Şrift:
Aİ-nin Ermənistanda missiyası haqqında sensasiyalı məlumatlar açıqlanıb
04.04.2023 [10:35] - Xəbərlər, Gündəm, Siyasət
Avropa İttifaqının (Aİ) Ermənistanda missiyası haqqında “caliber.az” informasiya portalında “Qərb İrəvana deyir: Az yaşa, gənc öl” sərlövhəli məqalə dərc edilib.

Məqalənin müəllifi yazır: “Cənubi Qafqaz respublikası son aylarda ocaqçıların durmadan kömür ataraq qəsdən təzyiqi qaldırdıqları buxar qazanını xatırladır. Ocaqçılar qismində Aİ-nin təlimatlarına görə hərəkət edən Paşinyan və koalisiyası çıxış edirlər”.

Portalın yazısında qeyd edilir: “Missiyanın başçısı Markus Ritterin şəxsiyyətinə diqqət etmək kifayətdir; polis adı altında təcrübəli kəşfiyyatçı, 2004-2005-ci illərdə Kosovoda BMT missiyasının qərargah rəisi, 2007-2008-ci illərdə BMT-nin Gürcüstandakı müşahidə missiyasının qərargah rəisi, 2012-2013-cü illərdə Aİ-nin Cənubi Sudanda proqramlaşdırma və əməliyyatlar missiyasının şöbə müdiri, həmçinin 2017-2019-cu illərdə Aİ-nin Bağdaddakı məsləhət missiyasının rəhbəri. Məlum olduğu kimi, bu cür məsul tapşırıqların yerinə yetirilməsi xüsusi hazırlıq tələb edir”.

Məqalədə qeyd olunur ki, Ritterin bu yaxınlarda “Deutche Welle” nəşrinə bədnam müsahibəsində söylədiyi maraqlı fikirlər, daha dəqiq desək, “biz müdaxilə edə bilmərik, bizim yalnız binokl və kameralarımız var” sözləri incə, eyni zamanda, sinik sətiraltı məna daşıyan cümlədən başqa bir şey deyil və missiyanın fəaliyyətini izləmək və güdmək kimi həqiqi xarakterini göstərir. Yazıda, həmçinin hərbi kəşfiyyat missiyasının fəaliyyəti üçün yaradılmış şəraitdən bəhs olunur: “Yerli personal” və ona qoşulan məsləhətçilər qismində hazırda xidmətdə olan və istefaya getmiş erməni zabitlər və xüsusi xidmət orqanlarının əməkdaşları iştirak edirlər. Onların köməyi ilə Rusiyanın hərbi məktəblərində təhsil almış erməni hərbçilər cəlb olunur. Məhz onların vasitəsilə, öz növbəsində, bu hərbçilərin Rusiya Silahlı Qüvvələrində olan keçmiş kursant yoldaşları ilə əlaqələri yaradılır və sonradan NATO-ya ötürülməsi üçün onlardan rus ordusunun Ukraynada vəziyyəti haqqında informasiyalar əldə edilir. Maraqlıdır ki, Qərb diplomatları xarici həmkarları ilə görüşlərində Aİ-nin Ermənistandakı missiyasının toplanmış informasiyaları NATO ilə bölüşdüklərini belə gizlətmirlər. O da məlum olub ki, Gümrüdəki hərbi bazanın yaxınlığında GSM və “Internet Communication Intelligence” sistemləri, rus hərbçilərinin danışıqlarını qeydə almaq, onların pelenqasiyası, habelə gələn və gedən nəqliyyat vasitələrinin müəyyən edilməsi məqsədilə “Butzbach”, “Langen” və “Rheinhausen” yerüstü taktiki platformaları quraşdırılıb. Bununla yanaşı, yerlərdə siqnalların şifrinin açılması üçün yeni sistemlərdən istifadə olunur. Burada əlavə etmək zəruridir ki, analoji aparatura azərbaycanlı hərbçilərin gizli dinlənilməsi üçün Azərbaycanla olan şərti sərhəddə də quraşdırılıb. Bununla əlaqədar bizim Silahlı Qüvvələrimiz telefon danışıqlarının tam dayandırılması, o cümlədən əsgərlərdən mobil telefonların alınması üzrə zəruri tədbirlər görməlidir”.

Müəllif hesab edir ki, Aİ-nin bu cür fəal tədbirlərinin orta vədədə nəzərdə tutulan mümkün hədəfi Gümrüdən rus hərbi bazasının və bütövlükdə Rusiyanın regiondan sıxışdırılıb çıxarılması, sonradan isə (2025-ci ildə) Qərb missiyasının (Aİ, ATƏT və ya BMT) missiyasının rus sülhməramlılarının yerinə Qarabağa göndərilməsidir. Bu məqsədlə Ermənistanda məqsədyönlü şəkildə Rusiya əleyhinə təbliğat gücləndirilir. Məqalədə vurğulanır: “Aİ-nin missiyasının fəaliyyəti barədə çox yaxşı məlumatı olan Kreml hələ ki, ya bunu anlaya bilmir, yaxud da gözləmə mövqeyində donub qalır. Paradoks ondan ibarətdir ki, Rusiya Ermənistanı ələ keçirə bilmir, çünki onu çoxdan zəbt edib. Baza isə olduğu kimi yerində qalır. Məlum səbəblərə görə (Ukraynada müharibə) Kreml onun gücünü artıra, hətta irimiqyaslı əməliyyatlar keçirə bilmir. Ona görə də hərəkət ancaq reqress istiqamətində mümkündür. Hər yerdə peyda olan avropalıların əməlləri fonunda status-kvonu qoruyub saxlamaq isə getdikcə çətinləşir. Bəli, iqtisadiyyat rus dövlət şirkətlərinin əlindədir. Lakin Moskva iqtisadi metodlarla təzyiq göstərməyə elə də tələsmir, çünki hər bir belə addım erməni cəmiyyətini Rusiyadan daha çox uzaqlaşdıracaq... Bununla bağlı Kreml hələ ki, Ermənistandan süd məhsullarının idxalına qadağa qoyulması kimi yarımçıq tədbirlərlə kifayətlənir”.

Məqalədə vurğulanır: “Azərbaycanın ardıcıl şəkildə müvəqqəti olaraq rus sülhməramlı kontingentinin məsuliyyət zonasında yerləşən öz ərazisində suverenliyini möhkəmləndirməsi və Azərbaycan tərəfinin mövqeyinə uyğun olaraq Qarabağda aktiv hərəkətlərin qeyri-mümkün olması fonunda Moskvanın manevrlər üçün o qədər də geniş imkanları yoxdur. Ehtimal etmək olar ki, Kreml Qarabağ ermənilərinin yenidən Azərbaycana inteqrasiyasına fəal kömək etmək əvəzinə Bakıdan sülhməramlıların mandatının daha 5 il uzadılması üzrə icazə istəyə bilər. Lakin belə olacağı təqdirdə, Ermənistanın sülhməramlı kontingentin müddətinin uzadılmasına razı olacağına təminat yoxdur. Artıq qeyd edildiyi kimi, Ermənistan rus sülhməramlılarının Qərblə əvəz edilməsinə nail olmaq istiqamətində fəal iş aparacaq. Belə pat vəziyyətində Moskvanın Ermənistandakı bütün kəşfiyyat arsenalından istifadə etməyə can atmaqla Avropanın hücumuna qarşı durmağa və Ermənistanı öz nəzarəti altında saxlamağa çalışacağı ehtimal olunur. Bunun ciddi toqquşmalar olmadan baş verəcəyinə isə kimsə inanmır...”

Yazıda diqqətə çatdırılır: “Eyni zamanda, siyasi-diplomatik müstəvidə “Qarabağ” istiqamətini Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, eston Toivo Klaar aparır. Onun missiyasına Qərb ölkələrinin Qarabağda missiyasının yerləşdirilməsi üçün zəmin hazırlanması daxildir. Bu məqsədlə Ermənistanda qisasçı meyilləri qızışdıran Sasna Tsrer kimi fransız proksi partiyalar dəstəklənir, “miatsum” ideyası gündəmdə saxlanılır. Buna paralel olaraq, Qərb təşkilatları tərəfindən Ermənistanda vətəndaş cəmiyyətinə güclü maliyyə dəstəyi göstərilir.

Yeri gəlmişkən, Klaarın seçilməsi də təsadüfi deyil. Baltikyanı (Estoniya) və Polşa kəşfiyyatları erməni xüsusi xidmət orqanları ilə işin avanqardında yerləşir, formalaşan Ermənistan xarici kəşfiyyat xidmətinə texniki və məsləhət sarıdan yardımlar edirlər. Baltikyanı ölkələr və Polşanın Fransaya müxalif olaraq Avropanın daxilində amerikayönlü mövqelərini, həmçinin missiyaya Avropada liderlik uğrunda Fransa ilə rəqabət aparan Almaniya nümayəndəsinin rəhbərlik etdiyini nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, ABŞ missiyaya bilavasitə rəhbərlik edir və Vaşinqton bu funksiyanı Fransaya təslim edəcək qədər sadəlövh deyil, baxmayaraq ki, sonuncu bunu çox istəyərdi”.

Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, missiya üç hissəyə bölünüb. Baltikyanı-Polşa qanadı Rusiya ilə iş aparmağa, alman tərəfi ən çox türk istiqaməti ilə çalışmağa cavabdehdirlər. Fransızlara isə İranla əlaqələr qurmaq və Ermənistanın daxilində qisasçı qüvvələri dəstəkləmək həvalə edilib.

Beləliklə, İslam İnqilabı Keşikçiləri Korpusu sözdə “şeytan” adlandırdıqları Qərblə işdə əməkdaşlığa tamamilə acıqdır. Bunun səbəbi Tehranın Cənubi Azərbaycan amilini nəzərə alaraq özünə real təhlükə gördüyü Azərbaycan-Türkiyə alyansının güclənməsinə qarşı çıxmaqdır. Lakin İranın bu taktiki baxışı perspektivdə daha böyük problemlərə gətirib çıxaracaq. Belə ki, ABŞ-nin ilk siqnalı üzrə missiya öz fəaliyyətini Tehranın əleyhinə çevirə bilər. Keçmiş Liviya lideri Muammər Qəddafinin timsalında bu məsələdə fransızlara nə dərəcədə etibar etmək olduğunu görmək mümkündür...

Türkiyə istiqamətinə gəldikdə, təəccüblü deyil ki, iki milyonluq türk diasporunun yaşadığı Almaniyada geniş kontaktı olan şəbəkələr mövcuddur. Beləliklə, Azərbaycanın ən yaxın müttəfiqi haqqında faktların toplanması kimi mühüm vəzifə cənab Ritterin bilavasitə nəzarəti altındadır”.

Müəllif daha sonra yazır: “Aİ-nin bu cür fəal missiyası onu göstərir ki, prinsip etibarilə erməni cəmiyyəti və baş nazir Paşinyanın özü Azərbaycan və Türkiyə ilə böyük sülhə hazır idilər. Daxil olan məlumatlar deməyə əsas verir ki, qisasçı əhvali-ruhiyyə süni olaraq xaricdən körüklənir. Axı, Rusiyadan başqa Qərbin daha bir rəqibi var – Türkiyə-Azərbaycan tandemi və ümumilikdə Türk dünyası. Qərb yaxşı başa düşür ki, Ermənistanın Türk dünyasının orbitinə cəlb edilməsi yüzilliklər boyu bağlanan ziddiyyətlər düyününü əbədi olaraq qıra bilər. Hadisələrin bu cür inkişaf etməsinin qarşısının alınmasını heç cür istəməyən şübhəli müttəfiqlər – almanlar və fransızlar vahid cəbhədə birləşməyə məcbur olublar. Azərbaycan üçün regionda nə rus, nə də Qərb layihəsi, hətta onun hər hansı formada birləşməsi məqbul deyil. Azərbaycanın vəzifəsi tərəflərdən hər birinin maraqlarından istifadə edərək özünə qarşı düşmən hərəkətləri neytrallaşdırmaqdır. Bizimlə minimum, bəlkə də sıfır maraqları olan iki ölkə Fransa və İrandır. Təsadüfi deyil ki, onlar tandem qurublar. Bakı üçün zəruri olan ABŞ və Almaniyanı Aİ-nin Ermənistandakı missiyası ilə tərəfdaşlıq çərçivəsindən çıxarmağa inandırmaqdır. Bütün hallarda, öz ərazisində poliqon, yaxud xaos yaratmış Ermənistanın taleyi tükdən asılıdır. Özünü məhvə sürükləyən bu ölkə regiona da xoşagəlməz hadisələr yaşada bilər. Bizim məqsədimiz təkcə bu vəziyyətdən itkisiz deyil, həm də maksimum faydalanaraq çıxmaqdır. Bunu etmək üçün bizim güclü ordumuz, əlverişli coğrafi mövqeyimiz və ən yüksək rəhbərliyin diplomatik məharəti var. Qafqazda böyük oyun davam edir”.
Bu xəbər oxucular tərəfindən 484 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed