Şrift:
Bakı Şəhər Halqasının yarış həftəsində trekin əhatə etdiyi bəzi yollar əhalinin istifadəsi üçün açılacaq
17.03.2023 [10:13] - Bildiriş
Paytaxtda keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində yarış həftəsi ərzində trekin əhatə etdiyi bəzi yollar əhalinin istifadəsi üçün açılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, yarış zolağının Neftçilər prospektinin Azneft dairəsindən Dəniz vağzalına qədər olan hissəsi və İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər olan hissəsi aprelin 24-dən 29-dək müəyyən saatlarda nəqliyyatın hərəkətinə açıq olacaq.

Belə ki, aprelin 24, 25 və 26-da səhər saatlarında 07:00-dan 09:00-dək, axşam saatlarında isə 18:00-dan 20:00-dək sözügedən yollarda (Neftçilər prospektinin Azneft dairəsindən Dəniz Vağzalına qədər olan hissəsi və İstiqlalliyət küçəsinin Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər olan hissəsi) nəqliyyatın hərəkəti dayanma və durma olmadan sərbəst olacaq.

Aprelin 27-də Neftçilər prospektinin Azneft dairəsindən Dəniz vağzalına qədər olan hissəsi səhər saatlarında 07:00-dan 09:00-dək, axşam saatlarında isə 20:00-dan 22:00-dək açıq olacaq. Aprelin 28-də və 29-da isə nəqliyyatın hərəkəti yalnız axşam saatlarında 20:00-dan 22:00-dək mümkün olacaq.

BŞH sürücülərə bildirir ki, qeyd olunan yollar yalnız tranzit korridoru kimi istifadə ediləcək. Avtomobillərin burada dayanması və ya parkinqi təhlükəsizlik baxımından qadağandır. Bundan başqa, həmin yollarda yük maşınlarının və ictimai nəqliyyatın hərəkəti istisna edilir.

Qeyd edək ki, sözügedən yollarda sürət həddi 50 km/saat olaraq müəyyən edilib.

Bu yollardakı nəqliyyatın hərəkətini BŞH və aidiyyəti güc strukturları birgə tənzimləyəcək.
Bu xəbər oxucular tərəfindən 1657 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed