Şrift:
Köhnə binaların sökülməsi əmlak bazarına müsbət təsir göstərəcək
03.11.2022 [10:43] - Gündəm, Sosial
Bakıda yüzə yaxın qəzalı vəziyyətdə olan bina yaxın vaxtlarda mərhələli şəkildə söküləcək.

Bu barədə əmlak eksperti Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, binaların sökülməsi əmlak bazarına müsbət təsir göstərəcək: "Bundan başqa, qəzalı binaların sökülərək yerində yeni binaların tikilməsi şəhərin görünüşünə də müsbət təsir edəcək. Hər yeni bina tikiləndə ölkəmizdə fəaliyyət göstərən tikinti materialları istehsal edən zavodların, fabriklərin gəlirləri artır, yeni iş yerlərinin açılmasına səbəb olur. Həmin binalar tikilib qutardıqdan sonra da onların təmirində istifadə olunan materiallar, mebellər, aksesuarlar yenə yerli bazarlardan alınır. Bu da iqtisadi baxımdan müsbət amildir".

E.Fərzəliyev qeyd edib ki, qəzalı və köhnə binalar söküldükcə həmin binalara maraq artır.

"Bunun əsas səbəblərindən biri də odur ki, həmin binalar sökülür, yerinə yeni tikili binalardan mənzil təklif edilir və vətəndaşın mənzilinin qiyməti daha çox olur. Köhnə bina sökülərkən burada mənzillərin orta qiyməti təxminən 70-80 min manat olur. Lakin həmin bina sökülüb yerində yenisi tikilirsə, mənzil sahibinə tikinti şirkəti tərəfindən üç il kirayəhaqqı ödənilir. Daha sonra mənzilinin əvvəlki sahəsindən daha geniş mənzil təklif edilir ki, bunun da qiyməti təxminən 130 min manata qədər bahalaşır. Ona görə də söküntü gedən binalarda qiymətlər ucuzlaşmaq əvəzinə bahalaşır", - deyə ekspert bildirib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, paytaxtda hər ikinci sakin SSRİ vaxtı tikilmiş, tipik çoxmənzilli binalarda yaşayır. Ona görə də Bakıda köhnə binalar sökülüb əvəzində yeniləri inşa ediləcək. Söküntü sovet dövründə tikilmiş bütün yaşayış binalarına şamil olunacaq. Söküləcək binalar beşmərtəbəli və doqquzmərtəbəlidir.

Şəhər meri qeyd edib ki, həmin binalarda yaşayan sakinlər isə mərhələli şəkildə köçürüləcəklər.
Bu xəbər oxucular tərəfindən 2090 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed