Şrift:
Kərküklü deputat: İraq parçalansa, Kərkük müstəqil dövlət olacaq
26.01.2013 [11:19] - Gündəm, Türk dünyası-Turan
“Kərkük əhalisi, burada yaşayan türkmənlər İraq dövlətinə çox bağlıdırlar və onlar heç vaxt ölkələrinin parçalanmasını istəməzlər. Amma İraq dövləti parçalansa, Kərkük vilayəti müstəqil dövlətə çevrilmək niyyətindədir”.Bu barədə Bakıda səfərdə olan İraq parlamentinin üzvü, İraqın Kərkük vilayətindən olan deputat Jalə Neftçi Bakı Ali Neft Mərkəzində keçirdiyi görüşdə bildirib.

Onun sözlərinə görə, regionda həyata keçirilən və İraqın parçalanmasını nəzərdə tutan Orta Şərq layihəsi gerçəkləşsə, türkmənlər də özlərinə dövlət yaradacaqlar: «Bir türkmən milləti olaraq haqqımız var ki, öz dövlətimizi yaradaq. Ona görə də düşünmüşük ki, İraq bölünsə, bizim də bir dövlətimiz olsun».

Bununla yanaşı, millət vəkili hesab edir ki, İraqı parçalamaq asan deyil və dövlət özünü parçalanmadan qoruya biləcək: «Orta Şərq layihəsi təkcə İraq üçün deyil və müxtəlif dövlətləri əhatə edir. Amma İraqı bölmək o qədər də asan deyil. Ordu baxımından, milli duyğu baxımından İraq zəif dövlət deyil. Millətin torpağa bağlılığı çox dərindir. Ona görə də İraqı bölmək asan deyil. Məsələn, ölkə amerikanlar tərəfindən işğal olundu, hər yer bombalandı, minlərdə insan öldü. Amma ona baxmayaraq, İraq əhalisi amerikanların çıxmasını tələb etdi. Halbuki Amerikanın çıxmaq fikri yox idi. Elə bu hadisələr də göstərdi ki, İraqı parçalamaq o qədər asan deyil».

İraqlı deputat bildirib ki, ölkəsindəki etnik və dini qruplar bir-biri ilə razılıq əldə etməyə və birləşməyə çalışırlar, amma xarici qüvvələr buna mane olur.
Bu xəbər oxucular tərəfindən 1356 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed