Şrift:
Qarabağ problemini həll etməli olan təşkilat "Buz dövrü"nü yaşayır
22.01.2013 [12:13] - Xəbərlər, Siyasət
Le Monde” qəzeti ATƏT-in Rusiya tərəfindən iflic edildiyini yazıb, təşkilata sədrliyə başlayan Ukrayna isə münaqişənin həlli üçün “nəsə etməyə” çalışacaq
AŞ PA sədri Jan-Klod Minyon: “ATƏT-in Minsk qrupu önəmli işlər görür”


Dağlıq Qarabağ problemi kimi ciddi problemi həll etməli olan ATƏT Rusiya tərəfindən iflic edilib və özünün “buz dövrünü” yaşayır. Bu barədə Fransanın “Le Monde” qəzeti yazıb. Bildirilir ki, prezident Vladimir Putinin rəhbərliyi altında Moskva təşkilatın insan haqları sahəsindəki bütün addımlarını bloklaşdırır, eyni zamanda hərbi sahədə etimadın artırılması və münaqişələrin həlli istiqamətində səylərini heçə endirir.

Qəzet xatırladır ki, təşkilatın 2012-ci ilin dekabrında Dublində keçirilmiş Nazirlər Şurası toplantısında Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-i seçkilərin müşahidə olunmasında “ikili standartlara görə” qınayıb. ABŞ dövlət katibi Hillari Klinton isə narahatdır ki, Rusiya SSRİ-ni hansısa formada bərpa etməyə çalışır. Qəzetin yazdığına görə, Rusiya ATƏT-in 2013-cü il üçün büdcəsinə blok qoyub. “ATƏT-in fəaliyyətinin zəifləməsi üzündən Kanada az qala bu təşkilatı tərk etmək üzrədir. Bu, ATƏT üçün fəlakətli nəticə verə bilərdi. Təşkilat üçün digər ciddi problem Dağlıq Qarabağ münaqişəsi ətrafında Ermənistanla Azərbaycan arasında qarşıdurmanın kəskinləşməsidir” deyə qəzet yazıb. Bildirilir ki, vəzifəsi münaqişələri önləməkdən ibarət olan ATƏT üçün “axmaq il” başlayır.

ATƏT-ə sədrliyə başlayan Ukraynada isə ümid edirlər ki, təşkilat Qarabağ münaqişəsinin nizamlanması üçün nəsə edə bilər. Hakim Regionlar Partiyasından deputat Vladimir Veçerkonun fikrincə, Ukraynanın ATƏT-ə sədrliyi müddətində görə biləcəyi işlərdən biri də Dağlıq Qarabağ münaqişəsinin həllinə dair səylər ola bilər. “Bizim ölkə münaqişələrin nizamlanmasında effektiv moderator rolunu oynaya bilər” deyə deputat bildirib.

AŞ PA sədri Jan-Klod Minyon isə assambleyanın dünən işə başlayan qış sessiyasının açılışında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupu bu istiqamətdə önəmli işlər görür. "Trend"in məlumatına görə, Jan-Klod Minyon bunu Azərbaycan və Ermənistan nümayəndə heyətləri ilə keçirdiyi görüşlərə münasibət bildirərkən deyib. “Azərbaycan və Ermənistan nümayəndə heyətləri ilə üçtərəfli münasibətlərimə gəldikdə, deyə bilərəm ki, bu münasibətlər mənim sələfim tərəfindən fəaliyyəti yenidən bərpa olunmuş Dağlıq Qarabağ üzrə Alt Komitə çərçivəsində həyata keçirilmir. Niyə görə mən sözügedən komitənin fəaliyyətinin davam etdirilməsini arzu etmədim? Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupu bu istiqamətdə önəmli işlər görür. Lakin mənim etdiyim isə rəsmi olmayan yeni bir şeydir. Azərbaycan və Ermənistan tərəfi ilə keçirilən görüşlərin məzmunu ilə bağlı açıqlama verməmək barədə razılığa gəlmişik. Çünki bu gün hesab edirik ki, bununla bağlı məlumat vermək tezdir. Onu deyə bilərəm ki, bu üçtərəfli görüşlər mütəmadi olaraq keçirilir. Bu, istər Strasburqda, istərsə də Parisdə təşkil edilir”, - deyə Minyon bildirib. O deyib ki, nümayəndə heyətlərinin rəhbərləri ilə sessiya ərzində yenə görüşəcək.

Fərhad MƏMMƏDOV
Bu xəbər oxucular tərəfindən 848 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed