Şrift:
Bakı Limanı üzərindən Asiya və Avropaya yükdaşımalarının artırılması imkanları müzakirə edilib
15.02.2023 [10:30] - Gündəm, İqtisadiyyat
Özbəkistan Respublikası nəqliyyat nazirinin müavini Abdusamat Muminovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Bakı Limanında görüş keçirilib.

Bakı Limanından bildirilib ki, nümayəndə heyətində “Özbəkistan Dəmir Yolları” QSC-nin İdarə Heyəti sədrinin müavini Akmal Kamalov, o cümlədən Özbəkistanın dövlət qurumlarının rəsmiləri və özəl şirkətlərin rəhbərləri təmsil olunub.

Görüş zamanı tərəflər arasında Özbəkistanda fəaliyyət göstərən quru limanlar və logistika şirkətləri ilə Bakı Limanı arasında əməkdaşlığın daha da genişləndirilməsi, Bakı Limanı üzərindən Asiya və Avropaya yükdaşımalarının artırılması imkanları müzakirə edilib.

Görüş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan ilə Özbəkistan arasında nəqliyyat və tranzit yükdaşımalar üzrə birgə işçi qrupunun ilk iclası çərçivəsində baş tutub.

Qeyd edək ki, Özbəkistan ilə Bakı Limanı arasında yük dövriyyəsi artmaqda davam edir. Belə ki, keçən il ərzində yükdaşımaların həcmi 904 min tondan çox olub. Bu da 2021-ci illə müqayisədə 65 faiz çoxdur. Yük dövriyyəsinin əsas hissəsini təkərli nəqliyyat vasitələri, konteynerlər, quru yüklər, xam materiallar, qida, neft və neft məhsulları təşkil edib.
Bu xəbər oxucular tərəfindən 418 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed