Şrift:
Salarlar ölkəsinə səyahətimdən
26.01.2013 [12:39] - Xəbərlər, Türk dünyası-Turan
Ötən ilin mayında Çinə növbəti səfərimdə ən əski Türk toplumlarından olan Salarları canlı görüb, onlarla ünsiyyətdə olmaq qərarına gəldim.

Mahmut Qaşqarlı “Divani Lüğəti-t Türk” kitabında Salarlar haqqında bunları yazır: “.... beşincisi: " Salgur " lardır. Belgeleri şudur: Oğuzların Salgur boyundandır”.

Günümüzdə Salarlar əsasən kompakt halında Çinin qərbində “Sincan Uyğur” vilayətinin qonşuluğunda olan “Çinqhay” vilayətinin tabeliyində olan “Şunhua Salur Muxtar Rayonunda” (paytaxtı Çzişi) , “Qansu” vilayətində və “Sincan Uyğur” vilayətində (əsasən Qulca şəhərində) yaşayırlar.Toplam sayları 104 min nəfər olan Salarların 90 %-i islamın sünnü təriqətinə ibadət edir. Salarların Çində 80-dən çox məscidləri var.

Tarixçilərə görə Salarların bir qismi Orta Asya və Qafqazlara köçmüşlər.

Salarlar çox döyüşkən və üsyankar bir toplum kimi tarixə düşmüşlər. 1781-ci ildə Salarlar Su xanın başçılığı ilə Cahriyyə adlı bir təşkilat yaradaraq bütün müsəlman Salarları müqəddəs cihada səsləmişlər. Qinq İmperiyasına qarşı üsyan edən Salarlar böyük bir ərazini qəsbkar çinlilərdən təmizləməyi başarır. Əski başkəntləri Lancjoyu ələ keçirən salarlar buraya öz bayraqlarını asırlar. Ancaq bir il sonra sayca özlərindən min dəfə çox olan çinli əsgərlər tərəfindən qətliama məruz qalan Salar Türk əhalisinin 40 %-i qətl edilir .1949-cu ildə Çin-Tibet savaşı sırasında Salarlar da çinlilərə qarşı çıxır. Böyük təlafatlar verən Salarlar 1960-ci ilə kimi dağlarda partizan müharibəsi aparır.

Çində rəsmən qeydə alınan 56 millətdən biri olan Salarlar 1970-ci ildən latın əlifbasından istifadə edir.

Sincan Uyğur vilayətinin paytaxtı Urumçi şəhərində işlərimi yoluna qoyduqdan sonra Uyğur dostum Amirlə Urumçidən maşınla Salarlar diyarına yola düşürük. 8 saatlıq yorucu yolçuluqdan sonra Saların başkənti Çzişiyə çatırıq. Doğu Türküstan şəhərlərinə bənzəyən Çzişinin gülərüzlü Türk insanlarını görmək insana çox xoş gəlir. Ətrafı dağlarla sarılı olan Çzişini Sarı irmaq çayı iki yerə bölür. Şəhərdə hər yanda məscidlər – minarələr gözə dəyir. Zamanında bu şəhər İpək Yolu ticarətinin üstündə yerləşdiyindən Salarların keçmiş həyatında ticarətin böyük rolu olmuşdur.
Orta boylu olan bu Oğuz insanları geyimlərindən daha çox inanclı müsəlmaları xatırladır. Kişilərin böyük çoxunluğu üzü tüklü, başlarında müsəlman əmmaməsi, uzunqol ağ köynək, qadınların isə 90 %-qapalı (çadralı) özlərinə xas milli paltarda, gənc qızlar isə, daha çox rəngli milli geyimlərə üstünlük verirlər. Çox maraqlıdır ki, vilayətin qonşu şəhərlərində yaşayan Çinli və Tibetlilər müsir avropa geyimindən çoxdan istifadə etsələr də, Salarlar (yeniyetmələr və uşaqlar xaric) öz milli törələrinə çox sadiqdirlər...
3 gün qonağı olduğumuz Çzişi şəhərində biz spirtli içki içən Salarlıya rast gəlmədik. Salar dili şəhərin məktəblərində seçməli dərs (bir dərs) kimi keçilir. Yerli tv-radyoda Salarca proqramlar-mahnılar yayınlanmaqdadır.

Salarların milli musiqi aləti bir gümüş telli saz olan Koxuadır. Salarların milli yeməkləri plov və balaca şişlərdə bişən toyuq və dəvə kababıdır. Salar kafelərində çay, kofe və dondurma pulsuzdur.

Doğma dillərini qoruyub saxlayan Salarlar özlərinə “Salır”, dillərinə isə, “Salırca” deyirlər. Azərbaycan Türkçəsinə çox bənzəyən Salarcada bizim dildən fərqli ərəb –fars sözləri heç yoxdur. 90 % öz Türkcədə danışırlar. Çin, Monqol və Tibetlilər arasında yaşayan Salarlılar bu basqıdan etkilənərək öz dillərini Çin dialektinə uyğunmuş kimi danışdıqlarının şahidi oluruq. Bu sanki bir çinlinin mükəmməl Türk dilində danımşasına oxşayır. Ancaq onu da öyrənirik ki, kəndlərdə Salarlar daha çox Türkmən dialektinə oxşar bir şivədə danışırlar.

Salarcadan incilər

Salar ağsaqqallarından birilə söhbətdən…

Salarca bəzi sözcüklər : Əlifba- İlipbe, Qızıl-Altun, Ayaq-Ayax, Böyük-Beyik, Mən-Men, Dəvə-Döyə, Düşman-Yağı, Fayda-Faydı, Evlad-Övlat, Göy-Göx, Gözəl-Güzel, Gümüş-Kumiş, İpək-İpex, Harada-Nirede, Haraya-Nindeki, Ramazan-Rözi, Yüz-Bir yüz, Olar-Ular…

Bir Salar şeri:

Köp beyix şeherler men varmış,
Köp çoñ deryalar mende görmiş,
Bir gün öyüm menden yırax volsa eğer,
Göñlümde başqa yoxdur,
Her vağıt yireğimde yamğur yağır.

Öztanıma


- Salarlar kimdir ? Kimə Salar deyilir ?

- Salırlar Oğuz 24 boyuları biridir, Salırları eski adı Salğur çağrır, Salırınıñ atası Dağ xandır, Babası Oğuz xandır.

- Salarların Türk dünyasına baxış açısı necədir ?

- Öxreşme, uruşma, birleğe bolsun! Hemme Türk dünyası birdir.

- Azərbaycandaki qardaşlarınıza nələri demək istərdiniz ?

- Esalam aleykum Azerbaycandağı qardaşlarım, yaxşı mı seler, xoşgeldiñiz Çine, xoşgeldiñiz Salıra.

Anar Məsimov
Bakı-Urumçi-Çzişi-Bakı
“Millətçilik” qəzeti
Bu xəbər oxucular tərəfindən 1161 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed