Şrift:
Sənayedə qeyri-dövlət sektorunun payı 88,5 faiz olub
20.10.2022 [07:27] - Gündəm, İqtisadiyyat
Cari ilin yanvar-sentyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 0,6 faiz azalaraq 64,1 milyard manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 1,9 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 7,2 faiz artıb. Sənaye məhsulunun 75,8 faizi mədənçıxarma, 20,4 faizi emal, 3,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 88,5 faiz təşkil edib. Ümumi istehsalın 94,5 faizi sənaye məhsullarının istehsalı, 5,5 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb. 2022-ci ilin yanvar-sentyabr aylarında 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə uzunmüddətli istifadədə olan istehlak mallarının istehsalı 43,2 faiz, istehsal vasitələrinin istehsalı 15,6 faiz, qısamüddətli istifadədə olan malların istehsalı 8,3 faiz artıb, enerji məhsullarının istehsalı isə 1,2 faiz, aralıq istehlak məhsullarının istehsalı isə 3,1 faiz azalıb.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında oktyabrın 1-nə 1 milyard 4,6 milyon manatlıq hazır məhsul olub. Ehtiyatların 47,4 faizi Bakı, 21,2 faizi Sumqayıt, 7 faizi Gəncə şəhərlərinin, 3,6 faizi Şirvan, 0,2 faizi Naxçıvan Muxtar Respublikasının, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 75,4 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Bu xəbər oxucular tərəfindən 513 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed