Şrift:
Fərəc Quliyev:Sabiq nazirin fikri ilə razılaşmıram
30.12.2022 [14:19] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Laçın yolunda artıq 16 gündür davam edən aksiya öz ciddi nəticələrini verməkdədir. Bir qism ağıllı, praqmatik ermənilər bəyan edirlər ki, Azərbaycanla anlaşmaqdan, razılaşmaqdan başqa yol yoxdur.

Ancaq revanşist və xarici dairələrin təsiri altında olan ermənilər Xankəndidə hay-küy salır, aksiya təşkil edir, guya blokadada saxlanıldıqları görüntüsünü yaradırlar.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov təklif edib ki, Xankəndidəki çığır-bağıra qarşı Naxçıvanda 30 illik blokdaya etiraz olaraq kütləvi aksiya, mitinq keçirilsin: “Ermənilərin Xankəndidə keçirdiyi mitinqə cavab vermək, Naxçıvanda mitinq keçirmək lazımdır. Ermənistan Naxçıvanı 30 ildir davam edən əsl blokadada saxlayır. Bu gün Laçın yolu humanitar məqsədlər üçün açıq olduğu halda, ermənilər Xankəndidə blokadaya alındıqları barədə dünyaya saxta mesaj verirlər.

Halbuki əsl blokadada saxlanılan ərazi Naxçıvandır və Azərbaycan bu həqiqəti dünyaya çatdırmalıdır".

Naxçıvanda bu cür aksiya keçirilməsinin effekti nə olar? Dünyanın diqqətini ora - Zəngəzur dəhlizinin təcili açılmalı olduğuna cəlb edə bilərikmi?

Fərəc Quliyev: “Ərazinin bir hissəsində hadisə baş verirsə, başqa bir hissəsində ona alternativ olaraq səs-küy salmaq mənasızdır”

Əslən Naxçıvandan olan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, sabiq nazirin fikri ilə razılaşmır: “Bu, keçmiş nazirin subyektiv fikridir. Mən onu şərh etməyi də düşünmürəm. Amma hesab edirəm ki, bunun o qədər də mənası yoxdur. Bizim ərazimizin bir hissəsində separatizm baş verir, başqa bir ölkənin vətəndaşı terroristdir, gəlib ölkəmizə və terror çağırışları, ölkənin konstitusiyasını pozmağa çağırış edir. Bu, kifayət qədər əsas verir ki, ölkənin hüquq-mühafizə orqanları müvafiq ölçü götürsünlər. Separatizmi yatırmaq üçün tədbirlər görülsün. Bura bizim böyük ərazimizdir. Ərazinin bir hissəsində hadisə baş verirsə, başqa bir hissəsində ona alternativ olaraq səs-küy salmağın mənasını görmürəm. Məncə, bizim əlimizdə kifayət qədər əsaslar var ki, orada antiterror əməliyyatı keçirək. Birinci 10 noyabr sazişinin 4-cü bəndinə görə, Rusiya sülhməramlıları daxil olanda ermənilər çıxmalı idi. Çıxarmayıb, biz deməliyik ki, özümüz çıxarırıq. İkincisi, 9-cu bəndə görə vətəndaşlarımızı geri qaytarmalıyıq. Yaxud başqa ölkənin vətəndaşı, azərbaycanlı olmayan nədən gəlib bura, mitinq keçirir, camaatı silaha sarılmağa, ölkəsinə qarşı döyüşə çağırır. Bu faktlar kifayət qədər imkan verir ki, antiterror əməliyyatı keçirilsin. Bizim keçmiş nazirin dediyi 30 il əvvəl nazil ola bilən addımlardır”.

Afaq MİRAYİQ/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 789 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed