Şrift:
Malıbəyli məscidinin qalıqları aşkar edilib
12.12.2022 [10:51] - Gündəm, İslam dini
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın yerinə yetirlməsində AMEA Tarix İnstitutunun vəzifələrinin icrası üçün yaradılan işçi qrupunun fəaliyyəti nəticəsində Rusiya sülhməramlılarının nəzarəti altında olan Malıbəyli kəndindəki məscidin xarabalığı aşkar edilib.

Bu barədə Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov məlumat verib. Qeyd edilib ki, Malıbəyli məscidi Şuşa rayonunun ərazisində yerləşir. Malıbəyli kəndi Qarqarçayın sahilində, Şuşa şəhərindən 15 kilometr cənubda, dağətəyi ərazidə yerləşir. Xankəndi şəhərindən avtomobil yolu ilə 2,5 kilometr, Şuşadan 18, Ağdamdan isə 51 kilometr məsafədədir.

“1912-ci ildə nəşr olunmuş Qafqaz təqvimi jurnalında yazılıb ki, Yelizavetpol quberniyasının Şuşa qəzasına aid olan Malıbəyli kəndinin əhalisi 1060 nəfər təşkil edir, onların hamısı tatar kimi qeyd olunan azərbaycanlılardan ibarətdir. 1921-ci ildə aparılmış siyahıyaalmanın nəticələrinə əsasən, kənddə 942 nəfər yaşayırdı və onların hamısı azərbaycanlı idi. 1986-cı ildə aparılmış siyahıyaalmanın nəticələrinə görə kənddə 1224 nəfər yaşayırdı və onların hamısı azərbaycanlılardan ibarət idi.

Azərbaycan Respublikasının Şuşa rayonunun Malıbəyli kəndi 1992-ci il fevralın 11-dən 2020-ci il noyabrın 10-dək Ermənistanın işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq Malıbəyli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altındadır.

Şuşanın Malıbəyli kəndinin mərkəzində yerləşən Malıbəyli məscidi təkminarəli olub. İlk baxışdan Ağdam Cümə məscidinə və Şuşa şəhərindəki Yuxarı Gövhərağa məscidinə bənzəsə də, memarlıq quruluşu və ölçüləri baxımından onlardan fərqlidir. Məscidin divarları yerli çay daşları ilə tağları və tavanı qırmızı kərpicdən və əhəng məhlulu ilə Şərq üslubunda tikilib. Məscidin XVII əsrdə tikilməsi ehtimal olunur. Çünki bu məscidin memarlıq quruluşu XVIII əsr Qarabağ məscidlərinin memarlıq quruluşu və xüsusiyyətlərindən kəskin şəkildə fərqlənir.

Məscidin tavanının mərkəzində bir böyük silindrik günbəz, onun ətrafında isə 8 kiçik günbəz olub. Mərkəzi günbəzin üstü məscidə işıq düşməsi üçün baca rolunu oynayıb. Tavanın tağları mərkəzdə 4 daş sütunun, arxa, qarşı və yan tərəflərdə isə divarların üzərində oturub. Tağların kənarlarında və mərkəzi günbəzin tağlarla birləşən yerlərdə qoyulan kərpic çıxıntıları uzanaraq bir-birinə birləşərək məscidin tavanına xüsusi bir gözəllik verən ornamental görüntü, klassik mənzərə yaradır.

Düzbucaqlı formada, üçnefli tağlarla inşa edilmiş məscid üç hissədən ibarətdir. Məharətlə tətbiq olunan əhəng qarışıqlı suvaq ətraf divarları heyrət doğuracaq qədər hamar edir. Yonulmamış xırda daşlarla üzlənmiş daxili divarlar da suvaqla örtülü olub.

Ümumiyyətlə, bina zahiri görkəminə və konstruksiyasına görə, Qarabağ məscid memarlığının unikal nümunəsidir. Məscidin sağ tərəfində 5, sol tərəfində isə 3 pəncərəsi var. Məscidin əsas girişi binanın ön üç tağlı qalereyasının mərkəzi hissəsində yerləşir. Giriş qapısının və digər daxili qapıların üstündəki çərçivələrdə qırmızı boya ilə ərəb qrafikasında işlənmiş divar yazılarının izləri indiyədək qalmaqdadır. Bu yazıların bir qismi quran ayələri olsa da, çox güman ki, oxunsaydı, bu məscidin memarı haqqında da məlumata rast gələrdik.

Mərkəzi girişin sağ və sol tərəflərindəki kiçik iki otaqlara qapılar açılır. Otaqları qızdırmaq üçün ənənəvi qaydada divarlara buxarı yerləşdirilib. Binanın bütün yükünü daşıyan tavan salonun mərkəzindəki sütunları üzərində cəmləşib. Xüsusi fiqurlarla bəzədilən üçlü tağlar və tavanın kərpiclə hörülən digər hissələri mərkəzdə hörülmüş günbəzlə tamamlanıb. Bu gümbəz Ağdam şəhərində inşa edilən Pənahəli xanın sarayındakı gümbəzlə eynilik təşkil edir. Sütunlar yonulmuş daşdan hazırlanıb, səkkizguşəli formaya malikdirlər”, - deyə Faiq İsmayılov bildirib.

Tarix İnstitutunun əməkdaşı qeyd edib ki, Malıbəyli kəndi 1992-ci il fevralın 11-də Ermənistan tərəfindən işğal olunduqdan sonra yandırıldı və əhalisi etnik təmizləməyə məruz qaldı. Məscidin minarəsi Ermənistan silahli qüvvələri tərəfindən uçurduldu, tavanı bir neçə yerdən partladılaraq və yandırılaraq yararsız hala salındı. Azərbaycanın dini abidəsinə qarşı törədilmiş bu vəhşilik erməni vandalizminin əyani sübutudur.
Bu xəbər oxucular tərəfindən 7067 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed