Şrift:
Fərəc Quliyev:Hətta əməliyyatı Türkiyədə prezident seçkisinədək etməliyik
14.03.2023 [11:10] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Təcili şəkildə Qarabağla bağlı yeni siyasət müəyyənləşməlidir, şərtlər sürətlə dəyişməkdədir, heç nəyi gözləməli deyilik”

"Ermənistan ordusunun qalıqları hələ də Azərbaycan ərazilərindən tam olaraq çıxarılmayıb. Bizdə olan məlumatlara əsasən, Qarabağ bölgəsində təxminən 10 minlik şəxsi heyət qalmaqdadır". Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın müddəaları Ermənistan tərəfindən kobudcasına pozulur: "Qanunsuz erməni silahlı dəstələri yeni postlar və mühəndis-istehkam qurğuları yaradır, ərazilərimizi 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalarla çirkləndirir, Azərbaycan ordusunun mövqelərini atəşə tutur. Faktiki olaraq yeni “təmas xətti” qurmağa çalışırlar". Hikmət Hacıyev əlavə edib ki, Qazax rayonunun 7, Naxçıvanın isə 1 kəndi hələ də işğal altındadır: "Laçın yolundan hərbi məqsədlər, o cümlədən silah-sursatın, minaların daşınması, şəxsi heyətin rotasiyası üçün istifadə olunurdu. Ermənistan 10 noyabr Bəyanatına zidd olaraq, Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini də yerinə yetirmir. Azərbaycanın qərb rayonlarından Naxçıvana bu günə qədər bir maşın belə keçməyib. Ermənistan məqsədli şəkildə prosesi pozaraq Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınır və vaxt udmağa çalışır".

Diqqət çəkilən məsələni "Şərq"ə dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev bildirib ki, təcili şəkildə Qarabağla bağlı yeni siyasət müəyyənləşməlidir. Partiya rəhbəri vurğulayıb ki, şərtlər sürətlə dəyişməkdədir, heç nəyi gözləməli deyilik:

"Dərhal iki məsələni önə çəkməliyik. Birincisi, 10 noyabr üçtərəli bəyanatına əsasən, Rusiya və Ermənistanın protokolda göstərilən bəndlərə əməl etməsini təmin etməliyik. Xüsusən 4-cü maddənin, yəni erməni silahlılarının Qarabağdan çıxarılması və 9-cu bəndin - Azərbaycan türklərinin bölgəyə qayıtması mütləq reallaşmalıdır. Təklif etmişdim ki, ayrıca "Reinteqrasiya və Reportasiya Nazirliyi" yaradılsın. Belə bir qurum Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin nəzdində yaradıla bilər. Sevindirici haldır ki, Komitədə Reinteqrasiya Departamenti artıq yaradılıb və təklifimin bir hissəsi reallaşıb. Amma reportasiya şöbəsinin də olması vacibdir. Qərbi Azərbaycana qayıdışla bağlı da işlər görməliyik. Eyni zamanda Qarabağda məskunlaşmanı həyata keçirməliyik. Diplomatik mənada "səngərdən çıxmalıyıq". Məskunlaşma olmadan çox iş görmək mümkün deyil.

Qarabağa əhalimiz getməlidir ki, onları qorumaq üçün silahlı güclərimiz, hüquq-mühafizə orqanlarımız, dövlət qurumlarımız da getsin. Bu işlər görülməlidir. Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqlarının qalması, qanunsuz erməni dəstələrinin, hərbi birləşmələrinin olması, separatçıların davamlı silahlanması, "təmas xətti" yaratmağa çalışması ilə bağlı əlimizdə yetərli faktlar mövcuddur. Ermənilər çağırış edirlər ki, onlar reinteqrasiya olmaq istəmirlər. Ona görə də Azərbaycan Konstitusiyasının iddiaları dərhal işə düşməlidir. Biz humanist addımlar atdıq. Ölkə rəhbərliyinin göstərişi ilə xüsusi nümayəndə Qarabağda erməni vətəndaşlarımızla görüşdü, daha doğrusu, təmas yaratdı, müəyyən təkliflər səsləndi".

F.Quliyevin sözlərinə görə, Azərbaycan dövləti şərt qoyur ki, ermənilər ölkəmizin qanunlarını qeyd-şərtsiz tanımalı, vətəndaşlığımızı qəbul etməlidir: "Əgər buna qarşı çıxırlarsa və üstəlik, silaha əl atırlarsa, Konstitusiyamızın müvafiq maddələrinə uyğun olaraq antiterror əməliyyatına başlamalıyıq. Hətta əməliyyatı Türkiyədə prezident seçkisinədək etməliyik. Türkiyədə seçkinin nəticəsinə uyğun olaraq mövcud şərtlər dəyişə bilər. Gecikmək olmaz, çünki biz yubandıqca ermənilər Qarabağda 1988-ci il sondiromunu dirçəltməyə çalışacaqlar. Ermənilər fürsət gözləyir, "münbit" şərait axtarırlar. Türkiyədəki seçkini, Rusiya-Ukrayna müharibəsini, Qərbin mövqeyini və s. məqamları gözləyirlər. Əgər bizdə kimsə gözləməyi məqsədəuyğun görürsə, bunun səbəblərini ictimaiyyətə izah etməlidir. Çünki daha artıq səbr etmək "mövcud vəziyyətlə barışmaq" kimi təqdim oluna bilər".

Partiya sədri ekofəalların aksiyası ilə bağlı da təkliflər səsləndirib:

"Aksiyaya yeni missiya qoşulmalıdır. 15 min Azərbaycan türkü Xankəndidən qovulub. Onlar aksiyada "biz evimizə qayıdırıq" şüarı ilə çıxış etməlidir. Azərbaycanlıların qayıdışı polisimiz, hərbçilərimiz tərəfindən təmin olunmalıdır. Parlamentdə Xankəndini təmsil edən deputat var, zəhmət çəksin, polisimizin müşayiəti ilə təmsil etdiyi bölgəyə getsin, sakinləri qəbul etsin. Biz hərəkətli olmasaq, sadəcə olaraq bəyanatlarla kifayətlənsək, ermənilər bundan xeyli dərəcədə ruhlanacaq".

İsmayıl Qocayev/sherg.az
Bu xəbər oxucular tərəfindən 694 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed