Şrift:
Fərəc Quliyev:Qarabağda hər hansı tədbiri görmək üçün heç kəsdən razılıq almamalıyıq
27.03.2023 [15:39] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Martın 25-də Azərbaycan Ordusu tərəfindən Qarabağ iqtisadi rayonunun Laçın istiqamətində daha bir mühüm addım atılıb.

Belə ki, bu əməliyyatdan öncə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb.

Bu yollardan, həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təzcihatını həyata keçirmək üçün istifadə olunurdu.Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi ləvazimatların daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməmişdir.

Yaranmış vəziyyəti nəzərə alaraq Laçın yolunun şimalındakı alternativ torpaq yollarında erməni separatçıların qanunsuz fəaliyyətlərinin və təhlükəli addımlarının qarşısının alınması üçün Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.

Əməliyyat nəticəsində Xüsusi Təyinatlı Qüvvələr torpaq yolu heç bir itki vermədən nəzarətə götürüb.

Maraqlıdır, öz qanuni ərazilərimizdə ordumuz tərəfindən bundan sonra hansı zəruri tədbirlər görülməlidir?

Azərbaycan Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyev isə bildirib ki, Azərbaycan bütün sərt tədbirlərdən istifadə edib Qarabağ üzərində nəzarəti bərpa etməlidir:

“Qarabağda hər hansı tədbiri görmək üçün heç kəsdən razılıq almamalıyıq. Kim necə baxırsa baxsın, öz suveren ərazilərimizdə erməni separatçılarına, erməni terrorçularına qarşı ən sərt addımlar atmalıyıq. Bu, ölkə konstitusiyasında, eləcə də beynəlxalq konvensiyalarda özünü ehtiva edir. Ona görə də baş verən hadisələrlə əlaqədar olaraq, Azərbaycan erməni əsilli vətəndaşlarına dəfələrlə müraciət edərək onların hüquqlarını və təhlükəsizliyini təmin etməyə hazır olduğunu bildirib.

Biz, hətta Qarabağın erməni ictimaiyyətinin nümayindələri ilə Bakıda görüş keçirməyi də təklif etmişik. Amma ərazilərimizdə Ermənistan ordusunun tör-töküntüləri, erməni separatçıları, habelə rus sülhməramlıları hər hansı qanunsuz iş görəcəklərsə, biz heç kəsin reaksiyasını nəzərə almadan ciddi tədbirlərimizi görməliyik. Biz birmənalı şəkildə Qarabağ üzərində Azərbaycanın suverenliyini tam təmin etməliyik. Ərazilərimizdə antiterror əməliyyatları keçirməliyik, Laçın yolunda post da qurulmalıdır. Azərbaycanın icazəsi olmadan heç kəs nə ərazimizə daxil olmalıdır, nə də ərazimizdən çıxmalıdır”.

Yunis Abdullayev/Cebhe.info
Bu xəbər oxucular tərəfindən 653 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed