Şrift:
Möhsüni Ejei: Mehdi Haşimiyə 12 ittiham irəli sürülüb
23.01.2013 [12:46] - Güney Azərbaycan xəbərləri
İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei jurnalistlərə açıqlamasında Sistemin Məsləhətini Müəyyənləşdirən qurumun rəhbəri ayətullah Haşimi Rəfsəncaninin oğlu Mehdi Haşiminin cinayət işindən danışıb.
Möhsüni Ejei deyib ki, Mehdi Haşimiyə 12 ittiham irəli sürülüb: “İttihamlar maliyyə və təhlükəsizlik məsələləri ilə bağlıdır. Onun işinə baxılma vaxtı təyin edilməyib. Mən işin və ittihamların təfərrüatı haqda hələlik izahat verə bilməyəcəyəm. Lakin bir şeyi deyə bilərəm ki, Mehdi Haşiminin işinə inqilab məhkəməsində baxılacaq”.

2009-cu ilin prezident seçkisi ərəfəsindəki debatların birində prezident Mahmud Əhmədinejad Haşimi Rəfsəncanini və onun oğlanlarını dövlət əmlakını mənimsəməkdə günahlandırmışdı. Prezident seçkisinin rəsmi nəticələrinə etiraz aksiyaları keçiriləndə Mehdi Haşimi müxalifət tərəfdarlarına qoşulmuş, sonra isə ölkəni tərk edərək Böyük Britaniyaya getmişdi. 3 il mühacirətdə yaşadıqdan sonra 2012-ci il sentyabrın 24-nə keçən gecə İrana qayıdan Mehdi Haşimi həmin günün səhəri Tehran prokurorluğuna çağırılaraq həbs edilmişdi.

Mehdi Haşimi 2012-ci il dekabrın 16-da 10 milyon dollarlıq mülk girovu qarşılığında məhkəmə keçirilənə qədər müvəqqəti azadlığa buraxılıb və onun sərbəst buraxılması istintaqın bitməsi ilə əsaslandırılıb.

Haşimi Rəfsəncani 1989-1997-ci illərdə İran İslam Respublikasının prezidenti olub.
Bu xəbər oxucular tərəfindən 761 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed