Şrift:
Monteneqro öz bərpaolunan enerji sektoruna Azərbaycandan investisiyalar cəlb etməkdə maraqlıdır
07.02.2023 [10:36] - Gündəm, İqtisadiyyat
Monteneqro ölkənin yaşıl enerji sektorunun inkişafına Azərbaycan tərəfindən investisiyaların qoyulmasına açıqdır.

Bu barədə Monteneqronun vitse-prezidenti, investisiyalar naziri Ervin İbrahimoviç müsahibəsində deyib.

E.İbrahimoviç Monteneqronun azərbaycanlı investorlarla artıq səmərəli əməkdaşlığa başladığını deyib.

"Monteneqronun külək, günəş, həmçinin hidroenerji sahəsindəki potensialını nəzərə alaraq ölkəmizdə bərpa olunan enerji mənbələri sənayesinin inkişafı üzərində çalışırıq və xarici investisiyalar, xüsusən Azərbaycan investorları üçün açığıq, çünki sizin ölkənizdən olan investorlarla böyük iş təcrübəsinə malikik", - o əlavə edib.

Nazir həmçinin Azərbaycanla Monteneqro arasında təkcə səmərəli tərəfdaşlıq münasibətlərinin deyil, həm də dostluq əlaqələrinin qurulduğunu qeyd edib.

"Şadıq ki, Azərbaycan bizim dostumuzdur və şübhəsiz, dostlarımızdan ala biləcəyimiz istənilən dəstəyi nəzərə alırıq. Bu aspektdə qaz böyük əhəmiyyət kəsb edir, belə ki, bu mavi yanacaq Monteneqronun enerji müstəqilliyini və dayanıqlılığını təmin edə bilər. Biz uzun illərdir Azərbaycanla sıx əməkdaşlıq edirik. Xüsusən də yerli şirkətlərlə çoxsaylı anlaşma memorandumları imzalamışıq. Biz Azərbaycan qazının Avropa ölkələrinə nəqli üçün Monteneqro ərazisində boru kəmərinin inşasına köməklik göstərməyə hazırıq", - E.İbrahimoviç deyib.

O Monteneqronun həmçinin Azərbaycandan Avropaya qaz nəqlində də tranzit ölkə kimi çıxış etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Monteneqro İon-Adriatik boru kəməri vasitəsilə Azərbaycan qazına çıxış əldə edə bilər. 516 km uzunluğa malik boru kəmərinin Albaniya, Monteneqro, Bosniya və Herseqovina ərazisindən keçərək Xorvatiyada bitəcəyi nəzərdə tutulur. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 5 milyard kubmetr qaz təşkil edəcək.

TAP artıq layihənin tərtibatçıları olan Plinacro (Xorvatiya), BH-Gas (Bosniya və Herseqovina), GeoplinPlinovodi (Sloveniya) ilə, həmçinin Monteneqro və Albaniya hökumətləri ilə Anlaşma və Tərəfdaşlığa dair Memorandum imzalayıb.

TAP və IAP üzrə işçi qrup yaradılıb və texniki qoşulma məsələlərini razılaşdırmaq məqsədilə mütəmadi görüşlər keçirməkdədir.
Bu xəbər oxucular tərəfindən 404 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed