Şrift:
Fərəc Quliyev:İran özü yardım etmir, köməklik etmək istəyənlərə də imkan vermir
03.02.2023 [10:22] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
İran rejimi güneyli soydaşlarımıza yardım etməyə imkan vermir

İranda əhalisinin mütləq əksəriyyəti azərbaycanlılardan ibarət olan Xoy şəhərində ötən ay baş verən zəlzələlərdən sonra dağıntıdan əziyyət çəkən əhalinin vəziyyəti acınacaqlı olaraq qalır. Soydaşlarımızın sözlərinə görə, dağıntıdan əziyyət çəkən əhalinin çoxu çadırlara sığınsa da, ciddi çatışmazlıq yaşanır. Üstəlik, havaların soyuması, qarın yağması azərbaycanlıların vəziyyətini daha da acınacaqlı edib.

Bu səbəbdən, minlərlə əhalinin bir hissəsi bayırda gecələməyə, digər qismi maşınlarda qalmağa üstünlük verirlər. Ən pis halda isə Xoy şəhərini tərk etmək məcburiyyətində qalırlar. Humanitar yardım və isti əşyaların verilməsində də çatışmazlıq hiss olunur. Xoy sakinləri deyiblər ki, kiçik yeraltı təkanlar davam edir və bu da əhalini qorxudur: “Əhalinin əksər hissəsi humanitar çatışmazlıq və baş verən zəlzələlər üzündən psixoloji sarsıntı yaşayırlar”. Təbii fəlakətin baş verməsindən xeyli vaxt keçməsinə baxmayaraq, İran hökuməti soydaşlarımıza heç bir yardım göstərmir. Çadır, isti geyim və qidaya olan tələbat ödənmir, insanlar arasında kütləvi xəstəliklər yayılır. Xəstəxanalarda tibbi heyət və dərman çatışmazlığı var. İran mediası da Xoyda zəlzələdən zərərçəkənlərin problemlərini işıqlandırmaqdan imtina edir. Qeyd edək ki, Azərbaycan dövləti Xoyda zəlzələdən zərərçəkmiş soydaşlarımıza hər cür yardım göstərməyə hazırdır və buna bütün resurslar da var. Lakin İran dövləti Azərbaycanın bu yardımı soydaşlarımıza çatdırmasına mane olur. Türkiyənin Qızıl Ay Cəmiyyətinin açıqlamasına görə, İran onların da yardım təklifini geri çevirib.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev "Şərq"ə açıqlamasında bildirib ki, yaşanan hadisələr göstərir ki, İran hökuməti zəlzələdən zərər çəkən soydaşlarımızın əziyyət çəkməsini, məhv olmasını istəyir. Partiya rəhbərinin sözlərinə görə, rejimin soydaşlarımıza qərəzli davranış sərgiləməsinin başqa məntiqi izahı yoxdur:

"İran özü yardım etmir, köməklik etmək istəyənlərə də imkan vermir. Hətta özü yardım etmiş olsa belə, başqasının dəstəyi geri çevrilməməlidir ki, ehtiyac daha tez ödənsin. Bütün dünyada belədir. Xoyda zəlzələ nəticəsində dağıntıların daha çox olmasının səbəbi İran rejiminin Azərbaycan bölgələrinə ögey münasibətinin nəticəsidir. Əyalətdəki yaşayış evləri, binalar tamamilə sıradan çıxmış, köhnə vəziyyətdədir və zəlzələyə davamsızdır. Camaat da yoxsul durumdadır. Uzun zamandır soydaşlarımızın yaşadıqları bölgələrdə heç bir inkişaf yoxdur. Böyük zavodlar və fabriklər tikməyiblər ki, azərbaycanlılar öz torpaqlarını tərk etsin, başqa yerlərə köçsünlər. Urmiyanı da o məqsədlə qurudurlar ki, əhali başqa yerə köçsün, ərazidə boş səhra görüntüsü yaransın. Bunun nəticəsində azərbaycanlılar yaşayan yerlərdə bufer "Kürdüstan dövləti" yaratsınlar. Xoydakı zəlzələdə zərər görən insanlara yardım göstərilməməsi də böyük İran siyasətinin tərkib hissəsidir".
F.Quliyev İran rejiminin daha əvvəl də bu cür yanaşma sərgilədiyini xatırladıb: "1990-cı illərin əvvəlində Zəncanda zəlzələ baş vermişdi. O vaxt mən Parlamentin üzvü idim. İxtisasca həkim olduğuma görə Naxçıvanda bir həkim komissiyası yaratdıq və yardım üçün Zəncana yollandıq. Yardıma gedən kollektivə rəhbərlik mənə həvalə olundu. Bizi hotellərdə yerləşdirib zəlzələ bölgəsinə buraxmaq istəmirdilər. Anlaşıldı ki, Zəncanda xeyli yaralı insan olsa da, onlara heç bir tibbi yardım göstərilməyib. Özləri etmədikləri kimi başqalarının da yardımına imkan verməyiblər. Gözləyirdilər ki, bir neçə gün keçsin, hamı ölsün, sonra traktorla dağılmış tikililəri sözün həqiqi mənasında şumlasınlar. Naxçıvandan olan tibb işçilərini yanıma alaraq özbaşına zəlzələ bölgəsinə getdik. Bizi saxlamağa cəhd göstərsələr də, ciddi etirazımızı bildirdik və yaralı soydaşlarımızın imdadına yetişdik. Eyni proses bu gün Xoyda başqa formada davam edir.

Türkiyəni niyə yaxın buraxmırlar? Çünki Türkiyənin Xoya yardım aparması eyni etnosun nümayəndələri ilə yaxınlıq, onlara qucaq açmaqdır ki, İran rejimi bunu istəmir. Rejim insanların qafasını yuyaraq millətçilikdən ayırmaq, daha çox ümmət kimi tərbiyələndirmək siyasətini həyata keçirir.

Digər məqsəd isə vurğuladığım kimi, azərbaycanlıların bölgəni tərk etməsinə nail olmaqdır. Ona görə qəsdən soydaşlarımıza zülm edirlər. Əgər zəlzələ fars bölgəsində olsaydı, İranın yanaşması tamam başqa olardı. Bu, Azərbaycan türklərinə olan münasibətin növbəti dəfə təzahürüdür. Mən dünyanın humanitar təşkilatlarını və ölkəmizdəki QHT-ləri, media nümayəndələrini güneyli qardaşlarımıza sahib çıxmağa səsləyirəm".

İsmayıl Qocayev/sherg.az
Bu xəbər oxucular tərəfindən 487 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed