Şrift:
Prezident İlham Əliyev Mərkəzi Asiya üçün yeni inteqrasiya imkanları yaradır
28.02.2023 [10:15] - Siyasət
Mərkəzi Asiya-Azərbaycan əməkdaşlığında əldə olunmuş dinamik tərəqqi davam etməkdədir. Prezident İlham Əliyevin hər bir Mərkəzi Asiya ölkəsi ilə əməkdaşlığın inkişafına ayırdığı diqqət iki böyük region arasında qlobal anlamda mühüm əlaqələrin möhkəmlənməsinə səbəb olub.

Son illərdə Özbəkistanla Azərbaycan arasında münasibətlər keyfiyyət baxımından yeni inkişaf mərhələsinə qədəm qoyaraq "strateji dərinlik" əldə edib. Qarşılıqlı səmərəli əməkdaşlıq üçün yeni perspektivlər açılmaqdadır. Bunun əsasını 130-dan artıq dövlətlərarası, hökumətlərarası və idarələrarası razılaşmaları əhatə edən böyük miqyaslı hüquqi müqavilə çərçivəsi təşkil edir.

Prezident İlham Əliyev təkcə 2022-ci il ərzində Özbəkistana üç dəfə səfər edib: 21-22 iyun tarixlərində dövlət səfəri baş tutub, 15-16 sentyabr tarixlərində isə Prezident Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitində iştirak üçün ölkəyə səfər edib. Prezidentin Özbəkistana üçüncü səfəri 10-11 noyabr tarixlərində Türk Dövlətləri Təşkilatının sammiti ilə əlaqədar baş tutub.

Prezident İlham Əliyevin 2022-ci ilin iyun ayında baş tutan səfəri çərçivəsində iki dövlət arasında əlaqələrin sonrakı inkişafını müəyyən edən bir sıra vacib sənədlər imzalanıb. Bunların arasında xüsusən Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannaməyə xüsusi diqqət yetirmək lazımdır, belə ki, bu sənəd ikitərəfli əlaqələrdə yeni mərhələ açır. Bu sənəddə ticarətin və sənaye əməkdaşlığının genişləndirilməsi kimi daha mühüm sahələr müəyyən edilib. Tərəflər nəqliyyat-logistika üzrə əməkdaşlıqla yanaşı, kənd təsərrüfatı sektorunun birgə inkişafı haqqında da razılığa gəliblər. Həmçinin hərbi və hərbi-siyasi sferada əməkdaşlıq da prioritetlərdən biridir.

Eyni zamanda fevralın 25-də Daşkənd şəhərində Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Birinci Özbəkistan-Azərbaycan regionlararası forumu baş tutub.

Tərəflər forum çərçivəsində 500 milyon dollar dəyərində ilkin kapitala malik birgə investisiya fondunun yaradılması haqqında hökumətlərarası saziş imzalayıblar. Bu fond iqtisadi əməkdaşlıqda, yeni birgə investisiya layihələrinin reallaşdırılmasında və yeni iş yerlərinin açılmasında mühüm rol oynayacaq.

Forum çərçivəsində bir sıra digər mühüm sənədlər imzalanıb. Daşkənd Şəhər İcra Hakimiyyəti ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi məqsədilə 2023-2025-ci illər üzrə yol xəritəsi imzalanıb. Bundan əlavə, Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Özbəkistanın Alkoqol və Tütün Bazarının Tənzimlənməsi və Şərabçılığın İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Bundan əlavə, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Özbəkistan Respublikası İqtisadiyyat Nazirliyi arasında kiçik və orta biznesin birgə inkişafı, qadın sahibkarlığı və dövlət-özəl sektor tərəfdaşlığına dair Anlaşma Memorandumu imzalanıb.

İmzalanan sənədlərə həmçinin “AzerGold” QSC ilə Özbəkistanın Dağ-Mədən və Geologiya Nazirliyi arasında Anlaşma Memorandumu və əməkdaşlıq sazişi, “Mega Invest Industrial” və “NABUCCO A&C” şirkətləri arasında əməkdaşlıq haqqında memorandum, habelə "Cahan Sənaye Kompleksi" MMC ilə "Azimut plus" şirkəti arasında əmədaşlıq sazişi daxildir.

Son illər ərzində avtomobil sənayesi Azərbaycan-Özbəkistan tərəfdaşlığının həlledici məqamlarından birinə çevrilib. 17 sentyabr 2021-ci il tarixində Özbəkistanın “UzAuto Motors” şirkəti Azərbaycanın “Azərmaş” avtomobil zavodu ilə birlikdə Azərbaycanın Hacıqabul rayonunda “Chevrolet” avtomobilləri üzrə yığma zavodunu işə salıb. Zavodda indiyədək 2700-ə yaxın Chevrolet avtomobili istehsal olunub.

2023-cü ildə tərəflər yığma zavodundan tam istehsal dövrünə keçid etməklə istehsalı 5000 avtomobilə çatdırmağı qarşılarına məqsəd qoyublar. Bundan başqa, UzAuto Motors 2023-cü ildə yeni Chevrolet Onix avtomobil modellərinin istehsalına başlayıb. Avtomobil istehsalçısı 2023-cü ildə bu modeldən 50 min ədəddən çox istehsal etməyi planlaşdırır. Özbəkistan martın sonlarına doğru “Azərmaş” zavodunda Chevrolet Onix avtomobillərinin istehsalına başlamağı planlaşdırır.

Azərbaycanın Avropa və Asiyanın kəsişməsində yerləşdiyini nəzərə alaraq, Özbəkistan ölkəni “Avropa bazarına çıxış qapısı” kimi nəzərdən keçirir. 2022-ci ildə Özbəkistan CASCA+ multimodal nəqliyyat marşrutu ilə Azərbaycan ərazisindən Avropaya ilk konteyner bloku qatarını yola salıb. Hər birinin içərisində 20 futluq mis konsentratı olan 91 konteynerdən ibarət blok qatarı Bakıdan Bolqarıstanın Burqas limanına çatdırılıb. Konteyner qatarı ümumi uzunluğu dörd min kilometrdən çox olan "Özbəkistan - Türkmənistan - Azərbaycan - Gürcüstan - Bolqarıstan/Avropa" marşrutu üzrə hərəkət edib. 2022-ci ilin sonlarında həmçinin Özbəkistanda fəaliyyət göstərən limanlarla Bakı limanı arasında əməkdaşlığın genişləndirilməsi də nəzərdən keçirilib.

Həmçinin 2022-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin 181,9 milyon dollar təşkil etdiyi qeyd edilməlidir. Ötən il Özbəkistandan Azərbaycana ixrac 132,3 milyon dollar, ölkəyə idxal isə 49,5 milyon dollar təşkil edib. Təkcə 2023-cü ilin yanvarında iki ölkə arasında qarşılıqlı ticarət 11 milyon dolları keçib. Eyni zamanda, tərəflər növbəti beş il ərzində ikitərəfli ticarət dövriyyəsini 1 milyard dollardan çox artırmaq niyyətindədirlər.

Son illərdə birgə müəssisələrin sayı dörd dəfə artıb. Özbəkistanda ticarət, maşınqayırma və metal emalı, maliyyə və sığorta, daşınmaz əmlak, enerji, xidmət, zərgərlik məmulatlarının istehsalı və təmiri, qida sənayesi, yüngül sənaye və əczaçılıq sahələrində Azərbaycan kapitalına malik 238 müəssisə fəaliyyət göstərir. Öz növbəsində Azərbaycanda 53 Özbəkistan şirkəti fəaliyyət göstərir və çoxsaylı layihələrin reallaşdırılmasında iştirak edirlər.

Özbəkistan 2020-ci ildə erməni işğalından azad edilən Qarabağda aparılan bərpa işlərindən də kənarda qalmayıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2021-ci ilin martında Türk Şurasının qeyri-rəsmi sammitində çıxışında Özbəkistanın işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa işlərində, əsasən qədim abidələrin, məscidlərin, mədəniyyət və təhsil müəssisələrinin bərpasında iştirak etməyə hazır olduğunu bildirib. Özbəkistan hazırda Füzuli rayonunda 960 şagird yerlik məktəb inşa etməkdədir. Məktəbin bu il istismara verilməsi gözlənilir.

Azərbaycan və Özbəkistan arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq da diqqətəlayiqdir. Təşkilatın 2022-ci il noyabrın 11-də Prezident İlham Əliyevin iştirakı ilə Səmərqənddə keçirilən sammiti türk dünyası ölkələri arasında qarşılıqlı əlaqələrin yeni mərhələsinin başlanğıc nöqtəsini təşkil edib. Bu, mahiyyətcə əməkdaşlıqdan inteqrasiyaya keçid idi.

Təşkilatın yaranmasının əsas həlledici faktoru Prezident İlham Əliyevin uzaqgörən siyasəti olub və hazırda bu struktur üzv ölkələr üçün həyati əhəmiyyətli vəzifələrin həllinə imkan verən ən effektiv platformalardan biri hesab edilir.

Bənzər prioritetlər strateji istiqamətdə uzunmüddətli və davamlı əməkdaşlığın qurulması üçün möhkəm təməl yaradır. Bu baxımdan Mərkəzi Asiya və Cənubi Qafqazda aparıcı rol oynayan Özbəkistan və Azərbaycan regionlararası əməkdaşlığın təkanverici qüvvəsinə çevrilə bilər ki, bu belə də olmalıdır. Bu kontekstdə Prezident İlham Əliyevin regionda uzunmüddətli sülhün, təhlükəsizliyin və stabilliyin təmin olunması istiqamətində göstərdiyi səylər mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında Özbəkistanın da iştirakı ilə başladılan bərpa işləri yeni nəqliyyat əlaqələrinin formalaşmasına, regionun qarşılıqlı səmərəli əməkdaşlıq məkanına çevrilməsinə və regionlararası əlaqələrin möhkəmləndirilməsi üçün yeni perspektivlərin yaranmasına səbəb olacaq.
Bu xəbər oxucular tərəfindən 520 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed