Şrift:
Mən Ziya Bünyadov ola bilmərəm!
28.01.2013 [12:15] - DAVAMın yazıları
Seymur Verdizadə

Sonuncu görüşümüzdə Elbrus Ərud üzünü Rey Kərimoğlu və Ceyhun Musaoğluya tutub, belə dedi: “Gəlin, bir-birimizin qədrini bilək. Seymur müasir dövrün Ziya Bünyadovudur”.

Dərhal etiraz etdim: “Mən Ziya Bünyadov ola bilmərəm!”
Təəcübdən Elbrusun gözləri böyüdü: “Niyə?”

Ağzımı açmağa macal tapmamış Rey Kərimoğlu söhbəti dəyişdi. Reyin arada nəfəsini dərməsindən istifadə edib, Elbrus Əruda bu mövzuda bir yazı yazacağıma söz verdim. Ceyhun Musaoğlu da mənə söz verdi ki, həmin yazını mütləq oxuyacaq.

Ziya Bünyadov Azərbaycan xalqının 20-ci əsrdə yetişdirdiyi ən böyük ziyalılardan biridir. Ziya müəllim sözü ilə əməli üst-üstə düşən parlaq şəxsiyyət, dəyərli alimdir. Bizi ancaq eyni ixtisasa sahib olmağımız birləşdirir...

İkinci Dünya Müharibəsi başlayanda Ziya Bünyadovun cəmi 18 yaşı olub. Düşmənin sürətlə Qafqazın sərhədlərinə doğru yaxınlaşdığını görən Ziya müəllim tərəddüd etmədən vətənin müdafiəsinə qalxıb. O, faşizmə qarşı 4 ildən artıq inadla mübarizə aparıb. İkinci Dünya Müharibəsi başa çatanda Ziya Bünyadov Azərbaycana Sovet İttifaqı Qəhrəmanı kimi dönüb. Həmin vaxt onun sinəsini 8 müxtəlif orden və medal bəzəyib. O, qəhrəmanlarımız haqda yazmağa başlayanda artıq özü də bir qəhrəman idi...

Doğulduğum rayon düşmənin aramsız hücumlarına məruz qalanda mənim də 18 yaşım vardı. Amma mən həmin vaxt Azərbaycanın hüdudlarından çox-çox uzaqda idim. Ziya Bünyadovdan fərqli olaraq, mən qəhrəman ola bilmədiyim üçün düşmən torpaqlarımızı işğal etdi. Ziya Bünyadov 1945-ci ildə vətənə onun qəhrəman olduğunu isbat edən 8 müxtəlif orden və medalla dönmüşdü. Ancaq mən 1998-ci ildə Bakıya qayıdanda çantamda, sadəcə, əl boyda bir diplom vardı. Taleyin köçkünlük yükünü daşıyan ailəmə dəstək olmaq həvəsim akademik karyera qurmağıma imkan vermədi. Buna görə də Ziya Bünyadov cild-cild kitablar yazdığı halda mən ayrı-ayrı sytlar üçün köşə qaralamaqla kifayətləndim. Torpaqlarımıza burnunu soxan düşməni əsir götürmək əvəzinə özüm məişət qayğılarına əsir düşdüm...

Ziya Bünyadov heç vaxt haqsızlığa boyun əymədi. O, həmişə həqiqəti bağıra-bağıra dedi. Ziya Bünyadovu susdurmaq üçün düşmən onu ağzından güllələdi.

Mən isə həqiqəti pıçıltı ilə söyləyirəm. İnanmıram ki, haqqı deyərkən bir-birindən güclə aralanan dodaqlarımın arasına düşmən gülləsi sığsın...

Elbrus, əzizim, görürsənmi, mən Ziya Bünyadov ola bilmərəm. Yaxşısı budur, elə sənin dostun olaraq qalım...
Bu xəbər oxucular tərəfindən 2597 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed