Şrift:
Yüksək patogen quş qripinə qarşı epizootoloji monitorinqlərin nəticələri açıqlanıb
07.02.2023 [10:33] - Sağlıq
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bu il yanvarın 23-27-də keçirilmiş monitorinqlərdə Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarında, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalarında və digər ərazilərdə vəhşi quşlara ümumi baxış keçirilib.

Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə 59 baş müxtəlif növ vəhşi quş ovlanıb və onlardan patoloji materiallar götürülüb. Həmin müddətdə Bakı və Sumqayıt şəhərindəki, Abşeron, Lənkəran, Cəlilabad, Xaçmaz, Siyəzən, Salyan və Neftçala rayonlarındakı 9 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 90 baş quşdan, Bakı şəhəri, Şabran, Xızı, Salyan, Abşeron, Lənkəran, Ağcabədi, Xaçmaz, Astara və Neftçala rayonlarındakı ümumilikdə 179 ailə təsərrüfatlarında isə müxtəlif növ 537 baş ev quşundan laboratoriya müayinəsi üçün qan nümunələri götürülüb, quş damlarına ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb.

Monitorinq zamanı vəhşi və ev quşlarından götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində yüksək patogen quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib.

Monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəliklərinə həssas heyvanlar arasında da müşahidələr aparılıb, xəstə və ya tələf olmuş heyvanlara rast gəlinməyib.
Bu xəbər oxucular tərəfindən 2477 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed