Şrift:
Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
30.03.2023 [10:38] - Gündəm, Siyasət
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bəyanatda bildirilib ki, 31 mart bütün insanlığa qarşı törədilən erməni vandalizminin təzahürlərindən biri kimi tariximizə Azərbaycanlıların Soyqırımı Günü kimi daxil olmuşdur. 1918-ci ildə törədilən bu qanlı hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnız etnik mənsubiyyətinə görə erməni millətçilərinin davamlı soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq qətlə yetirildi. Erməni-bolşevik birləşmələri tərəfindən insanlar evlərində diri-diri yandırılıb, həmçinin xüsusi işgəncələrlə və amansızlıqla öldürülüb.

Diqqətə çatdırılıb ki, Azərbaycanlıların soyqırımı Bakı şəhərində, Bakı quberniyasına daxil olan şəhər və qəzalarda, həmçinin Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər müxtəlif bölgələrimizdə xüsusi qəddarlıqla həyata keçirilib, dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb, mədəniyyət abidələrimiz, qəbiristanlıqlar, məscidlər top atəşinə tutularaq dağıdılıb. Erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə, ən qəddar üsullarla törədilmiş bu soyqırımı zamanı Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi dağıdılıb, yandırılıb, qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla ümumilikdə on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılıb, 132 min azərbaycanlı amansızcasına öldürülüb.

Vurğulanıb ki, Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bu rejimin dəstəyi ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən Qərbi Zəngəzur, Qazax qəzasının dağlıq hissəsi və Naxçıvanın bəzi kəndləri Ermənistana verilib, nəticədə onun ərazisi dəfələrlə genişləndirilərək 9 mindən 29 min kvadratkilometrə çatdırılıb.

Ermənilər tərəfindən törədilən soyqırımı cinayətlərinin əsasında azərbaycanlılara qarşı əsrlər boyu davam edən kəskin nifrət, ayrı-seçkiliyi aşılayan siyasət və tamamilə əsassız ərazi iddiaları dayanırdı.

“Milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, torpağına və vətəninə bağlı xalqımız soyqırımlarına məruz qalmasına baxmayaraq, milli yaddaşını, kimliyini qorumuş və həmrəylik nəticəsində müstəqilliyimiz bərpa olunub.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xalqımızın tarix boyu məruz qaldığı soyqırımı siyasətinin və etnik təmizləmənin dəhşətli miqyasını beynəlxalq ictimaiyyətə çatdırmaq, eyni zamanda törədilmiş cinayətləri araşdırmaq və baş vermiş hadisələrə siyasi-hüquqi qiymət vermək mümkün olub.

2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkarlanmış kütləvi məzarlıq 1918-ci ildə ermənilərin törətdikləri soyqırımı cinayətlərini əyani olaraq sübut edir. Erməni millətçilərinin dinc əhaliyə qarşı törətdiyi soyqırımı cinayətlərinin, qeyri-insani əməllərin tarixi faktlarla dünya ictimaiyyətinə çatdırılması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb.

Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları, təcavüz siyasəti, eyni zamanda, xalqımıza qarşı törədilmiş müharibə cinayətləri XX əsrin sonlarında daha da kəskin xarakter alıb, beynəlxalq səviyyədə Azərbaycanın suveren ərazisi kimi tanınmış torpaqlarının iyirmi faizi 30 ilə yaxın işğal altında qalıb. 2020-ci ildə ordumuz tərəfindən həmin ərazilər işğaldan azad olunaraq Azərbaycanın ərazi bütövlüyü bərpa edilib.

Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, dəfələrlə dinc əhaliyə qarşı soyqırımı cinayətləri törədib, tarixi və dini abidələrimiz məhv edilib, talan və təhqir olunub”, - deyə bəyanatda bildirilib.

Təəssüf hissi ilə qeyd olunmalıdır ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktlarına dair kifayət qədər əsaslı sübut və dəlillər olsa da, sülh və insanlıq əleyhinə olan bu cinayətlərə beynəlxalq miqyasda hələ də adekvat reaksiya verilməyib.

S.Əliyeva sonda dünya ictimaiyyətini və nüfuzlu beynəlxalq təşkilatları tarix boyu ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə və soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət verərək soyqırımı kimi tanımağa və ədalətin təmin olunmasına dəstək verməyə çağırıb.

Bəyanat BMT-nin Baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına, həmçinin müxtəlif dini icma və konfessiyalara göndərilib.
Bu xəbər oxucular tərəfindən 359 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed