Şrift:
Rusiyanın Ermənistana silah hədiyyəsi - SİYAHI
19.01.2013 [13:07] - Xəbərlər, Hadisə
“Moskva demək istəyir ki, Azərbaycan müharibəyə başlayacağı təqdirdə qarşısında Rusiya hərbi maşınını görəcək”
“Kreml Ermənistanı hərbi cəhətdən gücləndirməklə Azərbaycanı asılı vəziyyətə salmaq istəyir”


Rusiya Ermənistanı silahlandırmaqda davam edir. APA-nın əldə etdiyi məlumata görə, Rusiyadan son bir neçə ayda Ermənistana külli miqdarda silah və sursat ötürülüb. Siyahıya zirehli texnika, raket sistemləri, artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri və aviasiya texnikası daxildir.

Zirehli texnika
- BMP-3 piyadaların döyüş maşınları;
- BMP-2 piyadaların döyüş maşınları;
- BTR-80 bazasında R-149 komanda-qərargah maşınları;
- BTR-70/80 zirehli transportyorlar.

Artilleriya qurğuları
- 152 mm 2A65 “Msta-B” haubitsaları;
- 152 mm 2A36 “Qiatsint-B” topları;
- 2S3 M “Akasiya” özüyeriyən artilleriya qurğuları;
- 300 mm, 240 mm və 122 mm reaktiv mərmiləri;
- 152 mm artilleriya qurğuları üçün mərmiləri;
- Tanklar üçün 125 mm mərmiləri;
- D-30 artilleriya qurğuları üçün 122 mm mərmiləri;
- MT-12 topu üçün 100 mm mərmiləri
- Artilleriya üçün ehtiyat hissələri və ləvazimatları;
- 2S 3M “Akasiya” üçün ehtiyat hissələri və ləvazimatları;
HHM və aviasiya vasitələri
- S-300 zenit-raket kompleksi üçün 5B55K,
- 5B55R və 5B55U idarəolunan zenit raketləri.
- ZRK “KUB” bir divizion tərkibində
- 80 mm C-8 idarə olunmayan aviasiya raketləri;
- İdarəolunmayan X-25 ML aviasiya raketləri;
- 57mm C-5 idarəolunmayan aviasiya raketləri UB-20-57 bloku ilə;
- R-60M tipli idarəolunan raketləri;
Çoxlu sayda döyüş texnikası və aqreqatlar üçün ehtiyat hissələri;
Çoxlu sayda atıcı silahlar, sursatlar və mühəndis əmlakları.

Qeyd edək ki, açıqlanan siyahı son 20 ildə Rusiyanın Ermənistana hədiyyə etdiyi 3-cü kütləvi silah partiyasıdır. Hər halda, ictimaiyyətə məlum olan 3-cü belə hadisədir. İlk dəfə 1996-cı ildə Rusiya hökumətinin Ermənistana uzaqvuran raketlər də daxil olmaqla, 1 milyard dollar dəyərində silah və sursat hədiyyə etdiyi ortaya çıxıb. Daha sonra 2008-ci ildə Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi hissəsindən Ermənistan Silahlı Qüvvələrinə silah-sursatın ötürülməsini sübut edən sənədlər yayılıb. Həmin vaxt Azərbaycan XİN Rusiyanın Ermənistana 800 milyon dollar dəyərində hərbi texnika və sursat verməsi barədə məlumatlarla bağlı bəyanat yayıb. Sonuncu təsdiqlənmiş silah partiyasının dəqiq məbləği göstərilməsə də, siyahıdakı silahların qiymətləri bir neçə yüz milyon dollardan söhbət getdiyini deməyə əsas verir.
Seçki ilində Rusiyanın Ermənistana növbəti böyük həcmli silah yardımı hansı anlama gəlir? Qeyd edək ki, bu il hər iki respublikada prezident seçkiləri keçiriləcək. Adətən ötən illərin təcrübəsinə əsasən seçki ilində danışıqlar xeyli dərəcədə passivləşir. Eyni zamanda nəzərə alınmalı bir məqam var ki, seçkilər dövrü həm də təxribatlar, toqquşmalar üçün münbit dövr hesab olunur. Bu mənada silah partiyası hərbi təxribat ehtimalını gücləndirirmi?
Politoloq Vəfa Quluzadə Rusiyanın zaman-zaman Ermənistanı silahlandırdığını xatırladır. Rusiyanın Ermənistana silah verməklə Azərbaycanı asılı vəziyyətdə saxlamağa çalışdığını deyən sabiq dövlət müşavirinin fikrincə, hərbi qarşıdurma ehtimalı az olsa da, təxribatlar istisna deyil: “Ermənistan Rusiyanın Qafqazdakı əsas dayağıdır və hər zaman silahlandırıb. 1996-cı ildə Moskvanın İrəvana 1 milyard dəyərində silah verdiyini aşkara çıxardıq. Ancaq bundan bir il sonra Rusiya ilə Ermənistan arasında müttəfiqlik sazişi imzalandı. Rusiya Ermənistanı hərbi cəhətdən gücləndirməklə Azərbaycanı asılı vəziyyətə salmaq istəyir. Bu il müharibənin və ya hərbi qarşıdurmanın baş verəcəyini gözləmirəm, amma təxribatların olmasını da istisna etmək olmaz”.
Analitik Elxan Şahinoğlu deyir ki, əgər Rusiya 1990-2000-ci illər arasında Ermənistanı gizli yollarla silahlandırırdısa, indi bunu açıq şəkildə həyata keçirir. Artıq Kremlin Bakının rəyi ilə hesablaşmadığına işarə edən ekspertə görə, Azərbaycanın neft pulları hesabına aldığı silahların qarşılığında Rusiya Qafqazdakı müttəfiqinə silah hədiyyə etməklə “balans” yaratmağa çalışır: “Azərbaycan prezidenti İlham Əliyevin hökumətin iclasındakı son çıxışında Qarabağ danışıqlarının hazırda dondurulmuş vəziyyətdə olduğunu söyləməsi real vəziyyəti əks etdirir. Danışıqlar həm dondurulub, həm də vasitəçilərin təklif limiti tükənib. Prezidentin çıxışının leytmotivi bundan ibarət idi ki, Azərbaycan sürətlə silahlanır, maliyyə imkanları artır, müasir hərbi texnika alır, Ermənistan isə geriyə gedir. Başqa sözlə, gözləmək lazımdır ki, bu nisbət bir az daha artsın və gələcəkdə Ermənistan özü ay bayraq qaldırsın. Əlbəttə, iki ölkənin imkan və resursları arasında fərq getdikcə artır. Ancaq bu fərq hələ ki Qarabağ probleminin həllində bizim xeyrimizə işləmir. Bunun ən böyük səbəbi Rusiyanın siyasətidir. Əgər Azərbaycan silah alınmasına milyardlarla dollar xərcləyirsə, bənzəri silahları Ermənistana Rusiya peşkəş edir. Bununla Kreml fərqin artmasını əngəlləyir. Çünki Kreml hərbi nöqteyi-nəzərdən Ermənistanın Azərbaycan qarşısında zəifləməsini istəmir”.
E.Şahinoğlu deyir ki, Azərbaycan rəsmilərinin çıxışlarında müharibə ritorikası azalıb. Bunun başlıca səbəbkarının Rusiya olduğunu xatırladan ekspertə görə, rəsmi Bakı bölgədəki gərgin vəziyyəti və Azərbaycanı zəiflətmək istəyən dövlətlərin, o cümlədən Rusiyanın planlarını nəzərə almağa başlayıb: “Kreml bir tərəfdən Ermənistanı silahlandırır, digər tərəfdən bu ölkənin və üstəgəl Gorusda quraşdırdığı hava hücumundan müdafiə sistemi vasitəsilə Dağlıq Qarabağın hava sahəsinin müdafiəsini öz üzərinə götürüb. Yəni Moskva bu siyasəti ilə Bakıya mesaj verir ki, Azərbaycan müharibəyə başlayacağı təqdirdə qarşısında Rusiya hərbi maşınını görəcək. Ermənilərin Xocalı hava limanını işə salmalarının arxasında da Rusiyanın dayandığı fikrindəyəm. Aydındır ki, belə bir şəraitdə müharibə Azərbaycan üçün riskli ssenaridir. Ancaq Xocalı hava limanı işə düşsə, işğal altındakı torpaqlarımıza təyyarələr enməyə başlasa, Bakı nəsə adekvat addım atmaq məcburiyyətində qalacaq. Bəlkə də elə Rusiyaya bu lazımdır”.

KƏNAN
Bu xəbər oxucular tərəfindən 963 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed