Şrift:
Azərbaycana idxal edilən məhsullar ucuzlaşa bilər
06.01.2023 [10:55] - Gündəm, İqtisadiyyat
Azərbaycana idxal edilən malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması idxal olunan məhsulların qiymətlərinin ucuzlaşmasına səbəb ola bilər.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, Gömrük Məcəlləsinə edilən dəyişikliklərin əsas istiqamətlərindən biri idxal edilən məhsulların gömrük dəyərinin daha qısa müddətdə müəyyənləşdirilməsindən ibarətdir.

“Əvvəlki dövrlərdə malların gömrük dəyərinin müəyyənləşdirilməsi bir neçə gün çəkirdi və nəticədə sahibkarlar məhul idxal edən zaman bir neçə gün gömrük məntəqələrində qalmaq məcburiyyətində qalırdılar. Bu isə öz növbəsində əlavə xərclərin yaranmasına səbəb olurdu, bəzi hallarda isə qida məhsulların keyfiyyətinə təsir göstərirdi.

Gömrük Məcəlləsinə dəyişiklikdən sonra məhsulların gömrük dəyəri ən geci 24 saat ərzində müəyyənləşdiriləcək və sahibkarlara bununla bağlı məlumat veriləcək. Nəticədə idxalla məşğul olan sahibkarın xərclərində azalmalar olacaq.

Digər bir dəyişikliyə əsasən isə gömrük bəyannamələrinin, eləcə də bildirişlərinin yalnız kağız formada deyil, həmçinin elektron qaydada təqdim edilməsi ilə bağlıdır. Bu da sahibkarların xərclərinin azalmasına təsir edəcək. Çünki əvvəlki dövrdə kağız formada sənədin alınması üçün sahibkar gömrük orqanına getməli, növbədə dayanmalı idi, ancaq indi electron formada həmin sənədləri ala biləcək. bütün bu dəyişikliklər sahibkarların xərclərinin azalmasına səbəb olacaq və bu da gözlənilir ki, idxal edilən məhsulların qiymətlərinə təsir göstərsin.

Yəni xərclərin azalması həmin məhsulların qiymətlərinin də ucuzlaşmasına imkan yaradacaq. Ancaq bunun bazarda qiymətlərə necə təsir edəcəyini proqnozaşdırmaq çətindir. Təəssüf ki, bəzi hallarda sahibkarların xərcləri azalsa da onlar qiymət azalmalarına getmirlər. ancaq bütün hallarda xərclər azaldığı üçün sahibkarlar tərəfindən idxalm edilən məhsulların qiymətlərində endirimlər ola bilər”, - deyə o əlavə edib.

Qeyd edək ki, Milli Məclis dekabrın 27-də keçirilən plenar iclasında Gömrük Məcəlləsində dəyişikliyi üçüncü oxunuşda qəbul edib. Dəyişikliyə əsasən, malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması və bunun əsasında malların buraxılışının təmin olunması təklif olunur. Əgər malın buraxılışı üçün gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə zərurət yaranırsa, gömrük orqanı bu barədə bildirişi bəyannamənin gömrük orqanına təqdim olunduğu andan 24 saat ərzində bəyannaməçiyə təqdim etməlidir. Qanun layihəsi malların gömrük sərhəd buraxılış məntəqələrindən buraxılışının, xüsusilə gömrük dəyərinin müəyyən edilməsi zərurəti ilə əlaqədar buraxılışının təkmilləşdirilməsi, bu sahədə gömrük orqanlarının öhdəliklərinin gücləndirilməsi, nəticədə malların daha sürətli keçidinin təmin edilməsi məqsədilə hazırlanıb.
Bu xəbər oxucular tərəfindən 750 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed