Şrift:
Fərəc Quliyev:Siyasi partiyalar üçün güzəştlərin olması təqdirəlayiqdir
22.11.2022 [11:16] - Xəbərlər, Gündəm, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsində təklif olunan bəzi məsələlər dəyişdirilib.

Belə ki, qanun layihəsinin yenilənmiş versiyasında əvvəlki layihədə nəzərdə tutulan bəzi tələblər ləğv olunub, bəziləri isə yüngülləşdirilib. Yeni qanun layihəsində ən çox müzakirə olunan dörd tələblə bağlı dəyişiklik var.

Dəyişikliklərə görə, partiya yaratmaq üçün artıq 200 deyil, 50 təsisçi tələb olunur. Bundan başqa, sədr və təsisçilərlə bağlı ölkədə yaşama senzi ilə bağlı tələb layihədən çıxarılıb. Partiyanının qeydiyyatı üçün 10 min üzv tələbi isə 5 minlə əvəz edilib.

Əsas dəyişikliklərdən biri isə partiyanın qeydiyyatının ləğvinin istisna hal kimi nəzərdə tutulmasıdır. Bu, seçkilərdə iştirakla bağlı deyil, terror, irqi -dini ədavət, konstitusion quruluşu zorla dəyişdirməyə çağırış halları və qeydiyyatla bağlı tələblərin yerinə yetirilməsində yol verilmiş yanlışlara bağlıdır.

Qeyd edək ki, əvvəlki təklifdə partiyanın ardıcıl iki seçkidə iştirak etməməsinə görə ləğv edilməsi təklif olunurdu.

Dəyişikliklərlə bağlı Cebhe.info-ya danışan Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, sabiq deputat Fərəc Quliyev deyib ki, siyasi partiyalar üçün bu güzəştlərin olması təqdirəlayiqdir:

“Çünki bəzi partiyalar Azərbaycan mühitində ayaq açmağa başlayır, amma potensialları hələ böyük deyil. Ona görə də onlara müəyyən şərait yaratmaq lazımdır. Amma ümumiyyətlə, üzvlərinin, təsisçilərinin sayının çox olması gərək heç bir partiyaya problem olmasın. Ölkədə 60-a yaxın partiya var və bu, ölkə üçün çox böyük rəqəmdir. Bu, təmərküzləşməyə, partiyaların birləşməsinə, ortaq nizamnamələrə, hədəflərə köklənmiş partiyaların bir yerdə fəaliyyətinə şərt idi. Görünür, indi bəzi partiyalar buna etiraz etdilər. Əslində o partiyaların fikirləri nəzərə alınıb”.

F.Quliyev əlavə edib ki, seçkilərdə iştirak etməyən partiyaların ləğv olunmaması ilə bağlı mövqeyi fərqlidir:

“Bir partiya yaranırsa, deməli, hakimiyyətə gəlmək üçün formalaşmış təşkilatdır. Hakimiyyətə gəlməyin isə bir qanuni yolu var, o da seçkilərdir. Partiya varsa, mütləq seçkidə iştirak etməlidir. Amma ümumi götürəndə, xeyli gənc partiya var, onların inkişafı üçün daha bundan artıq da güzəşt olmaz”.

Vilayət Muxtar/Cebhe.info
Bu xəbər oxucular tərəfindən 657 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed