Şrift:
Azərbaycandan neft tədarükünə tələbat artacaq - Allan Mastard
07.12.2022 [10:19] - Gündəm, İqtisadiyyat
Avropa İttifaqının (Aİ) Rusiya neftinin qiymətlərinə tətbiq etdiyi 60 dollar/barel həddi dekabrın 5-dən qüvvəyə minib. İlkin məhdudiyyətlər yalnız Rusiyadan neftin dəniz yolu ilə tədarükünə aiddir, fevralın 5-dən isə neft məhsullarına məhdudiyyət qoyulacaq. Lakin embarqo boru kəmərləri vasitəsilə Aİ-yə daxil olan Rusiya neftinin idxalına şamil edilmir. "Drujba" kəməri ilə ixrac hələ də davam edir.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bildiridiyi kimi, qadağa bloka gələn Rusiya neftinin üçdə ikisindən çoxuna şamil edilir.

Beynəlxalq Enerji Agentliyi (BEA) qeyd edib ki, qadağa qüvvəyə minməzdən əvvəl Aİ dəniz və boru kəməri həcmləri üçün gündə əlavə 1,3 milyon barel tapmalıdır. Eyni zamanda, BEA gələn il Rusiya neft hasilatının sutkada 1,4 milyon barel azalacağını da proqnozlaşdırır.

Beləliklə, bu qiymət həddi qlobal enerji bazarı üçün çoxsaylı qeyri-müəyyənliklər və logistik problemlər yaradıb.

“Transcasian Resources” enerji startapının həmtəsisçisi və həmsədri, ABŞ-ın Türkmənistandakı keçmiş səfiri Allan Mastard çərşənbə günü Trend-ə bildirib ki, məhdudiyyətlərin qiymətlərə hər hansı təsir edib-etməyəcəyi bilinmir.

"Ümumiyyətlə, embarqo normal ticarət axınını pozur, ona görə də təbii olaraq qiymətlər yüksəlməyə meyllidir. Nəzərə alın ki, emal olunmuş məhsullara embarqo yalnız fevralın 5-də qüvvəyə minir. Dekabrın 5-də qüvvəyə minən neft embarqosuna gəlincə, bunun bazarda təklifin azalmasına gətirib çıxarıb-çıxarmayacağı hələ bilinmir. Təklif bazardan itərsə, emal olunmuş məhsullara təsir neft itkisini kompensasiya etmək üçün bazara alternativ tədarüklərin (məsələn, OPEK və ya digər ölkələrdən) daxil olub-olmamasından asılı olacaq", - deyə keçmiş səfir bildirib.

A.Mastard qeyd edib ki, emaldan istifadənin azalması ilə nəticələnəсək tədarükdə faktiki azalma olana qədər bunun emala heç bir təsiri olmayacaq.

"Bu baş verərsə, qiymətlərin artacağını gözləyərdim. Söhbət bazardan çıxarılma və embarqoya xas olan fərqi digər ölkələrin və ya şirkətlərin aradan qaldıra bilməsindən gedir", - deyə A.Mastard bildirib.

Azərbaycan neftinin ixracına təsirinə gəlincə, A.Mastard qeyd edib ki, Azərbaycan neftinə tələbat artacaq.

"Hadisələrin bu ardıcıllığı Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə və Cənub Qaz Dəhlizinə uzaqgörən sərmayələrə haqq qazandırır və mənim fikrimcə, Xəzər hövzəsindən Qərbə karbohidrogenlərin ixracını artıracaq analoji infrastruktura əlavə investisiyalara haqq qazandırır", - deyə keçmiş səfir bildirib.

A.Mastard qeyd edib ki, Azərbaycanın qarşıdakı illər üçün strategiyasında da nəzərdə tutulan bərpa olunan enerjinin tətbiqi sürətlə getsə də, ən azı daha otuz il ərzində karbohidrogenləri tam əvəz edə bilməyəcək və bu səbəbdən Avropa nə qışda donmağı, nə də istehsalını dayandırmaq istəmir.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 17 milyard 180 milyon dollar dəyərində təxminən 22 milyon 682 min 798 ton xam neft və neft məhsulları ixrac edilib (2021-ci ilin eyni dövründə 23 milyon 800 min 444 ton - 11 milyard 220 milyon ABŞ dolları).

Azərbaycanın xam neft və neft məhsullarının ixracından əldə etdiyi gəlir illik müqayisədə 53,1 faiz artıb.

Hesabat dövründə Azərbaycanın ümumi ixracında xam neft və neft məhsullarının payı bir il əvvəlki 66,59 faizlə müqayisədə 49,49 faiz təşkil edib.
Bu xəbər oxucular tərəfindən 770 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed