Şrift:
Azərbaycanda bu etibarnamələrin verilməsi ləğv edilir
28.02.2023 [10:16] - Hüquq
Azərbaycanda əhalinin sosial müdafiəsi müəssisələrində olan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərin həmin müəssisənin müdiriyyəti və ya müvafiq sosial xidmət orqanının rəhbəri (onun müavini) tərəfindən təsdiqlənmiş etibarnamələri ləğv edilir.

Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Mülki Məcəllənin 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Etibarnaməni notariat qaydasında təsdiqləmək hüququ notariuslarla yanaşı bir sıra vəzifəli şəxslərə də həvalə edilmişdir. Belə ki, məcəllənin 362.3-cü maddəsində notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulan etibarnamələrin dairəsi müəyyən edilmişdir. Bu hüquq aidiyyəti qurumlara verilərkən bir sıra meyarlar (həmin ərazidə notariat ofisinin olmaması və ya notariusu dəvət etmək imkanının məhdud olması, habelə şəxsin sağlamlıq vəziyyəti ilə bağlı operativliyin təmin olunması zərurəti və sair) nəzərə alınmışdır.

Mövcud qanuna əsasən əhalinin sosial müdafiəsi müəssisənin müdiriyyəti və ya müvafiq sosial xidmət orqanının rəhbəri (onun müavini) tərəfindən təsdiqlənmiş etibarnamələr də notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur və onlar həmin müəssisələrdə olan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərə istənilən etibarnamələri verə bilirlər.

Təklif olunan dəyişikliyə əsasən sosial xidmət müəssisəsinin müdiriyyəti (onun müavini) tərəfindən həmin sosial xidmət müəssisəsinə yerləşdirilən şəxslərə verilə biləcək etibarnamələrin dairəsi məhdudlaşdırılır (bu məqsədlə 362.3.4-cü maddə ləğv edilir) və bu müəssisələrin müdiriyyəti tərəfindən yalnız əmək haqqının və əmək münasibətləri ilə bağlı digər haqların, müəlliflərin və ixtiraçıların haqlarının, pensiyaların, müavinətlərin və təqaüdlərin, fiziki şəxslərin banklardakı əmanətlərinin və poçt göndərmələrinin, o cümlədən pul və bağlamaların alınması üçün etibarnamə verilə bilməsi təsbit edilir.

Eyni zamanda sosial xidmət müəssisələrinin təminatında olan və heç bir vərəsəsi olmayan şəxslərin əmlakının bu sosial xidmət müəssisələrinin mülkiyyətinə keçməsi ilə bağlı müddəaların dəqiqləşdirilməsi də həyata keçirilir (hansı daşınar əmlakın və hansı hallarda sosial xidmət müəssisələrinin mülkiyyətinə keçə bilməsi məsələsi tənzimlənir).
Bu xəbər oxucular tərəfindən 7297 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed