Şrift:
BMT-nin nümayəndələri Füzulidə erməni barbarlığı ilə tanış olublar
16.03.2023 [10:28] - Gündəm, Siyasət
Birləşmiş Millətlər Təşkilatının nümayəndələri işğaldan azad olunmuş Füzuli rayonuna səfər edib.

Əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gələn qonaqlara Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri, bərpa-quruculuq işləri, Füzuli şəhərinin inkişaf planı barədə məlumat verib.

Qonaqlara Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının fəaliyyəti və burada görülən bütün işlərin beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirildiyi barədə də məlumat verilib.

Nümayəndə heyəti, eyn zamanda, Füzuli şəhərində işğal dövründə erməni vəhşiliyi barədə məlumatlandırılıb. Bildirilib ki, şəhər tamamilə viran edilib, yaşayış binaları ilə yanaşı, tarixi-mədəni abidələr də dağıntılara məruz qalıb. Şəhərin təbiəti, ağaclar və yaşıllıqlar, su mənbələri, kəhriz və bulaqlar da məhv edilib. Qonaqlar, 30 illik işğal dövründə ermənilərin ölkəmizə qarşı törətdikləri cinayətlərin şahidi olublar. Qeyd edilib ki, erməni vandalları işğal etdikləri şəhər və kəndləri talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. İşğal zamanı ermənilər məscidlərdən mal-qara tövləsi kimi istifadə etməklə, azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər. Həmçinin qəbiristanlıqlar erməni vandalizminə məruz qalıb - məzarlar dağıdılıb, məzar daşları uçurulub.

Bundan başqa, BMT-nin nümayəndələrinə Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi və hazırda bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verilib.

Qonaqlar sonra azad olunan ərazilərdə aparılan tikinti-quruculuq işləri ilə tanış olub, Füzuli şəhərinin bərpası istiqamətində görülən işlər barədə məlumatlandırılıb.

Füzuli səfərindən sonra qonaqlar Ağdama yollanıblar.
Bu xəbər oxucular tərəfindən 418 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed