylinin və s. adlarını çəkmək olar. Onu da qeyd edim ki, rejim hərəkata qarşı terrordan da istifadə edir. Bu günlərdə milli fəal Nasir Xanzadənin meyidi Təbriz zibilxanasında tapılıb. Halbuki onu «Ettelaat» əməkdaşları evindən tutub aparmışdı. Rejim həbslərlə hərəkatın qarşısını almağa çalışsa da, buna nail ola bilməyib və bilməyəcək də.

Turqut
Bu xəbər oxucular tərəfindən 1131 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed