Şrift:
Fərəc Quliyev:Günün birində bu təkliflərin reallaşması gözlənilir
30.01.2023 [23:52] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“BMT ilə bağlı məsələlər artıq dünyada uzun illər müzakirə edilir, BMT-dəki islahatlar haqqında fikir mübadiləsi aparılır. Mən çıxışlarımın birində bildirmişdim ki, bu islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir”.
Bunu Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə mətbuata bəyanatlarla çıxış edən zaman deyib.
Ölkə başçısının sözlərinə görə, bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir: “Və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar. Çünki İkinci Dünya müharibəsindən artıq 80 ilə yaxın vaxt keçir, dünya dəyişib və bu dəyişikliklər sürətlə davam edir. Ona görə, hesab edirəm ki, bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcəkdir”.
O da məlumdur ki, QH-nin hazırkı sədri Azərbaycandır. Bu baxımdan Azərbaycanın Təhlükəsizlik Şurasının üzvlüyünə dünyanın başqa qütblərindən nə dərəcədə dəstək olacaq? ABŞ və Avropadan bu ideya necə dəstəklənə bilər?
“Fikrimcə, Avropa İttifaqının bir çox üzvləri Azərbaycanın təmsil olunmasını dəstəkləyəcək”
Məsələyə münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin fikrincə, prinsipcə, bu mümkündür: “Prezident İlham Əliyev bir neçə dəfə bu məsələyə toxunub. Hesab edirəm ki, bu tamamilə əsaslı və məntiqli bir siyasi təşəbbüsdür. Həqiqətən də həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Qoşulmama Hərəkatı dünyada böyük təşkilatlardır. Bu təşkilatların nümayəndələri Təhlükəsizlik Şurasında təmsil olunmalıdılar. Buna ciddi zərurət var. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təbirincə desək, dünya 5-dən ibarət deyil. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin yalnız 5 dövlətdən ibarət olması ədalətli deyil. Artıq dünya yenidən dizayn olunur. Bu baxımdan Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Ona görə də, həqiqətən də Qoşulmama Hərəkatının sədri TŞ-də təmsil olunmalıdır. Nəzəra alsaq ki, Azərbaycanın həm regionda, həm də dünyada nüfuzu getdikcə artır, o zaman bu niyə də olmasın? Fikrimcə, Avropa İttifaqının bir çox üzvləri Azərbaycanın təmsil olunmasını dəstəkləyəcək. Hətta Türk Dövlətləri Təşkilatının da bir nümayəndəsi BMT Təhlükəsizlik Şurasında təmsil olunmalıdır. Çünki getdikcə TDT Avroittifaq və NATO kimi dünyada əhəmiyyətli bir təşkilata çevrilir. Kimsə buna qısqanclıqla yanaşacaq deyə, bu ideyadan vaz keçmək olmaz. Hesab edirəm ki, bu yöndə səyləri artırmaq lazımdır. Fakt odur ki, Türkiyə dünya gücünə, Azərbaycan bölgə gücünə çevrilib. Azərbaycanın həm İƏT, həm də QH-də böyük nüfuzu var. Bu, nüfuzun göstəricisi idi ki, Azərbaycanın QH-yə rəhbərlik etməsi daha bir il uzadıldı. Sözügedən təşkilatlar dünya ərazisinin, əhalisinin çox böyük hissəsini təşkil edir. Belə olan halda QH sədri olaraq Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü niyə də olmasın? Ona görə də böyük güclər bu məsələyə biganə yanaşmazlar. Bu olmazsa, dünyada ədalətin bərpasından söhbət gedə bilməz. O zaman alternativ təşkilatların yaradılması gündəmə gələ bilər. Bu mənada, günün birində bu təkliflərin reallaşması gözlənilir”.
Vidadi ORDAHALLI/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 499 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed