Şrift:
Fərəc Quliyev:Ərdoğan və onun komandasına bir daha şans verilməlidir
22.02.2023 [10:59] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Türkiyədə mayın 14-nə təyin edilmiş prezident və parlament seçkilərinin vaxtını dəyişməklə bağlı ortaq fikir hələ ki yoxdur. Müxalifət seçkilərin vaxtında, uzağı 18 iyunda keçirilməsində israrlıdır. Gələn son məlumatlara görə, deyəsən, hökumət də tarixi dəyişməməyə meyllidir.

Budəfəki seçkilərdə də əsas mübarizənin Ərdoğanla Qərbin hər cür dəstək verməyə hazır olduğu müxalifətin ən şanslı namizədi arasında gedəcəyi şübhəsizdir.

MDHP rəhbəri, sabiq deputat Fərəc Quliyev isə hesab edir ki, Türkiyədə yeni iqtidar belə hakimiyyətə gəlsə, Azərbaycana qarşı münasibət dəyişməyəcək. O, bunun üçün bir neçə səbəblər görür: “Bilirsiniz, iqtidarın seçkilərə getmək məsələsi ki var, bu daha çox müxalifətin davranışlarından sonra ortaya qoyulmuş bir mövqe oldu. Yəni gedirsinizsə gedək. Əgər müxalifət seçkilərin ertələnməsini istəsəydi, hər halda, iqtidar da bu qədər israrlı olmazdı. Ona görə ki, azından çox böyük bir faciə baş verib. Türkiyə gəlirinin 10 faizini verən bir ərazi darmadağın oldu. İndi bunun bərpa olunması, yaraların sarılması zamanıdır. Cənab Ərdoğan da, onun köməkçisi Fuad Oqtay da müxalifətə müraciət etmişdilər ki, birlikdə əlimizi daşın altına qoyaq. Bu məsuliyyət və hüquq bölgüsü idi. Belə hallar olur. Məsələn, biz 44 günlük müharibədə bunu Azərbaycanda yaşadıq. Sizin də partiya, bizimki də hakimiyyətlə birlikdə ortaq bəyanatlar verdik, başqa siyasi tələblər ortalıqda olmadı. Türkiyədə də indiki vaxtda buna ehtiyac var idi. Amma təəssüflər olsun ki, müxalifət orada fürsətcil davrandı. Təbii ki, bizlər Türkiyənin daxili işlərinə qarışmırıq. Seçim necə olacaqsa, bu iradəyə hörmətlə yanaşılacaq. Düşünürəm ki, yeni iqtidar orada formalaşsa belə, Azərbaycanla münasibətlərdə ciddi dəyişiklik olmayacaq. Çünki son illərdə bu münasibətlər o qədər sıxlaşdı ki, yeni iqtidar dəyişməyə cəhd edərsə, növbəti dönəm üçün iqtidarını itirə bilər. Bu iki qardaş ölkənin münasibətləri qarışıqlı şəkildə faydalıdır, birtərəfli deyil. Zəlzələdə Azərbaycanın etdiyi yardımlar, xalqımızın fədakarlığı bunu sübut etdi. Ərdoğan bu oturuşmuş məsələdə elə bir siyasət yürüdüb ki, özündən əvvəlkilər bunu etməmişdilər. Onların arzuladıqlarını Cənab Ərdoğan etdi. Bu reallıqdır. Türk Dövlətləri Təşkilatının yaradılmasında da Cənab Ərdoğanın xarizması mühüm rol oynadı. Siyasətdə liderin xarizması çox şeyi həll edir. Bir məsələni də unutmayaq. Yeni iqtidarların oturuşmuş sistemə uyğunlaşmaları üçün bir müddət vaxt keçir. Azından bir fasilə yaranır. Bu fasilə də təbii ki, ölkəmizə sərf etməyəcək. Çox hərəkətli bir bölgədə yerləşirik. Ümumiləşdirərək, deyə bilərəm ki, indiki siyasət dəyişməyəcək. Amma indiki iqtidar səviyyəsində də yeni iqtidar siyasətini apara bilməyəcək. Biz bilmirik ki, indiki gələnlər hansı komanda, hansı zehniyyətlə gələcəklər. Türkiyənin seçdiyi müttəfiqlik münasibətlərinə yeni baxış olacaqmı? Bu da ayrıca bir sualdır. İstənilən halda Azərbaycan üçün indi əsas olan Cənab Ərdoğanın iş başında olmasıdır. Əslində Türkiyənin özü üçün də bu sərfəli olardı. Ərdoğan və onun komandasına bir daha şans verilməlidir. Bu, sadəcə, iki qardaş ölkənin da xeyrinə olardı”.

Cavanşir ABBASLI/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 525 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed