Şrift:
MDHP sədri:Az adam olsun, hər kəs partiya yarada bilsin” tezisini qəbul etmirəm
22.02.2023 [11:07] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Siyasi partiyalar haqqında qəbul edilən yeni qanunda göstərilən bir sıra maddələr təşkilatlar üçün ölüm-qalım məsələsinə çevrilib. Xüsusilə, partiyaların yenidən qeydiyyatı üçün ən azı beş min üzvün tələb olunması xırda təşkilatların taleyini sual altında qoyub. Məlumatlara görə, qanunda göstərilən kriteriyalara cavab verə bilməyən xırda partiyalar sıradan çıxmaq əvəzinə birləşmə haqqında düşünürlər.

Mənbəmizin məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən partiyaların bir çoxu, bəlkə də əksəriyyəti limiti adlaya bilməyəcəklərini anlayırlar, tamamilə siyasi meydandan yox olmaqdansa, özləri kimi digər partiyalara birləşməyi qərarlaşdırıblar. Hətta hakim Yeni Azərbaycan Partiyasına (YAP) birləşmək üçün danışıqlar aparan partiyaların olduğu da bildirilir.

AYNA mövzu ilə bağlı bir neçə partiya ilə əlaqə saxlayıb:

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev AYNA-ya bildirib ki, qanun müzakirəyə çıxarılanda müəyyən bəndlərdən narazılıqlar olub: “Bu səbəbdən də, qanunun bəzi bəndlərinə xeyli sayda yumşalmalar edildi. Amma hesab edirəm ki, partiyalar cəmiyyətin gözündə dərnək səviyyəsində deyil, ciddi bir qurum kimi görünməlidirlər. Məsələn, bir müddəa var idi, onu çıxardılar. Lakin mən həmin bəndin çıxarılmasının əleyhinə idim. Söhbət seçkidə iştirak etməyən partiyaların ləğvi məsələsindən gedir. Hesab edirəm ki, bu müddəa qalmalı idi. Çünki bir partiya varsa, deməli hakimiyyət iddiasındadır. Hakimiyyətə gəlməyin yolu isə seçkidən keçir. Əgər partiya seçkidə iştirak etmirsə, deməli başqa bir yol axtarır. Bu da qeyri-qanuni sayılır. Ona görə də, bu müddəanın qalması vacib idi”.

“Partiya üzvlərinin şəxsi məlumatlarının reyestrə daxil edilməsi tam olaraq mühüm əhəmiyyət kəsb etmir. Bu cür müddəaları yumşaltmaq olardı. Amma say məsələsində fikirim müsbətdir. Biz dərnək qurmaq istəmiriksə və doğurdan da ölkə ərazisində hakimiyyət iddiasındayıqsa, o zaman say məsələsində cəfakeşlik etməliyik. Partiyalar ən azından Azərbaycanın rayonlarının 60-70 faizini əhatə etməli və üzvlərinin sayını çoxaltmalıdırlar”, - deyə F.Quliyev vurğulayıb.

Partiya sədri təşkilatların birləşməsinə gəlincə, deyib ki, oxşar nizamnaməsi və məramnaməsi olan partiyalar birləşə bilərlər: “Bu, həm güclü şəkildə müxalifətin formalaşması ilə nəticələnə, həm də gələcəkdə parlament partiyasına çevriləndə fraksiyaların yaranması və digər məsələləri özündə ehtiva edə bilər. Ona görə də, “az adam olsun, hər kəs partiya yarada bilsin” tezisini qəbul etmirəm. Hesab edirəm ki, iddialısansa, o zaman cəmiyyətin dəstəyini almağı bacarmalısan”.

F.Quliyev rəhbərlik etdiyi partiyanın üzv sayı ilə bağlı probleminin o0lmadığını da vurğulayıb. Hansısa partiyaya birləşməyə gəlincə, MDHP-nın böyük partiya olduğunu bildirib: “Bizim partiyaya birləşmək istəyənlər olarsa, o zaman məsələni müzakirə edə bilərik”.

Anar Bayramoğlu/ayna.az
Bu xəbər oxucular tərəfindən 483 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed