Şrift:
Laçın-Şuşa yolunda Azərbaycan ekoloq və fəallarının etiraz aksiyası davam edir
13.12.2022 [10:13] - Xəbərlər, Gündəm, Siyasət
Şaxtalı havaya baxmayaraq qeyri-hökumət təşkilatlarını təmsil edən bir qrup Azərbaycan ekoloqunun Laçın-Şuşa yolunda etiraz aksiyası davam edir. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına etirazlarını bildirirlər.

Ekoloji fəallar təbii sərvətlərin talan edilməsinə son qoyulması tələblərini bildirən şüarlar söyləyirlər. Etirazçılar Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmayınca aksiyanı davam etdirmək fikrində olduqlarını bildirirlər. Etirazçılar üçün qurulmuş çadırlara isti yemək çatdırılır.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya tərəfinə etiraz notası göndərib. Notada Azərbaycan nümayəndələrinin göstərilən yataqlara maneəsiz baş çəkmələrini təmin etməyə çağırış əks olunub. Belə səfərə maneə törətməyin və ya hər hansı şərtlər irəli sürməyin yolverilməz olması vurğulanıb. 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti tərəfindən Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət edilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Bu xəbər oxucular tərəfindən 426 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed