Şrift:
Mərakeş millisi Belçika yığmasını iki cavabsız qolla məğlub edib
28.11.2022 [11:07] - İdman
Qətərdə futbol üzrə dünya çempionatı davam edir.

Turnirin F qrupunun ikinci turunda Belçika və Mərakeş komandaları qarşılaşıblar. "Al Tumama" stadionunda oynanılan matçda Mərakeş millisi qələbə qazanıb – 2:0. Qarşılaşmada mərakeşli yarımmüdafiəçi Abdelhamed Sabiri və hücumçu Zakaria Abuxlilay fərqləniblər. Bu oyundan sonra xallarının sayını 4-ə çatdıran Mərakeş millisi qrupda birinci pilləyə yüksəlib. Belçika millisi 3 xalla ikinci, Xorvatiya 1 xalla üçüncü, hesabında xal olmayan Kanada isə dördüncüdür.

Oyun günündə F qrupunda Xorvatiya – Kanada (Bakı vaxtı ilə saat 20:00), E qrupunda İspaniya - Almaniya (saat 23:00) oyunları keçiriləcək.

Dünya çempionatı ilk dəfədir Yaxın Şərqdə keçirilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda isə 48 yığma mübarizə aparacaq.

Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. Dünya çempionatında ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla səkkiz qrupda mübarizə aparır.

Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan yeddisi iştirak edir. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.
Bu xəbər oxucular tərəfindən 724 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed