Şrift:
Sabiq prokuror: “Mircəfər Bağırov mənim yanımda dedi ki, onu güllələmək yox, şaqqalamaq lazımdır” - MÜSAHİBƏ
25.01.2013 [11:16] - Xəbərlər, Müsahibə
“Azərbaycan” qəzetində Əbülfəz Əliyev haqqında yazdığım məqalədə təhrifə yol verildi...

Eks-prezident Əbülfəz Elçibəyin adı ətrafında növbəti dəfə ajiotajı bir müddət öncə Modern.az saytına müsahibə verən sabiq prokuror Yamən Yusifov yaratdı. Yamən Yusifov mərhum Əbülfəz Elçibəylə bağlı 70-ci illərdə aparılmış məhkəmədə dövlət ittihamçısı olub. Bu müsahibə Yamən Yusifovun personasına marağı artırdı. Belədə Modern.az saytı 1962-ci ildən 1982-ci ilə qədər keçmiş Dövlət Təhlükəsizlik Komitəsində (DTK) aparılan istintaq işlərinə nəzarət üzrə rəhbər şıxs olmuş III dərəcəli dövlət ədliyyə müşaviri Yamən Yusifovu “Sabiqlər” rubrikası” çərçivəsində danışdırmağı qərara aldıq.
Ədliyyə generalı ilə müsahibəni təqdim edirik.

- Yamən müəllim, özünüz haqqında məlumat verə bilərsinizmi?

Əslimiz Ermənistanın Sisyan rayonundandır. Atam Surxay Yusifov Vağadi, anam Mina Atakişi qızı isə Şəki kəndində anadan olub. Valideyinlərim 1918-ci ildə erməni-müsəlman davası zamanı Ağdama, Xocalıya gəliblər. Mən 1924-cü ildə Ağdamda anadan olmuşam. Orta məktəbi Ağdamda bitirdikdən sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşam və 1947-ci ildə dövlət imtahanlarını əla qiymətlə verib bu ali məktəbu bitirmişəm.
- Hansı vəzifələrdə işləmisiniz?

- 1944-1946-cı illərdə tələbə olarkən SSRİ XDİK- Bakı Milis Məktəbində və Ədliyyə Nazirliyinin nəzdində olan iki illik Hüquq məktəbdə müəllim işləməklə cinayət hüququ və cinayət proses hüququndan dərs demişəm. O vaxt respublika prokurorunun müavinləri Əjdər İbrahimov və Qara Məmmədov Hüquq fakültəsində dərs deyirdilər. Onlar məni Respublika Prokurorluğunda işləməyi təklif etdilər. Mən də razılıq verdim. Bununla da taleyimə prokurorluq orqanında işləmək nəsib oldu. 41 il bu orqanda işlədikdən sonra 1987-ci ildə təqaüdə çıxdım.
İndi qocalmışam, mart ayının 8-də 89 yaşım tamam olacaq. Buna baxmayaraq, insanlıq ləyaqətimi, insanlara olan sonsuz məhəbbətimi itirməmişəm. Bağımda əkdiyim hər bir ağac, hər bir yaşıl pöhrə, ədalət naminə minlərlə insanlara etdiyim təmənnasız yaxşılıqlar, bu ahıl çağımda mənə göstərilən doğma münasibət, keçmiş iş yoldaşlarımın və dostlarımın mehribanlığı məni həm sevindirir, həm də ömrümü uzadır.
- Prokurorluq orqanında bu qədər xidmətləriniz olduğu halda nə üçün tez, 63 yaşda təqaüdə çıxdınız?


- 1943-cü ildə tələbə olduğum müddətdə Zərifə xanımla ailə həyatı qurduq. O, mənə 4 övlad -3 oğlan, 1 qız bəxş etdi. Övladlarım Oqtay, Tofiq və İlham Hüquq fakültəsini bitiriblər. Oqtay xalq hakimi, İlham Daxilli İşlər Nazirliyində şöbə rəisi , Tofiq isə keçmiş Şaumyan rayon prokurorunun müavini vəzifəsində işləyirdi...
İki oğlumu - Oqtay və Tofiqi itirdik. Oqtay qan təzyiqindən dünyasını dəyişdi, Tofiq isə milliyətcə erməni olan Dallakyan tərəfindən 1989-cu ildə öldürüldü. Buna görə də 15 il həbs cəzasını alıb Aşağı Tağıl həbs düşərgəsinə göndərildi. 2005-ci ildə azad olunduqdan sonra Moskvada hava limanında səhv etdiyi barədə məktub yazaraq boğazını kəsməklə intihar etdi...

1986-cı ildə SSR Baş Prokurorluğundan belə bir göstəriş gəlmişdi ki, ata ilə oğul bir orqanda işləyə bilməz. Buna eşidən Tofiq respublika prokurorunun müavini Rəsulbəyovun yanına gedərək, işdən çıxması üçün ərizə yazmışdı. Amma mən oğlumun cavan olmasını nəzərə alıb, 1986-cı ilin may ayında Baş prokuror İlyas İsmayılova müraciət edərək, pensiyaya çıxmağıma icazə verməsini xahiş etdim. O, istəmirdi ki, mən pensiyaya çıxım. Ona görə də 1986-cı ilin dekabr ayına kimi əmrimi vermədi.

Prokurorluq orqanlarında bu göstəriş əsasında çox işçilər işdən çıxarıldı, vicdan əzabı çəkməyim deyə, ikinci dəfə Baş prokurora və SSRİ Prokurorluğuna müraciət edib, pensiyaya çıxmağıma icazə verilməsini yenidən xahiş etdim və nəhayət 1987-ci ildə pensiyaya çıxdım.

- Prokurorluq orqanında qarşılaşdığınız maraqlı məsələlər barədə məlumat verməyinizi istərdik.


- Mən 1947-ci ildən 40 il Respublika Prokurorluğunda məsul vəzifələrdə Baş prokurorun müavini, İstintaq şöbəsinin rəisi, Cinayət məhkəmə şöbəsinin rəisi, Şikayət şöbəsinin rəisi, 20 il DTK-də aparılan istintaq işlərinə nəzarət şöbəsinin rəisi işləmişəm.
“Prokurorluq orqanının fəxri işçisi”, “Respublikanın əməkdar hüquqşünası” kimi fəxri adlara layiq görülmüşəm. Prokurorluq orqanının tarixində yalnız mənə təqaüdə çıxmazdan əvvəl Nazirlər Sovetinin qərarı ilə fərdi pensiya təyin edilib.
SSR Ali Soveti Rəyasət heyətinin sədri Voroşilovun 4 aprel 1958-ci il tarixli fərmanı ilə mənə ədliyyə generalı rütbəsi verilən zaman ulu öndər Heydər Əliyev DTK-nın 5-ci şöbəsinin rəisi polkovnik Firudin Bağırovla prokurorluğa gəlib məni təbrik etdi. Mən də onu general rütbəsi alan zaman gedib kabinetində təbrik etmişəm.
1982-ci ildə SSR prokurorluğunun 60 illiyi ilə əlaqədar Moskva şəhərində keçirilən mərasimdə nümayəndə heyətinə Baş prokuror Abbas Zamanov rəhbərlik etməli idi. Heydər Əliyev ona icazə vermədi. Zamanovun iki müavini olmasına baxmayaraq, onun göstərişi əsasında nümayəndə heyətinə rəhbərlik mənə həvalə olundu.
İşlədiyim müddətdə prokurorluq orqanını özümün daimi yaşayış evi hesab edib, çalışmışam ki, bu evi təmiz saxlayım ki, ora ləkə düşməsin. Çalışmışam ki, natəmiz insanlardan uzaq olum. Taleyimdən razıyam ki, buna da nail olmuşam. İşlədiyim müdətdə qanunun aliliyini əsas tutaraq hər bir qanunsuzluğa qarşı öz sözümü deməklə etirazımı bildirmişəm.

Bir faktı demək istəyirəm. 1970-ci ildə Mərkəzi Komitənin göstərişi əsasında Lənkəran rayonunda cinayətkarlığa qarşı mübarizənin vəziyyətini yoxlayarkən çoxlu qanun pozuntusu müəyyən etdim, yoxlamanın nəticəsi Mərkəzi Komitənin büro iclasında müzakirə edilərək, rayon prokuroru və Milis Şöbə rəisi vəzifələrindən azad edildi. Uzun müzakirələrdən sonra Lənkərana Mingəçevir şəhər prokuroru işləyən Ələddin Sultanovun göndərilməsi qərarı alındı. Mən Ələddin müəllimlə Lənkərana gedib onu Raykomun katibi İsa Məmmədova təqdim etdim.

Təxminən 1971-ci ilin may ayında respublika prokuroru Qambay Məmmədov məni iş otağına çağırıb bildirdi ki, Lənkərana gedib prokurorun iş fəaliyyətini yoxlamalıyam: “O işləyə bilmir, mən onu işdən çıxardacam”. Biz Lənkərana getdik. Komisiya üzviləri, xüsusi ilə kadrlar şöbəsinin prokuroru Eynullayev, Ələddin müəllimin yaxşı işini qeyd etmək istəmirdi. Ona görə də aralarında böyük narazılıq oldu. Ələddin müəllim mənə müraciət edərək dedi:
“Yoldaş Yusifov!...Mənə qarşı münasibət dəyişilib, qardaşımı işdən çıxarıblar. Ola bilsin ki, məni də işdən azad edəcəksiniz. Ancaq sizdən bir xahişim var. İşimi ədalətli yoxlayıb, düzgün qiymət verəsiniz”.
Göstəriş verdim ki, komissiya üzvləri öz sahələri üzrə arayış tərtib edib, mənə versinlər. Onların arayışları ilə tanış olub, müəyyən etdim ki, Ələddin Sultanovun müsbət işini yazmayıblar. Mən ümumi arayış tərtib edib, Bakıya qayıtdım. Komissiya üzviləri özlərini yaxşı etmək məqsədilə məndən qabaq Qambay Məmmədovun yanına gedib, prokuror haqqında pis rəy yaratmışdılar. Qambay Məmmədov hər gün işə gələndə mənim iş otağımın qabağından keçirdi. Bir gün gülərək mənə dedi ki, “getdin malaladın gəldin?”. Dedim “yoldaş Məmmədov, bilirsiniz ki, mən ədaləti sevən adamam. Heç bir şeyi malalamamışam”.
20 gündən sonra yoxlamanın nəticəsi müzakirə olundu. Mənim haqlı olduğumu müəyyən edib göstəriş verdi ki, Ələddin müəllimin iş təcrübəsi bütün rayon prokurorlarının nəzərinə çatdırılsın.
İşlədiyim 40 ildə qanunsuzluğa yol vermədim, bütün məsələləri şəxsi maraq ummadan, ədalət naminə həll etdim. Prokurorluq işçiləri üçün Nizami küçəsi 14-də 5 mərtəbəli yaşayış binası tikdirdim.

- Yamən müəllim, siz uzun illər DTK- də aparılan istintaq işlərinə nəzarət şöbəsinin rəisi işləmisiniz. Vəzifəniz nədən ibarət olub?

- 1962-ci ildə məni DTK-da aparılan istintaq işlərinə nəzarət şöbəsinin rəisi təyin etdilər. 1982-ci ilə kimi bu şöbədə işlədim. 16 il Respublika Prokurorluğunda işləməyimə baxmayaraq bu şöbənin nə işlə məşğul olduğunu bilmirdim. Çünki bu şöbədə işlər məxfi aparılırdı. Şöbə rəisinin və prokurorlarının vəzifəsi ondan ibarət idi ki, DTK-nın işçiləri tərəfindən qaldırılan hər bir cinayət işinin əsaslı olub-olmamasını yoxlasınlar, müqəssirlərin və şahidlərin dindirilməsində iştirak etsinlər, işlər üzrə göstərişlər versinlər, DTK-nın təcridxanasında yoxlama aparsınlar, dövlət sərhəddini pozan şəxslərin saxlanma şəraitini yoxlasınlar. Bundan əlavə həbs edilib güllələnən, məhkum edilən insanların cinayət işlərinin əsaslı olub-olmamasını da yoxlamaq idi işim. Rəis işlədiyim müddətdə respublikamızda baş verən ağır cinayət işlərinin, külli miqdarda mənimsəmə, rəhbər işçilərin vəzifələrindən sui-istifadə etmələri, valyuta əməliyyatları, vətənə xəyanət və s. işlərin istintaqı aparılıb. DTK-da o vaxt siyasi yetkinliyə, dərin savada, mürəkkəb həyat hadisələrindən baş çıxartmaq bacarığına malik olan müstəntiqlər işləyirdi. Bu müstəntiqlər tərəfindən istintaqı aparılıb məhkəməyə göndərilən işlərdən istintaqa qaytarılıb bəraət alan olmayıb.
Mənim rəhbərlik etdiyim şöbədə dərin savada, möhkəm xarakter və iradə mətinliyinə sahib olan Soltan İmanov, Fikrət Məmmədov, Ağabala Əliyev, Vladimir Çudin kimi prokurorlar işləyirdi. Bu prokurorlar istintaqı aparılan işlərdə iştirak etməklə lazım olan köməyi edirdilər. 20 il müddətində “xalq düşməni” damğası altında həbs edilən 7 mindən çox soydaşımız təmizə çıxarıldı.
SSRİ prokrorluğu tərəfindən hər il DTK-da aparılan işlərin vəziyyəti yoxlanılıb, yüksək qiymətləndirilirdi. Xüsusi ilə qeyd etmək istəyirəm ki, bu şöbədə işlədiyim 20 il müddətində bir nəfər də olsun DTK tərəfindən əsassız cinayət məsuliyyətinə cəlb edilən şəxs olmdı.

- Siz şəxsən rəis kimi o işlərin istintaqı zamanı iştirak edirdinizmi?


- Ən mürəkkəb işlərə nəzarət etməklə Ali Məhkəmədə dövlət ittihamını müdafiə etmişəm. Həmin işlərdən bir neçəsini göstərə bilərəm. Əbülfəz Elçibəyin işi, Bakı Dövlət Universitetində olan rüşvətxorluq işi, Amerika casusu Malyarinin və bir çox işləri göstərə bilərəm. Amerika casusu İran vətəndaşı Malyarini şəxsən Heydər Əliyev ifşa edib tutmuşdu. İşin istintaqını şöbə rəisi Höcət Vəliyev aparırdı. Heydər Əliyev məndən xahiş etdi ki, bu işin nəzarətini şöbə prokuroruna tapşırma, özün et. Mən də Ali Məhkəmədə dövlət ittihamını müdafiə etdim.
- Heydər Əliyevlə görüşləriniz olurdumu?

- Prokurorluq orqanlarında mənim qədər Heydər Əliyevlə ünsiyyətdə olan prokuror olmayıb. 20 il mən DTK-nin istintaq işlərinə nəzarət etmişəm. Görüşlərimiz tez-tez olurdu. İş otağımda onların daxili telefonları var idi. Tez-tez danışardıq. Bütün bayramlarda daxili telefonla zəng edib məni və şöbənin işçilərini təbrik edərdi. Çox incə zarafatı var idi. Dəqiq tarixi yadımda deyil. ABŞ-ın prezidenti Kennedi öldürülən il idi. Heydər Əliyev mənə zəng etdi, salamlaşdıqdan sonra soruşdu ki, “sizin Amerikada qohumunuz varmı?”. Dedim “yox, bu nə söhbətdir?”. Gülərək dedi ki, “elə-belə soruşuram”. Bu söhbətdən 5 saat sonra Respublika Prokurorluğunun xüsusi şöbəsinin rəisi Pankova ABŞ-ın təhqiqat bürosundan mənə göndərilmiş “pasılka”nı gətirib sotulun üstünə qoydu. Heydər müəllimin mənə zəng vurması, “pasılka”nın göndərilməsi məni narahat etdiyi üçün Moskvaya zəng etdin. Şöbə rəisi Terexov mənə dedi ki, “narahat olma, bizim xəbərimiz var. Prezident Kennedinin öldürülməsi ilə əlaqədar yazılan kitabdır. Sizin respublikada 20 adama, o cümlədən Heydər Əliyevə, Qambay Məmmədova və bir çox nazirlərə göndəriblər”.

Nikita Xruşov ilk dəfə Bakıya gələrkən stadionda ictimaiyyətlə görüş keçirməli idi. Tribunanın qarşısında olan yerlərdə kimlərin oturmasını Heydər Əliyev müəyyən edirdi. Daxili telefonla zəng vurub dedi ki, “sənə iki buraxılış vərəqəsi göndərirəm, yoldaşınla gələrsən”. Biz getdik, yanımızda olan yerdə Suraxanı rayon Partiya Komitəsinin birinci katibi oturmuşdu. Xruşov məruzə edən vaxt onun ürək ağrısı tutdu, rəhmətə getdi...

Bu şöbədə rəis işlədiyim müddətdə həmişə sıxıntı içərisində mənəvi əzab çəkmişəm. Ürək açıqlığı ilə söhbət edə bilməmişəm. Hansı kabinetə getmişəmsə, stolun üstündə olan kağızın üstünü örtüblər. Bir dəfə Heydər müəllimin yanına gedəndə dedim:

- Bu nədir? Hansı kabinetə gedirəmsə, kağızın üstünü örtürlər. Hətta mən göndərdiyim məktubları da məndən gizlədirlər. Heydər müəllim gülərək mənə dedi ki, “nə etmək olar, bizdə qayda belədir”.
- 1993-cü ildən sonra necə, Heydər Əliyevlə əlaqələriniz oldumu?

- Yox, onda mən işləmirdim.
- Uzun müddət hüquq sistemində olmusunuz. 40 –cı illərin məhkəmə işləri ilə bağlı nə deyə bilərsiniz. Hansı hay-küylü işlərdə olmusunuz?

- Mən 1952-53–cü illərdə Respublika Prokurorluğunda istintaq şöbəsinin rəisi işləmişəm. O müdətdə Mircəfər Bağırov da Mərkəzi Komitənin birinci katibi idi. O dövrdə insanlar öz azad fikrini deyə bilmirdi. Mən çox zaman respublika prokuroru Əfəndiyevin kabinetinə gedirdim, gəlirdim. Bağırov zəng vuran kimi respublika prokuroru ayağa dururdu. İçəridəki adamların hamısını da çölə çıxarırdı, sonra danışırdı. Bax belə bir dövir idi.
- O zaman haqsız işlər çoxmu olurdu? Cinayət işlərinin açılması, hüquq sistemi necə işləyirdi? İşlədiyiniz vaxt Bağırovla görüşünüz olubmu?


- Qasım İsmayılov (indiki Goranboy) rayon Partiya Komitəsinin katibi Yaqub Gözəlovun Mircəfər Bağırov ilə yaxın olması, vəzifəsindən istifadə edərək dövlət əmlakını mənimsəməsi haqqında mərkəzi təşkilata çoxlu imzasız məktublar daxil olmuşdu. Ona görə də Bağırovun göstərişi əsasında Mərkəzi Komitənin katibi Qafarzadə tərəfindən bu materialların yoxlanılması üçün komisiya yaradıldı. Komissiyanın başında kənd təsərrüfat naziri İlyas Abdullayev dururdu. Komissiyaya Gəncə vilayət partiya komitəsinin birinci katibi Mustafayev, ədliyyə naziri Məmmədov, “Qosplanın” sədr müavini Allahverdiyev daxil edildi. Biz 20 gün yoxlama apardıq.
Çox şeylər müəyyən oldu, qanunsuzluqlar üzə çıxdı, adamlar həbsə alındı. Amma məktubu kimin yazdığını tapa bilmədik. Gözəlov da iddia edirdi ki, “Dəliməmmədlidə Əhmədov adlı sovxoz direktoru və onun qohumları yazıb məktubları. Yusifov da onu həbsə almaq istəmir”.

Sonra Gözəlov məndən Mərkəzi Komitəyə şikayət etdi. Ona görə də MK-nın katibi Qafarzadə komisiya sədrinə göstəriş vermişdi ki, bu məsələ rayon Partiya Komitəsinin iclasında müzakirə edilsin. Məsələ müzakirə edilən zaman komissiyanın sədri Abdullayev məndən tələb etdi ki, Əhmədovu həbs edim. Mən də heç bir material olmadığını bəyan etməklə bu təklifi rədd etdim. İlyas Abdullayev respublika prokuroru Rəhimova zəng edib Əhmədovun həbs edilməsi üçün göstəriş verilməsini xahiş etdi. Sonra telefonun dəstəyini mənə verdi, mən bütün əhvalatı məruzə edib, bildirdim ki, “Əhmədovun həbs edilməsi üçün heç bir əsas yoxdur. Məndən isə tələb edirlər ki, sən həbs et! Biz sovxozu yoxlayıb material verərik”.
Rəhimov mənimlə razılaşdı.
Bundan sonra Abdullayev və Gözəlov XDİK rayon şöbəsinin rəisi Əmiraslanova göstəriş verdi ki, Əhmədovu həbs edin ,o da rədd etdi.
Büro iclasında iştirak edən Gəncə Vilayət Partiya Komitəsinin birinci katibi Mustafayev təklif etdi ki, büro iclasını davamını sabah başlayaq, təklif qəbul olundu. Komisiya üzvüləri Gəncəyə getdi. Saat 11 olardı, İlyas Abdullayev Mustafayevin kabinetindən Bağırovla danışmaq istədi, kabinetdə olmadığını bildirdilər. Onda Teymur Quliyevlə danışıb məndən şikayət etdi. Sonra dəstəyi mənə verdi. Quliyevin mənə ilk sözü bu oldu:
- Nə üçün cinayətkarı müdafiə edirsən?
Mən bütün məsələni ona izah etdim və xahiş etdim ki, respublika prokuroru ilə danışsın. O hökumət telefonu ilə Rəhimovla danışdı, sözləri düz gəlmədi, “svoloç” deyərək dəstəyi asdı...
Gecə saat 12- də qonaq evinə getdik. İlyas Abdullayev və Axverdiyev məndən tələb etdi ki, əgər Əhmədovu tutmasaq, Bağırov bizi partiyadan çıxaracaq. O, Yaqub Gözəlovun dostudur. Səhəri gün bütün komisiya üzvlərini Bakıya çağırdılar, mən bütün yoxlama materiallarını Rəhimova məruzə etdim....
4-5 gün gözlədim...Məni heç kim çağırmadı. Sonra bir gün Rəhimovun maşının bizim qapıda dayandığını gördüm. Sürücü məni təcili olaraq Mərkəzi Komitəyə apardı. Daha sonra məni Bağırovun kabinetinə apardılar. İçəridə komissiya üzvilərinin olduğunu gördüm. Prokuror Rəhimov ortada ayaq üstə idi. Mən qapının ağzında divara söykənərək dayanmışdım. Bağırov mənə yaxınlaşaraq eynəyini alnına qaldırıb, baxdıqdan sonra Rəhimova yaxınlaşıb rus dilində dedi:
- Mən sənə 24 saat vaxt verirəm. Əgər tutmasanız respublikadan gedin.
Hər ikimiz otaqdan çıxdıq. Rəhimov, Qasım İsmayılov rayon purokuroru Rəsulova zəng edib göstəriş verdi ki, təcili olaraq Əhmədovu həbs edib, ona zəng vursun. Gecə saat 1 olardı, Rəsulov zəng edib bildirdi ki, Emilyanovun göstərişi əsasında Gəncədən gəlib Əhmədovu və digərlərin həbs edib Bakıya apardılar...
- Mircəfər Bağırovun məhkəməsi yadınızdadırmı?

- Mən hazırda həmin məhkəmədən bir material hazırlayıram. Məhkəmədə iştirak etmişəm.O zaman Respublika Prokurorluğunda şöbə rəisi vəzifəsində işləyirdim. Hər gün əvvəldən axıra qədər məhkəmədə oldum. Bağırov ağır xəstə idi. Həqiqəti dedi. Heç bir şeydən qorxmadı. Məhkəməyə gətiriləndə Bağırovun qoluna girib gətirirdilər. Mərdanə girirdi içəri. Hər bir şeyə də olduğu kimi cavab verirdi. Son sözlərində dedi ki, “məni güllələmək yox şaqqalamaq lazımdır. Mən bunlara (Qriqoryan, Barşov, Yemilyanov) inanmışam”.
- Bağırov o qədər insanın öldürülməsində günahını etiraf etdimi?
- Xalqımızın başına gətirilən misli bərabəri olmayan faktları təsdiq edən məxfi sənədlər, ata-anaları “xalq düşməni damğası” ilə həbs edilən insanların yetim qalan uşaqlarının qəm, kədər yüklü məktubları qəlbimi öz-özünə alovlandırıb tədricən külə çevirən bir ocağa bənzətmişdi. Bu ocağında hərarətini, şöləsini özümdən başqa heç kim hiss etməzdi.
Rusiya imperiyasının əsarəti altında elə bir millət olmamışdı ki, “xaq düşməni”, “Vətənə xəyanət” adı altında məhkum edilməsin.
Məsələn, SSRİ Xalq Komissarları Sovetinin 5 noyabr 1934-cü il tarixli qərarı əsasında təşkil edilmiş 3-5 nəfərlik hərbi tribunal tərəfindən 1920-1950-ci illərdə 3 milyondan çox sovet vətəndaşı əsassız cəzalandırılaraq repressiyaya məruz qalılb. Bunlardan 642 min 980 nəfər güllələnib, 2 milyon 369 min 220 nəfər həbsxana və islah düşərgəsinə göndərilib, 765 min 180 nəfər isə məcburi surətdə sakin edilmə yerlərinə göndərilib. Siyasi repressiyalara məruz qalan, vətən xaini kimi həbs edilənlərin milli tərkibi haqqında: ruslar 830 min 491 nəfər, ukraynalılar 181 min 95 nəfər, beloruslar 44 min 925 nəfər, tatarlar 24 min 894 nəfər, qazaxlar 17 min 723 nəfər, gürcülər 11 min 723 nəfər, ermənilər 11 min 4 nəfər , polyaklar 1 milyon 686 nəfər, almanlar 24 min 499 nəfər... Qalan millətlər haqqında məlumat verilmyib.
Bunların hamısı mətbuatda verilmişdi. Xalqı qorxutmaq məqsədi ilə edilən bu repressiyalar ədalətsiz Sovet İmperiyasını saxlamaq məqsdi ilə edilmişdi. Sovet İttifaqı xalq daxili işlər komissarı N.S.Yejovun 20 iyul -1937-ci il tarixli əmri əsasında bunlar həyat keçirilmişdi. Həmin əmrdə tələb olunurdu ki, 37-ci il avqust ayının 5-dən bütün respublikalarda, diyar və vilayətlərdə antisovet ünsürlərə qarşı repressiya əməliyyatı başlasın. Repressiya olunan bütün antisovet ünsürlər iki kateqoriyaya bölünsün: “Qatı mövqe tutan ünsürlər” birinci kateqoriyaya salınsın və dərhal həbs edilsin. 3-5 nəfərlik tribunal tərəfindən onların işlərinə baxılsın və güllələnsin. Az təhlükə yaradanlar isə ikinci kateqoriyaya salınmaqla 8 ildən 10 ilə kimi müddətə həbs düşərgələrinə göndərilsin və həbs edilənlərin ailələri sürgün edilməklə nəzarətdə saxlanılsın”.
Yejovun bu əmri əsasında Azərbaycanın bütün şəhər və rayonlarında siyahılar tərtib edilmiş və həmin siyahılara elm, incəsənət xadimləri, Xəzər gəmiçiliyində, neft mədənlərində, sovet partiya orqanlarında işləyən fəal insanların adları salınmaqla “xalq düşməni” damğası adı altında 75 min 852 nəfər Azərbaycan vətəndaşı həbs edilmişdi. Həbs edilənlərdən 30 mindən çoxunun ailə üzvüləri Sibirin, Qazaxıstanın çöllərinə sürgün edilərək xüsusi rejim altında saxlanılıb. Cinayət işlərinin istintaqı əksər hallarda milliyyətcə erməni olan müstəntiqlər tərəfindən aparılıb.
Uzun illər bu şöbədə rəis işləmiş ədliyyə generalı Selvestrov Quzma Nikolayeviç Xalq DİK-nın işçiləri tərəfindən qanunların pozulması, insanların vəhşicəsinə döyülərək ifadələr alınması, prokurorluq orqanları ilə hesablaşmamları barədə SSRİ baş prokuroruna məktublar göndərib, tədbirlər görülməsini xahiş etməsinə baxmayaraq heç bir tədbir görülməyib.

- Bağırovun bu faktlara reaksiyası necə oldu?
- Bağırov bunları inkar etmirdi. Elə bir sözü deyirdi ki, “mən bunlara inanmışam”.
1937-ci il noyabr ayının 15-dən 16- na keçən gecə 365, dekabr ayının 30-dan 31-nə keçən gecə 48 nəfər, yanvar ayının 2-dən 3-ə keçən gecə 47 nəfər, yanvar ayının 13-dən 14-ə keçən gecə 238 nəfər, 19-dan 20-ə keçən gecə 210 nəfər insan Sumbatovun əmri əsasında şöbə rəisi Suxanov tərəfindən “üçlüyün” qərarı ilə həbs edilərək güllələnib. Güllələnmə zamanı amansız qəddarlığa yol verilib. Onlar açıq maşınlara 2-3 cərgə üst–üstə yığılaraq üstləri odeyal ilə örtülmüşdür. Hava çatışmamazlığından onların yarısı güllələnməyə gətirilənədək ölərmiş. Sağ qalanların isə güllələnib meyidləri quyulara atılarmış. Bunları məhkəmə zamanı şahidlər təsdiq etmişdilər. Mən bütün məhkəmə prosesində iştirak etdiyimdən hər bir şeyi detallı yadımda saxlamışam.
- Yamən müəllim mətbuatda və xalq arasında belə bir məlumat yayılmışdı ki, Bağırovu güllələnmə hökmü icra edilməyib, bu barədə fikrinizi bilmək istərdik.

- Bu məlumatlar həqiqətə uyğun deyil. Hökm 1956-cı il may ayının 7-də Moskvada icra edilib.
- Adamlar çoxmu gəlirdi məhkəməyə?

Çox gəlirdi. Repressiyaya məruz qalan insanların işləri yekunlaşdırılarkən müəyyən edildi ki, uzun illər respublikaya rəhbərlik etmiş Bağırov və ona sadiq qalan Ruben Markariyan, Xoren Qriqoryan, Stepan Yemilyanov, Ağasəlim Atakişiyev təqsiri olmayan tərəqqipərvər insanlara qarşı saxta cinayət işlərinin qaldırılmasına, işgəncələr verilməsinə göstərişlər veriblər.

Bir faktı göstərmək istərdim: Azərbaycanın görkəmli elm xadimi Heydər Hüseynov 15 avqust 1950-ci ildə Şüvəlanda olan bağında özünü tavandan asmışdı. Cəmi 42 il həyat yaşayan akademiki də bu cür intihar etməyə məcbur etmişdilər.

- Bəs Azərbaycan Elmlər Akademiyasının birinci vitse-prezidenti, Marksizim-Leninizm İnstitutunun direktoru, “Stalin mükafatı” alan Heydər Hüseynovun intihar etməsinə səbəb nə idi?

- Əsas səbəb onun yazmış olduğu “Azərbaycanda 19-cu əsr ictimai və fəlsəfi fikirlər tarixindən” adlı əsərində Qafqaz xalqlarının qəhrəman oğlu Şeyx Şamilin hərəkatına müsbət qiymət verməsi olmuşdu. O əsərində ədalət naminə düzü-düz, əyrini-əyri yazmışdı. Həmin kitab rus dilində yazılmaqla Rusiyada böyük marağa səbəb oldu. Stalin mükafatına təqdim olundu. O bu kitabı ilə yaddan çıxmayan tarixi bir abidə qoydu. Bütün bunlar Mircəfər Bağırovun xoşuna gəlmədiyi üçün Hüseynov tənqid atəşinə tutuldu, üzv olduğu partiyadan və işindən çıxarıldı. Halal zəhməti ilə qazandığı fəxri adlarından məhrum edildi. Kitabına görə verilmiş ikinci “Stalin mükafatı” ləğv olundu. Ədalətsizliyə dözə bilməyən akademik özünü öldürmək məqsədilə iş otağında damarlarını kəsdi. Özünə olmazın əzablar verdi. 1950-ci il mart ayının 14-də Filarmoniyanın binasında ziyalıların iştirakı ilə keçirilən yığıncaqda Bağırov Heydər Hüseynovun “burjua alimi kimi siyasi səhvlərə yol verdiyini” bəyan etdi. Avqust ayının 13-də qardaşı həbs edildi. Ümidi hər yerdən kəsilən akademik məcbur olub intihar etdi.
Ölümündən 47-il sonra 1997-ci il oktyabrın 30-da Qafqaz xalqlarının qəhrəmanı kimi yad edilən Şeyx Şamilin 200 illiyinə həsr edilmiş tədbirdə çıxış edən Dağıstanın prezidenti Muxu Əliyev onun şəxsiyyətinə böyük qiymət verərək bəyan etdi ki, mərd insan, böyük alim Heydər Hüseynovun işıqlı xatirəsi Azərbaycan xalqı ilə bərabər, qədirbilən Dağıstan xalqının qəlbində də əbədi yaşayacaq.
100 illiyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı 11 iyul 2006-cı il tarixli sərəncam Heydər Hüseynovun şəxsiyyətinə verilən qiymət idi.
O hadisəni yaxşı xatırlayıram... 1950-ci il avqust ayının 15-də səhər tezdən respublika prokuroru Əlabbas Əliyevlə birlikdə Əzizbəyov rayonu Şüvəlan qəsəbəsində Heydər Hüseynovun bağ evinə getdik. O özünü bağ evinin tavanından asmaqla intihar etmişdi. Bu çox dəhşətli hadisə idi (ağlayır). Həyətdə 6-7 nəfər Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı durmuşdu. Əldə olan kitabları, mənzili ələk-vələk edirdilər. O zaman Dövlət Təhlükəsizlik Komitəsinin vahiməsi bir kabus kimi xof yaratmışdı. Respublika prokuroru komitənin əməkdaşlarından onun ölümünün səbəblərini, məktub yazıb-yazmaması barədə soruşdu. Onlar isə cavab verdilər ki, bəzi qeydlər var idi, onu da mərkəzə göndəriblər. Onlar götürmüş olduqları sənədləri prokurora göstərmək istəmirdilər. Bunun üstündə aralarında narazılıq oldu. DTK işçiləri adi insanlıq qaydalarına əməl etmədən görkəmli şəxsiyyətin cənazəsini heç bir şeyə bükmədən və məhkəmə-tibbi ekspertiza çağırmadan yük maşınına lazımsız əşya kimi atıb, qızını və həyat yoldaşını da özləri ilə apardılar. O vaxtdan 62 il keçib.
Onların tökdükləri göz yaşları, ah-nalələrini indi də xatırlayarkən çox sarsılıram (ağlayır). Mənəvi əzab çəkirəm.
Bağırov yaddan çıxarmamalı idi ki, tale heç kimi mütləq mənada əlçatmaz etmir. Tarixin sənədlərini vərəqləyin, görəcəksiniz ki, həyatda ən qüdrətli insanların da sarsıldığı, inam sütunlarının qırıldığı anlar olur. Akademiyada keçirilən mərasimdə çıxış edərək xalqımıza qarşı edilən ədalətsizlikləri faktlarla şərh etdim.
Atasına qarşı edilən ədalətsizlik nəticəsində əlil olan qızı Sara xanım əlil arabasında mərasimə gətirilmişdi. Onun çıxışı bütün mərasim iştirakçılarının göz yaşlarına səbəb oldu.

“Atam SSRİ Ali Sovetinin deputatı seçilməli idi. Bağırov buna imkan vermədi. Fevral ayının 14-də onu Mərkəzi Komitədən çağırıb tələb etdilər ki, Şeyx Şamilin İngiltərənin və Türkiyənin casusu olmasını qəbul etməlisən. O bu təklifi rədd etdi. Səhəri gün işə gedəndə seyfinin açılıb partiya biletinin götürüldüyünü və kabinetində başqa bir adamın oturduğunu gördü. Atam başa düşdü ki, ölüm əkən cəllad maşını onun üçün də hazırlanıb. O cəlladları qabaqlayaraq özü intihar edib, həyatla vidalaşdı. “Xalq düşməni”nin qızı kimi instituta daxil ola bilmədim, işə girə bilmədim. Qapılar mənim üçün bağlı idi. Həyatımız sarsıntı içində keçdi”-deyə Sara xanım bildirdi.
Minlərlə bu cür işləri göstərmək olar....
- Siz 1996-cı ildə Əbülfəz Elçibəyin haqqında məqalə yazmısınızmı?

- Yazmışam. O məqalə 1996-cı ilin dekabr ayının 6-da “Azərbaycan” qəzetində “Yalan heç kimə başucalığı gətirməz” başlığı altında getmişdi. Mən Əbülfəz Əliyev haqqında məqalə yazmazdım. Ona qarşı rəğbətim bir insan kimi böyük idi. Bütün bunlara baxmayaraq, mən həmişə ədaləti sevmişəm. O, prezident seçiləndən sonra respublikada baş verən hadisələrlə əlaqədar tənha qalıb, Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Heydər Əliyev Ali Sovetin sədri seçildi. Ermənistanla müharibə gedirdi. Respublika vətəndaş müharibəsi ərəfəsində idi. Əbülfəz Elçibəy Heydər Əliyevlə birləşib vəziyyəti düzəltmək əvəzinə, güc nazirlərini işdən azad edib, heç kimə heç nə demədən Kələkiyə qaçdı. Dünya təcrübəsində müharibə gedən ölkədə ali baş komandanın ölkəni tərk etməsi cinayət sayılır.
Hüseyn Cavidin cənazəsi torpağa tapşırılanda Kələkidə oturub mərasimə gəlmədi. Özünü gənclərin lideri hesab edən Elçibəy və Xalq Cəbhəsinin rəhbərləri evdə oturub əliyalın gəncləri vəhşiləşmiş rus qoşunlarının qabağına göndərdilər. Nəticədə böyük qırğınlar oldu. Onlarda Nüşabə qədər də qeyrət olmadı. Makedonyalı İskəndər Bərdəyə hücum edəndə Nüşabənin xalqını necə fəlakətdən qurtarmasını xatırlayın.
Elçibəy və məsləkdaşları bunu etmədilər.Ona görə də mən məqalə yazdım.
- Yazmış olduğunuz məqaləyə Elçibəy cavab verdimi?

- Yox, cavab vermədi. Nəzərinizə çatdırmaq istəyirəm ki, redaksiya mənim məaqləmi çap edərkən bir səhvə yol vermişdi. Mən yazmışdım ki, Elçibəy həbs edilən zaman onun evindən “Oğluma vəsiyyət” adlı bir məktub tapılmışdı. Redaksiya çap edərkən “tapılmışdır” sözünü “yazmışdır” kimi qeyd etmişdi. Yazmışdılar ki, “Əbülfəz Əliyev oğluna yazdığı məktubda göstəririr ki...”. Bu səhvə görə mən o vaxt qəzetin redaktoru Mustafayevə zəng etdim. Üzr istəyib dedi ki, bu onun səhvidir. Qəzet artıq çıxmışdı. Bundan 4-5 il sonra eşitdim ki, Elçibəy kitab yazıb, məni kitabında ləzgi adlandırıb, təhqiredici sözlər yazıb. Nə etmək olar, o, artıq dünyasını dəyişib. Əgər sağ olsa idi, mən ondan soruşardım “Əbülfəz bəy, təcridxanada “Yamən müəllimə ömrü boyu borcluyam” dediyiniz sözə niyə xəyanət edib, mənim haqqımda yalan, böhtan yazdınız?”.
- Sonda nə demək istərdiniz ?

- Xalqımızın xöşbəxtliyi naminə bu gün hakimiyyətdə olan dövlət xadimləri, vəzifə sahibləri və müxalifətdə olan hər bir şəxs harada işləməsindən asılı olmayaraq, suveren dövlətimizi qoruyub saxlamaq, xalqın həyatının mənalı, ömrümüzün xoş keçməsi üçün fikirləşib çalışmalıdırlar.
Müsahibəni verməkdə məqsədim Rusiya İmperiyasının məqsədyönlü siyasəti nəticəsində məhv edilən insanların, o cümlədən Heydər Hüseynovun xatirəsi qarşısında insanlıq borcumu, mənəvi borcumu yerinə yetirib, onları yad etməklə qəm, kədər yükümü azaltmaq idi.

Xaqani SƏFƏROĞLU
Şahanə RƏHİMLİ
Bu xəbər oxucular tərəfindən 2383 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed