Şrift:
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı Təbrizdə çap olunub
26.01.2023 [10:26] - Güney Azərbaycan xəbərləri, Mədəniyyət
Xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı Təbrizdə çap olunub. Kitab əski əlifbaya güneyli soydaşımız Qadir Cəfəri tərəfindən köçürülüb.

Yazıçının sayca dördüncü romanı olan bu əsərdə paralel zaman və məkan, yaddaş fenomeni, real və irreal hadisələrin təsviri özünün ədəbi-bədii əksini tapıb.

Roman müasir nəsr texnikasına xas olan iç-içə süjetlər və fəsillərlə assosiasiya olunan hadisələrin anoxronik ardıcılığı şəklində qurulub. Əsərin qəhrəmanı olan Həsən müəllim (Hacı Mir Həsən Ağa Səyyah) nəql olunan əhvalatların fövqündə dayanaraq sirlərin sərgüzəştinə şahidlik və bələdçilik edir. Bu mənada roman oxucunu öz sirlərinin ağuşuna alır, onu da sirrə vaqif edir. Odunçu Əhmədin, Təpəgözün, Banuçiçəklə Beyrəyin çözülən sirri oxucunu Kamal Abdullanın bundan əvvəl qələmə aldığı mətnlərdəki mətləblərə bir daha üz tutmaq ehtiyacı ilə üz-üzə qoyur. “Sirlərin sərgüzəşti”ndəki arxetipik məqamlar romanı müəllifin digər mətnləri ilə aşkar və gizli lağımlarla bağlayır.
Kitabın redaktoru və ön sözün müəllifi Əlövsət Ağalarov yeni əsəri belə xarakterizə edir: “Əsərdəki dərin fəlsəfi-psixoloji anlardan uzun müddət ayrılmaq olmur, yaddaşın yaddaşsızlığı dərkolunmayacaq qəribə aləmə aparır oxucunu. Hacı Mir Həsən ağa Səyyah risalə yazmaq üçün “Sirri-Xuda”dan yox, qonşularının, tacir-tüccarların, padşahların, şeyxlərin və b. sirlərinə bələd olmağı, onların sərgüzəştlərindən yazmağı öhdəsinə götürür və məharətlə istəyinə çatır. Odunçu Əhmədin sirrindən tutmuş, ta Həsən müəllimin ailə sirlərinə qədər sirlərin sərgüzəştləri sizi başqa bir sirlər dünyasına aparacaq. Sona qədər oxuyun, nəticəni özünüz çıxaracaqsınız və Kamal Abdullanın sirli-sehrli yaradıcılığından həmişə olduğu kimi, bu dəfə də həzz olacaqsınız. Bu kitab Kamal Abdullanın digər kitabları kimi, uzun ömür sürməyə haqqı olan böyük yaradıcılıq nümunəsidir”.

Qeyd edək ki, 2014-cü ildə Kamal Abdullanın “Sehrbazlar dərəsi” 2018-ci ildə “Yarımçıq əlyazma”, 2022-ci ildə isə “Unutmağa kimsə yox” romanları da Təbrizdə işıq üzü görüb.
Bu xəbər oxucular tərəfindən 15595 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed