Şrift:
“ERMƏNİLƏR XANKƏNDİNDƏN UÇSA, VURACAĞIQ!”
24.01.2013 [11:37] - Gündəm, Siyasət
Müdafiə Nazirliyindən uçuşlara hazırlaşan ermənilərə son xəbərdarlıq gəldi
Eldar Sabiroğlu: “Hərbi hissələrimiz dislokasiya yerlərindədir...”


Azərbaycanın sərt etirazına baxmayaraq Ermənistan işğal altındakı Xankəndi aeroportuna uçuşları həyata keçirəcəyində israrlı olduğunu yenə bəyan edib. Azərbaycanın Dövlət Mülki Aviasiya Administrasiyası ermənilərin bu uçuşlarını qanunsuz adlandıraraq Xankəndinə uçacaq hər uçağın dərhal vurulacağını bəyan edib. Ermənistanın müdafiə naziri Seyran Ohanyan isə Xankəndinə uçacaq təyyarənin müdafiə olunması üçün bütün tədbirlərin həyata keçirildiyini deyərək həyasızcasına Azərbaycana meydan oxuyub.

Bəs Bakı situasiyanı necə dəyərləndirir? Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu buna dair sualları cavablandırdı.

- Eldar müəllim, erməni tərəf Xankəndinə uçuşlarda israrlı görünür. Nazirliyin mövqeyi necədir?

- Azərbaycan beynəlxalq normalara və öz daxili qaydalarımıza istinad edib ora təyyarələrin uçuşuna imkan verməyəcək.

- Erməni tərəfi hətta ilk sərnişinlərin həmsədrlər olmasına təkid edir. Bu, baş versə, necə olacaq?

- Bu, təbliğat üçün deyilən sözlərdir. Onlar başa düşür ki, belə şey mümkün deyil. Sadəcə, hər şeydən istifadə etdikləri kimi buna da əl atırlar. Silahlı Qüvvələrimiz, Azərbaycan Hərbi Hava Qüvvələri imkan verməz ki, düşmən dövlətin təyyarəsi hava məkanımızı pozsun. Əgər bunu edəcəksə, adekvat da cavabını alacaq.

- Məsələ burasındadır ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi olduğu halda beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünün pozulmasına illərdir biganədir. Bu mənada mümkündürmü ki, aeroporta uçuşlar görməzliyə vurulsun?

- Bu barədə indidən bir söz deyə bilmərəm. Amma beynəlxalq təşkilatlar indi Ermənistanın nəzərdə tutub atacağı addımı pisləyib. Bu addım isə müharibənin başlanmasına şərait yarada bilər. Beynəlxalq təşkilatlar da bu qənaətdədir. Ona görə də ermənilər vəziyyəti gərginləşdirməmək, bölgədə yeni müharibə alovu yaratmamaq üçün bu addımdan əl çəkməlidir.

- Ötən həftələrdə məlumat yayıldı ki, Bakı ətrafındakı qüvvələrin, o cümlədən Hava Hücumundan Müdafiə Sisteminin bir hissəsi cəbhə bölgəsinə köçürülüb və ordu döyüş hazırlığına gətirilib.

- Ordumuz hər an döyüşə hazır vəziyyətdədir və hərbi hissələrimiz də dislokasiya yerlərindədir. Heç bir dəyişiklik yoxdur.

- Ermənilər iddia edir ki, Xankəndi aeroportu fevralda işə salınacaq. Hesab olunur ki, erməni təyyarəsi vurulacaqsa, bu, dəhşətli müharibəyə səbəb olacaq. Azərbaycan böyük müharibəyə hazırdırmı?

- Ola bilsin məsləhət verən çox olsun. Lakin dövlətimizin öz mövqeyi var, bu mövqeyə uyğun da addımlar atılacaq.

- Birdən ermənilər günün birində uçuşlara başladı, onda necə?

- Bizim də mövqeyimiz budur ki, vuracağıq!

- Rusiyanın Ermənistanı yenə silahlandırmasına Müdafiə Nazirliyinin rəsmi mövqe bildirməməsi nə ilə əlaqədardır? Məsələ ilə bağlı Rusiyaya etiraz olacaqmı?

- Hər hansı rəsmi bəyanat verməyimizə ehtiyac yoxdur. Neçə illərdir Ermənistan silahlandırılır və bu, yenə davam edir. Bununla bağlı Xarici İşlər Nazirliyinə müraciət edin.

- Ermənistanın müdafiə naziri dedi ki, silah məsələsi ilə bağlı Azərbaycandakı məlumatlar doğru deyil. Sizdə bu silah-sursatın həcmi barədə səhih məlumatlar varmı?

- Seyran Ohanyan o sərsəm, cəfəng açıqlamasını verməklə bir daha sübut edir ki, Ermənistan külli miqdarda silahlandırılıb. Ermənistan döyüş aparmaq üçün özünə arxayın deyil, hardansa kömək güdür.

- Rusiyanın bu silahları Ermənistana hansı yolla ötürdüyü barədə məlumatınız varmı?

- Bizdə bütün məlumatlar var. Ancaq açıqlaya bilmərik. Azərbaycanın müvafiq strukturları bu barədə məlumatlıdır. Hər bir şey diqqətlə izlənilir və buna uyğun olaraq tədbir görülür.

- Ordumuzda baş verən son hadisələrlə əlaqədar hansı tədbirlər görülür?

- Orduda baş verən bu və ya digər hadisə ciddi nəzarət altındadır. Əgər problem yaranırsa, onun aradan qaldırılması yolları da müəyyən edilir. Heç bir çətinlik, həlli mümkün olmayan məsələ yoxdur. Bəzən orduda baş verən hər hansı məsələ o dərəcədə şişirdilir ki, adamın təəccüb etməkdən başqa çarəsi qalmır. Hər ölkənin ordusunda bizim orduda baş verən hadisələrdən qat-qat problemli hadisələr baş verir. Sadəcə, saytlara girib onlarla tanış olmaq olar. Bununla ordumuzda baş verənlərə bəraət qazandırmaq istəmirik. Ancaq ən inkişaf etmiş ölkələrdən biri ABŞ-ın ordusunda 2012-ci ildə 2011-ci ilə nisbətən ölümlərin sayı 15 faiz artıb. Keçən il 349 amerikalı hərbçi intihar edib. “Röyters”in məlumatına görə, hər 80 dəqiqədən bir ehtiyata buraxılan hərbçi özünə qəsd edir. Başqa ölkələrdən də bu nümunəni gətirə bilərəm. Ona görə də çox şeyləri şişirtmək lazım deyil...

E.PAŞASOY
Bu xəbər oxucular tərəfindən 833 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed