Şrift:
"Baku Steel Company” Avropa bazarlarında fəaliyyətini genişləndirir
21.10.2022 [07:09] - Gündəm, İqtisadiyyat
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Polşa İnvestisiya və Ticarət Agentliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində Azərbaycan-Polşa biznes-forumu keçirilib.

20 oktyabr tarixində baş tutan biznes-forumun açılış mərasimində AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Polşa İnvestisiya və Ticarət Agentliyinin İdarə Heyətinin üzvü Zdzislav Sokal, Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski, Azərbaycan Respublikasının Mərkəzi Avropa ölkələrindəki ticarət nümayəndəsi Nemət Nağdəliyev və Polşa İnqtisadi İnkişaf və Texnologiyalar Nazirliyinin şöbə rəisi Matsey Falkovski çıxış ediblər. Natiqlər Azərbaycan və Polşa arasında iqtisadi-ticari sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd edib, hər iki ölkənin bu əlaqələrin inkişafında maraqlı olduğunu bildiriblər.

Daha sonra, Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov, Polşanın Qdansk Limanı administrasiyasının müştərilərlə iş üzrə meneceri Mixal Stupak və “Bank Gospodarstwa Krajowego” bankının eksperti Feliks Kobirski təmsil etdikləri qurumların fəaliyyəti barədə təqdimatla çıxış ediblər.

Biznrs-forum çərçivəsində yalnız Azərbaycanın deyil, bütün Qafqaz regionunun ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC ilə Polşanın metallurgiya sahəsinin 4 aparıcı şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb. Bunlar “Zystal”LLC, “Warstal A.M. Sp.z.o.o” LLC, “Touye Group Sp.z.o.o” LLC və “Kostal M.M Koneccy Sp.J” GP şirkətləridir. Bu memorandum gələcəkdə “Baku Steel Company”nin istehsal etdiyi məhsulların nəinki Polşada, həmçinin digər Avropa ölkələrinin bazarlarında da satışının həyata keçirilməsinə imkan yaradacaq.

Daha sonra biznes- forum ikitərəfli işgüzar danışıqlar formatında davam etdirilib.

Xatırladaq ki, “Baku Steel Company” hazırda yüksək keyfiyyətdə armatur, katanka (məftil), kvadrat və dairəvi pəstahlar, tikişsiz borular, habelə çeşidli fasonlu tökmələr istehsal edir. Burada, həmçinin şveller, künclüklər, ikitavrlar, kvadrat və dairəvi çubuqların da istehsalı həyata keçirilir. Yarandığı 20 ildən artıq dövrdə nəinki Azərbaycanın, bütün regionun tanınmış brendinə çevrilə bilən “Baku Steel Company”nin məhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı Avropa, Amerika və Asiyanın ümumilikdə 20-dən çox ölkəsinə ixrac olunur.
Bu xəbər oxucular tərəfindən 494 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed