Şrift:
Azərbaycanda çoxuşaqlı ailələrə güzəştlər tətbiq oluna bilər
01.11.2011 [13:47] - Sosial
Azərbaycanda çoxuşaqlı ailələrə güzəştlər tətbiq oluna bilər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova bildirib ki, bununla bağlı qurum tərəfindən beynəlxalq təcrübə və ölkədəki vəziyyət öyrənilir.

Onun sözlərinə görə, ilkin olaraq çoxuşaqlı ailənin kriteriyaları və anlayışı verilməlidir.

"Qanunvericilik neçə uşağı olan ailənin çoxuşaqlı ailə hesab olunmasını müəyyən etməyib. Bununla bağlı hazırda beynəlxalq təcrübəni öyrənirik. Çoxuşaqlı ailələr hər ölkədə fərqlidir. Ölkələr arasında 3 uşaq, 5 uşaq götürən də var. MDB ölkələrində, məsələn Rusiyada 3-dən çox uşağı olan ailə çoxuşaqlı ailə hesab olunur", - şöbə müdiri vurğulayıb.

Komitə rəsmisi qeyd edib ki, Azərbaycanla bağlı statistika öyrəniləcək. Əgər 3-dən çox uşağı olan ailələrin sayı çox olarsa, 5-dən çox uşağı olan ailənin çoxuşaqlı ailə hesab olunması üçün təkliflər verilə bilər.

İbrahimova deyib ki, bir sıra ölkələrdə çoxuşaqlı ailələrə imtiyaz və güzəştlər tətbiq olunur.

O, çoxuşaqlı ailələrə nəqliyyatdan pulsuz istifadə, dərman preparatları ilə pulsuz təmin olunma, kommunal xidmətlərdə güzəştlərin tətbiqini mümkün hesab edir.

Şöbə müdiri çoxuşaqlı ailələrin mənzillə təmin olunması ilə bağlı araşdırmalar aparıldığını deyib və bildirib ki, məsələnin müsbət həll olunması üçün müvafiq qurumların rəyi lazımdır.

İbrahimova hazırda qeyd olunan məsələlərlə bağlı Komitə tərəfindən araşdırma və təhlillərin aparıldığını bildirib və qeyd edib ki, yekunda Komitə təkliflərlə müvafiq qurumlar qarşısında çıxış edəcək.
Bu xəbər oxucular tərəfindən 1234 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed