Şrift:
Orduya qara yaxmaq səylərinin arxasında nə dayanır?
17.01.2013 [12:08] - Xəbərlər, Siyasət, Özəl xəbər
Fərəc Quliyev: " Ordu ölkənin güc strukturudur "

"Bəzi şəxslər qanunun pozulması və bu kimi hallara gətirib çıxaran hərəkətləri ilə bütövlükdə Azərbaycan ordusunun gözdən salınmasına xidmət edir”

Ordu hər bir millətin qürur mənbəyidir. Xüsusən də müharibə şəraitində yaşayan Azərbaycan üçün ordunun prestiji böyük əhəmiyyət daşıyır. Orduda baş verən neqativ hallar onun nüfuzuna mənfi təsir göstərir. Belə hallarla ciddi mübarizə aparılmalı və bu işdə cəmiyyət öz dəstəyini əsirgəməməlidir. Ermənistanla aramızda müvəqqəti atəşkəs rejimi olsa da, psixoloji olaraq həmin dövlətlə müharibə vəziyyətindəyik.

Ara-sıra atəşkəs də pozulur və hər iki tərəfdən itkilər olur. Biz düşmən ordusunda baş verən neqativ halları xüsusi həvəslə yayırıq. Müharibə şəraiti belə psixoloji informasiya savaşlarını zəruri edir. Gəlin görək, bu mübarizəni biz lazım olan səviyyədə apara bilirikmi?

Bu istiqamətdə bütün məsuliyyət dövlətin üzərinə düşmür. Cəmiyyətin, KİV-in, QHT-lərin rolu mühüm sayılır. Qloballaşan dünyada informasiyanın yayılması sərhəd tanımır. Müharibə şəraitində olan ölkənin ordusunda baş verən hansısa neqativlik istiqamətində fəaliyyətin aparılmasını başda düşmən tərəf istifadə edir.

Ermənilər Azərbaycana qarşı informasiya müharibəsində Azərbaycan KİV-lərində dərc olunan məlumatlardan da məharətlə istifadə edir. Son günlər ordumuzla bağlı bəzi xoşagəlməz məlumatların yayılması ordumuzun nüfuzdan salınmasına yönəlib.

Ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib ki,

Ordu quruculuğu işində təkcə maddi-texniki təchizat rol oynamır, eyni zamanda, peşəkarlıq və nizam-intizam da öz rolunu oynayır. İ.Əliyevin bildirdiyinə görə, həm peşəkarlıq, həm nizam-intizam artmalıdır: "Ordu cəmiyyətin bir parçasıdır. Orduda xidmət edən vətəndaşlar cəmiyyətin üzvləridir. Hər bir sahədə olduğu kimi, orduda da qüsurlar, nöqsanlar ola bilər. Ən önəmli məsələ ondan ibarətdir ki, bu nöqsanlar və qüsurlar vaxtında aşkarlanır və dövlət tərəfindən ciddi ölçülər götürülür".

Ölkə başçısı qeyd edib ki, Azərbaycan gələcəkdə də ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsi, peşəkarlığın, nizam-intizamın artırılması istiqamətində siyasətini davam etdirəcək: "Bu gün bizim ordumuz Cənubi Qafqazda aparıcı hərbi qüvvədir. Bizim ordumuz böyük nailiyyətlərə çatıb. Biz heç vaxt imkan verə bilmərik ki, antimilli ünsürlər ordumuzu qaralasınlar, ləkələsinlər, ordumuza kölgə salsınlar. Biz buna heç vaxt imkan vermərik. Mən də Ali Baş Komandan kimi buna heç vaxt imkan verməyəcəyəm. Azərbaycan xalqı da buna imkan verməyəcək və ordumuza kölgə salmaq istəyən ünsürlərə öz layiqli cavabını verəcək və verir".

Ordu quruculuğundan danışan dövlət başçısı deyib ki, keçən il bu istiqamətdə də böyük işlər görülüb: "Ordumuzun gücləndirilməsi üçün böyük tədbirlər görülüb, böyük sayda texnika, silah-sursat alınmışdır, infrastruktur yaradılıb. Keçən il ümumi hərbi xərclərimiz üç milyard dollardan çox idi. Bu il büdcəmizdə hərbi sahəyə ayrılan ümumi xərclər 3,7 milyard dollar səviyyəsindədir. Müqayisə üçün deyim ki, Ermənistanın ümumi büdcəsi iki milyard dollardan azdır. Əlbəttə, bu bizə yeni imkanlar yaradır. Biz bu imkanlardan da istifadə edəcəyik".

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Fərəc Quliyev bildirdi ki, orduda xeyli nöqsanlar var idi və bunlar da aradan qaldırılıb: "Ölkədə əsas xətt götürülüb ki, ordu daha peşəkar olsun, əsgərlərə xidmət normal səviyyədə təşkil edilsin, zabitlərin bütün problemləri aradan qaldırılsın. Getdikcə peşəkar və hər bir avadanlıqla təchiz olunan, ölkənin güvənliyini qoruyan ordumuz var".

F.Quliyev qeyd etdi ki, ordu ölkənin güc strukturudur: "Bəzi şəxslər qanunun pozulması və bu kimi hallara gətirib çıxaran hərəkətləri ilə bütövlükdə Azərbaycan ordusunun gözdən salınmasına xidmət edir. Ordunu gözdən salmaq və ya ona qara yaxmaq düzgün hərəkət deyil".

F.Quliyev hesab edir ki, həm ictimai nəzarət, həm də dövlət nəzarəti orduda hər bir əsgərin tükünə belə zərər gəlməməsinə yönəlməlidir: "Bu da əndazəsini aşmamalıdır. Nəzərə almaq lazımdır ki, mətbuatda yayılan hər bir informasiya düşmən ölkə tərəfindən izlənilir. Səfərbərlikdən geri çağırılmalar və ya fərariliyə sövq edən çağırışların olması düşmənlərimizin əlinə şans verir. Bu səbəbdən də biz çərçivəsində ordumuza və dövlətimizə sahib çıxmalıyıq".

Günel CƏLİLOVA
Bu xəbər oxucular tərəfindən 1097 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed