Şrift:
İsmayıllıda yenidən etiraz aksiyası başladı
24.01.2013 [12:29] - Sosial
Aksiya iştirakçıları polisə daş atıblar, nəticədə polis əməkdaşlarından xəsarət alanlar olub


İsmayıllı rayonunda yenidən etiraz aksiyası başlayıb. Rayon İcra Hakimiyyətinin (İH) binasından bir qədər aralıda təxminən 500 nəfər yığılıb. Toplaşanlar icra hakimiyyətinin başçısı Nizami Ələkbərovun istefasını tələb edirlər. Aksiya iştirakçıları polisə daş atıblar, nəticədə polis əməkdaşlarından xəsarət alanlar olub. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə edir. Saxlanılanlar var, rayondakı inzibati binalar mühafizə olunur. Əraziyə Daxili Qoşun hissələri, Çevik Polis Alayının, İsmayıllı və digər rayonların polis şöbələrinin əməkdaşları cəlb olunub.

Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) İsmayıllı rayonunda baş verən hadisə ilə bağlı birgə məlumatında bildirilib ki, yanvarın 23-də saat 21.30 radələrində İsmayıllı şəhərində "Çıraq" otelinin və 4 ədəd müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Buna səbəb oteldə işləyən Bakı şəhər sakini Emil Şəmsəddinovun şəhərin Nizami küçəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi və onu elektrik dirəyinə çırparaq qəza törətməsi, eyni zamanda, sərnişini, Bakı şəhər sakini Elməddin Məmmədovla birlikdə yaxınlıqdakı VAZ-2107 markalı avtomaşının sahibi, rayon sakini Ramil Bəkirovu döyərək xəsarət yetirmələri olub. Əhalinin sıx olduğu yerdə baş vermiş hadisə yerinə xeyli sayda adam toplaşıb və onlara etirazlarını bildiriblər. E. Şəmsəddinovun yerli sakinləri nalayiq söyüşlərlə təhqir etməsi isə baş vermiş münaqişənin daha da böyüməsinə, nəticədə vətəndaşların oteli və otelin həyətindəki üç müxtəlif markalı avtomobili yandırmalarına səbəb olub. Bundan sonra destruktiv qüvvələrin təhriki ilə insident iştirakçıları yürüş edərək İcra Hakimiyyəti başçısı Nizami Ələkbərovun oğlu Elxana məxsus evi də yandırmağa cəhd göstəriblər. Rayon Polis Şöbəsi əməkdaşlarının gördüyü qətiyyətli tədbirlər nəticəsində baş vermiş hadisənin daha da genişlənməsinin qarşısı alınsa da həyətdə olan bir ədəd avtomobil yandırılıb.

İnsidentin qarşısı alınarkən üçü polis əməkdaşı olmaqla dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Kütləvi münaqişənin baş verməsinin səbəbkarları Emil Şəmsəddinov və Elməddin Məmmədov tutulublar. Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəhbərliyindən və digər məsul əməkdaşlarından ibarət olan heyət hadisə yerinə gəlib.

Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb, istintaq aparılır.
Bu xəbər oxucular tərəfindən 880 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed