Şrift:
“Foreign Policy” nəşri Edillidə aşkarlanan kütləvi məzarlıq barədə yazıb
08.10.2022 [11:38] - Gündəm, Siyasət
ABŞ-ın “Foreign Policy” nəşrində İsrailin İqtisadi Sülh Mərkəzinin (Economic Peace Center - İsrail ilə Yaxın Şərq və İslam dünyası arasında sülhün təşviq olunması istiqamətində fəaliyyət göstərən qurum) informasiya-xəbər saytının redaktoru, siyasi analitik Reyçel Avrahamın Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində aparılan qazıntı işləri zamanı aşkarlanan kütləvi məzarlıqla bağlı məqaləsi dərc olunub.

Məqalədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə zidd olaraq Ermənistanın nəzarətində olan, lakin İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın işğaldan azad etdiyi Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlığın aşkarlandığı bildirilib. Qeyd olunub ki, həmin məzarlıqda əl-ayağı bağlanaraq kütləvi şəkildə basdırılmış 12 insan qalığı tapılıb. Bundan əvvəl isə Edillidə tapılan kütləvi məzarlıqlarda 25 insan qalığı aşkar edilmişdi.

Məqalədə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun özünün tviter hesabında mövzu ilə bağlı paylaşımına istinadla qeyd edilib: “1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələbləri kobud şəkildə pozulub! 1993-cü ildə Azərbaycan Ordusunun girov götürülmüş 25 hərbi qulluqçusu Xocavənd rayonunun Edilli kəndi ərazisində vəhşicəsinə qətlə yetirilərək kütləvi şəkildə basdırılıb”.

Müəllif qeyd edib ki, aşkarlanan qalıqların kəllə sümüklərində olan güllə deşikləri onların güllələnərək öldürüldüyünü sübuta yetirir. Müxtəlif media qurumlarının məlumatına görə, Ermənistan itkin düşmüş 4000-dək azərbaycanlının taleyi və kütləvi məzarlıqların yerlərini göstərməkdən imtina edir.

Məqalədə, həmçinin vurğulanır ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Edillidə tapılmış kütləvi məzarlıqla əlaqədar özünün tviter səhifəsində paylaşımında bildirib: “Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib”.

Bu məsələ ilə bağlı Türkiyə mətbuatına açıqlama verən Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmisi Namiq Əfəndiyev bildirib ki, 1994-cü ildə bitmiş Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş vətəndaşların tapılması məqsədilə fevral ayından etibarən bölgədə qazıntı işləri aparılır.

Yazıda Azərbaycan diaspor təşkilatlarının Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı beynəlxalq təşkilatlara ünvanladığı bəyanatına da istinad edilib: “Xüsusi vurğulayırıq ki, belə məzarlıqların üzə çıxması etnik nifrət hissinə köklənmiş Ermənistan silahlı qüvvələrinin davamlı olaraq beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn normalarının, o cümlədən müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cü il tarixli Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozaraq azərbaycanlı mülki şəxslərə, hərbi qulluqçulara, xüsusilə də yaralılara və həlak olmuş şəxslərə qarşı işgəncə və insanlıq əleyhinə əməllərlə müşahidə olunan müharibə cinayətlərini açıq şəkildə ifşa edir, onların qeyri-humanist davranışını, genosid siyasəti həyata keçirdiyini nümayiş etdirir. Birinci və İkinci Qarabağ müharibələri zamanı erməni hərbi qulluqçuları tərəfindən azərbaycanlı hərbi əsirlərin yaxın məsafədən başlarına, ürək nahiyələrinə atəş açmaqla qəddarcasına qətlə yetirilməsi, hərbçilərin cəsədlərinin qarət olunması, hissələrə doğranması, insanlığa sığmayan hərəkətlərə yol verilməklə işgəncə və təhqirə məruz qalması ilə bağlı çoxsaylı faktları təsdiq edən xeyli sayda videolar qeyd edilənlərin bariz nümunəsidir”.

Təəssüf hissi ilə bəyan edilir ki, Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməklə bərabər irqi, etnik, dini zəmində kəskin nifrət siyasəti həyata keçirən Ermənistan ölkəmizə qarşı müharibə cinayətlərini dayandırmaq və əvvəllər törədilmiş cinayətlərə görə təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində əməli tədbirlər görmək əvəzinə, xalqlar arasında qarşıdurmaya səbəb olan təxribatlara yol verməklə regionda təhlükəsizliyə və sülhyaratma prosesinə maneə yaradır.

Müəllif sözügedən bəyanata istinadla mühüm bir faktı da unutmamaq lazım gəldiyini bildirərək qeyd edib: “Ermənistan silahlı qüvvələri 30 il işğal altında saxladığı Azərbaycan ərazilərini minalarla çirkləndirib, İkinci Qarabağ müharibəsi dövründə cəbhə xəttindən onlarla kilometr uzaqda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir, Goranboy və Tərtər kimi şəhərlərinə raket zərbələri endirib, nəticədə 100-dən artıq dinc sakin həlak olub. Lakin Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə əldə edilmiş razılıqlara zidd olaraq, rəsmi İrəvan bu günədək mina xəritələrini və Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4000-dək azərbaycanlının taleyi barədə məlumatları Azərbaycana təqdim etməyib.

Dünya azərbaycanlıları qətiyyətlə bəyan edir ki, Ermənistanın növbəti belə cinayət əməlləri törətməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət bu müharibə cinayətlərinə adekvat reaksiya verməli, həmin cinayətləri törədənlər məsuliyyətə cəlb edilməlidir”.

Sonda müəllif İsrailin sabiq rabitə, kibertəhlükəsizlik və peyk naziri Ayub Karanın azərbaycanlıları kütləvi şəkildə qətlə yetirməsinə və bu günə qədər digər kütləvi məzarlıqların yerləri barədə məlumatı təqdim etmədiklərinə görə Ermənistanı qınadığını bildirib. “Ermənistanın regional təhlükəsizlik naminə Azərbaycanla sülh əldə etməsi üçün vaxt yetişib. Sülhün təmin olunması istiqamətində ilk addım humanitar jest edərək kütləvi məzarlıqların yeri və bütün mina xəritələri barədə məlumatları təqdim etməkdir. Bu, baş verdikdən sonra hər iki xalq daha parlaq gələcəyə ümidlə baxa bilər”, – deyə müəllif A.Kara vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 362 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed