Şrift:
Paşiyan əmri icra etdi: o, yeni müharibə istəyir
17.03.2023 [10:29] - Gündəm, Siyasət
Ermənistanın baş naziri Nikol Paşinyan reallıq hissini tamamən itirərək Rusiyanı və Azərbaycanı hədələyib, tam irreal tələblər səsləndirib, yekun sülh sazişinin imzalanması prosesinə çox ağır zərbə vurub. O, faktiki olaraq Ermənistanı yeni müharibəyə sürükləmək niyyətini açıqlayıb.

Bu gün İrəvanda hökumətin iclasını çağıran Nikol Paşinyan Ermənistanın xarici və daxili siyasətindən, mövcud durumdan və perspektivlərdən, ölkə hakimiyyətinin bundan sonra atacağı addımlardan və planlardan danışıb.

Onun ritorikası əvvəlki dönəmlərlə müqayisədə daha aqressiv təsir bağışlayıb. Daha konkret olsaq, Nikol Paşinyan sanki qarşısına əsas məqsəd kimi ölkə xaricindəki kuratorlarından aldığı əmrləri tam yerinə yetirdiyini göstərərək Ermənistanı yeni müharibəyə sürükləməyi qoyub.

Çıxışına daxili siyasi və iqtisadi problemlərdən, onların mümkün həll yollarından danışmaqla başlayan N.Paşinyan daha sonra Azərbaycanla yekun sülh sazişinin imzalanmasından, Qarabağ problematikasından bəhs edib.

Əvvəlcə o, Rusiya Federasiyasının ünvanına yeni, daha mücərrəd messiclər ünvanlayıb.

Paşinyanın dedikləri ilə reallıq arasındakı fərqlərə nəzər salaraq, habelə, onun paranoidal çıxışının mümkün sonuclarını təxminləməyə çalışaq.



1. "Rusiya Dağlıq Qarabağın dinc əhalisinin kütləvi qırğınının baş verə biləcəyini rəsmi olaraq qeydə aldığı, Dağlıq Qarabağda əhalinin və mülki infrastrukturun təhlükəsizliyinin qarantı öhdəliyini boynuna götürdü. Ümid edirik ki, Rusiya bəhs etdiyim funksiyanı tam həcmdə yerinə yetirəcək. Lakin dostumuz və müttəfiqimiz Rusiya hansısa obyektiv səbəblərdən bu rolu yerinə yetirə bilməzsə, düşünürəm ki, o, mülki infrastrukturun dağılması təhlükəsi, təhlükənin qarşısını almaq üçün Laçın dəhlizində və Dağlıq Qarabağda əlavə beynəlxalq mexanizmlərin işə salınması barədə Dağlıq Qarabağın mülki əhalisini xəbərdar edəndən sonra BMT-nin Təhlükəsizlik Şurasına müraciət etməlidir", - Paşinyan deyib.

Paşinyan bu sözləri ilə 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyannamənin şərtlərini heçə saydığını bildirməklə yanaşı, Rusiya Sülhməramlı Kontingentinin (RSK) fəaliyyətini qəsdən yanlış qələmə verir.

Rusiyalı sülhməramlılar Azərbaycanın Qarabağ iqtisadi zonasının şimalında məskunlaşmış erməni icmasının - Paşinyan bu erməniləri qəsdən "Dağlıq Qarabağ əhalisi" adlandırır - təhlükəsizliyini təmin etmir: RSK həmin areala müvəqqəti operativ nəzarət edərək vəziyyətin gərginləşməsinin qarşısını alırlar.

"Dağlıq Qarabağ əhalisi" deməklə Paşinyan erməni icmasını "xalq" kimi qələmə verməyə çalışır, Ermənistanın imzaladığı bütün beynəlxalq sənədləri qulaqardına vuraraq Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhəd toxunulmazlığına "meydan oxuyur".

Eyni zamanda, o, rəsmi Bakının RSK nəzarətindəki ərazilərdə yaşayan erməni icmasının nümayəndələri ilə başladığı danışıqlar prosesini dayandırmağa çalışır.

2. "2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın 7-ci bəndində nəzərdə tutulmuş beynəlxalq mexanizm hələ də işə salınmayıb. Sitat gətirirəm: "Məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə qayıdırlar". Bu isə o deməkdir ki, Hadrut, Şuşa, Martuni (Xocavənd, - müəllif), Mardakert (belə rayon artıq yoxdur), Şaumyan və Getaşen (bu adda yaşayış məskənləri yoxdur), Laçın və digər qonşu rayonların geri qaytarılması üçün beynəlxalq mexanizmlər işə salınmalıdır. Xarici İşlər Nazirliyinə tapşırdım ki, bu mövzu ilə bağlı olaraq BMT-nin Qaçqınlarla imş üzrə Ali Komissarlığı ilə rəsmi danışıqlara başlasınlar".

N.Paşinyan üçtərəfli bəyanatın 7-ci bəndindən bəhs edirsə və "qayıdış"dan danışırsa, ilk əvvəl azərbaycanlı məcburi köçkünlərin Xankəndiyə, sabiq Ağdərə rayonuna, Əsgərana, Xocalıya və hazırda RSK-nın nəzarətində olan digər Azərbaycan ərazilərinə qayıdışı tam təmin olunmalıdı idi. Belə təminat, proses yoxdur və Ermənistan indiyədək bütün vasitələri işə salaraq qayıdışın qarşısını almağa çalışıb.

Digər tərəfdən, total bisavadlığını və marazmatik düşüncə tərzini bir daha nümayiş etdirmiş N.Paşinyan bu dəfə demaqogik yalanların dibinə enərək "rayonların qaytarılması"ndan bəhs edir.

Azərbaycan erməni işğalından azad etdiyi, suveren ərazisinin bir hissəsi olan rayonları kimə və niyə hədiyyə etməlidir?

Ermənistanın baş naziri dərk edirmi ki, bu cümlə, əslində, "Qarabağ Ermənistandır və nöqtə" ifadəsinin yeni versiyası olaraq İrəvan üçün fəlakətli sonuc verə bilər?

Bundan başqa, indiki Ermənistan ərazisinin böyük qismi Qərbi Azərbaycandır. Qərbi Azərbaycan tarixi bir diyardır ki, burada azərbaycanlılar yüz illər boyu yaşayıblar, lakin ötən əsrdə zorla deportasiya ediliblər. İlk deportasiya 1905-ci ildə, 1918-ci, 1948-53 və 1988-91-ci illərdə, daha sonra digərləri ilə başladı.

1988-91-ci illərdəki son deportasiya Ermənistanı monoetnik ölkəyə çevirdi. Bu qeyri-insani aksiya zamanı 300 000-dən çox azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalıb, 216 azərbaycanlı öldürülüb. Azərbaycana qarşı ərazi iddiaları isə sonuncu deportasiyadan sonra birinci Qarabağ müharibəsinə və Azərbaycan ərazilərinin 30 illik işğalına səbəb oldu.

3. "Yekun sülh sazişi ilə bağlı Azərbaycanın cavablarını aldıq. Müzakirə edəcəyik və gəldiyimiz nəticələri açıqlayacağıq".

Yekun sülh sazişi ilə bağlı Azərbaycanın mövqeyi bəllidir: sənəd rəsmi Bakının İrəvana ünvanladığı məlum 5 prinsip əsasında imzalanmalıdır. Sazişin hansısa digər forması, məzmunu və ya mahiyyəti, sadəcə, mümkün deyil. Paşinyan açıqlaması ilə bəyan etdi ki, İrəvan prosesi mümkün qədər uzatmaq, yekun sülh sazişinin imzalanması istiqamətində yeni süni əngəllər və uydurma "səbəb"lər yaratmaq niyyətindədir,

4. "Azərbaycanın hərbi-siyasi rəhbərliyi Dağlqı Qarabağda soyqırımı və etnik təmizləmə hazırlayır. Mahiyyət etibari ilə bu, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin qərarında əks olunub".

Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) qərarında Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların, QHT mənsublarının və vətəndaş cəmiyyəti fəallarının keçirdikləri, indi də davam edən aksiyasından bəhs olunub. Çox qısa, mahiyyətin yanlış təqdim olunması ilə. Soyqırımı və etnik təmizləməyə gəldikdə isə bu sahədə Azərbaycan tam təcrübəsiz olduğundan hazılıq görə bilməz.

Soyqırımıları Ermənistan dinc azərbaycanlılara qarşı reallaşdırıb: əvvəl indiki, süni yaradılmış Ermənistan ərazində, sonra isə Birinci Qarabağ müharibəsində.

5. "Dağlıq Qarabağda müdafiə ordusu var və yerli xalq üzərində etnik təmizləmə təhlükəsi qaldıqca, bu ordunun mövcudluğu əsaslıdır. Lakin Müdafiə Ordusu soyqırımın qarşısının alınması üçün yeganə mexanizm deyil. Rusiya Sülhməramlı Kontingenti də belə mexanizmdir".



Nikol Paşinyan bu açıqlaması ilə RSK nəzarətindəki Azərbaycan ərazilərində hazırda mövcud olan qanunsuz erməni birləşmələrinin, daha dorğrusu, diversantlarla terrorçuların İrəvan tərəfindən tam miqyasda dəstəkləndiyini, silah-sursat, ərzaq, amunisiya və s. ilə təmin olunduğunu etiraf edir.

Gorus-Xankəndi yolunun Laçın rayonunun ərazisindən keçən ərazisində, Şuşa yaxınlığında ekoaksiya davam etdiyindən Ermənistan erməni separatçılarının təminatı üçün alternativ torpaq yollardan istifadə etməkdədir.

Əgər N.Paşinyan terrorçu və diversant dəstələrini "ordu" sayırsa, onların üçtərəfli bəyanatın tələblərinə uyğun olaraq Azərbaycan ərazisindən çıxarılması şərtini birmənalı olaraq qəbul etmirsə, onda rəsmi Bakının vətəndaşlarının təhlükəsizliyini və sərhədinin toxunulmazlığını təmin etmək üçün antiterror əməliyyatı keçirməsi labud məsələyə çevrilir.

6. "Bakı və Xankəndi arasındakı dialoqu pozmaq üçün Azərbaycan əlindən gələni edir".

Nikol Paşinyanın bu açıqlaması, ümumiyyətlə, şərh olunması mümkünsüz yalandır. Martın 1-də Xocalıda RSK qərargahında keçirilmiş ilk görüşün davamı qismində Bakıda müzakirələrin aparılması təklif edildi. Lakin əvvəlcə Xankəndidəki separatçı rejim bu görüşdən uydurma bəhanələrlə boyun qaçırdı, sonra isə separatçıların nümayəndələrinin dediklərini N.Paşinyan mətbuat konfransında təkrarladı.

Erməni icmasının nümaynəndələrilə danışıqlar və müzakirələr yalnız Azərbaycan Konstitusiyası çərçivəsində, vasitəçilərsiz, birbaşa dialoq şəklində mümkündür. Dialoqun, reinteqrasiyanın və qarabağlı ermənilərin Azərbaycan pasportu alaraq yaşamalarının alternativi isə həmin ermənilərin Azərbaycan ərazisini tərk etməsidir.

İrəvanda keçirdiyi mətbuat konfransındakı aqressiv və radikal məzmunlu bəyanatlarını bu gün hökumətin iclasında təkrarlayan Nikol Paşinyan yekun sülh sazişinin imzalanması prosesini mümkün qədər ləngitmək, vəziyyəti stabillikdən gərginliyin pik həddinə çatdırmaq və Bakı qarşısında irreal tələblər irəli sürərək "ermənilərin maraqlarını qoruyan şəxs" qismində görünməyə can atır.

Bu tragikomediyanın səbəbi isə Ermənistanın baş nazirinin İrəvandan çox uzaqdan yeni təlimatlar, göstərişlər və əmrlər almasıdır.

İrəvan yenə uzaqməsafəli vədlərə aldanaraq nizamlanma prosesini əngəlləyir və baş verənlərin Ermənistan üçün olduqca ağır nəticələrə səbəb ola biləcəyini anlamaq istəmir.
Bu xəbər oxucular tərəfindən 496 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed