Şrift:
Fərəc Quliyev:İranla savaş təkcə xüsusi xidmət orqanlarının işi deyil, millətin savaşıdır
07.04.2023 [10:24] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıblar. Orqanların məlumatında bildirilib ki, qurum əməkdaşları tərəfindən bir qrup şəxsin İran xüsusi xidmət orqanları tərəfindən ələ alınaraq ölkə ərazisində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə birgə xüsusi kompleks əməliyyat tədbirləri həyata keçirilib. Qeyd olunub ki, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirici vədlər müqabilində ələ alıblar. Ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi, konstitusion quruluşun zorla dəyişdirilməsi və şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar veriblər. Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi təbliğ edən tanışlarını da bu işə cəlb edib. O, yaşadığı evdə mütəmadi olaraq təşkil etdiyi gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini həmin şəxslərə çatdırıb. Dəstə üzvləri əlavə şəxslərin də cəlb edilmələri istiqamətində fəaliyyət göstəriblər. Məlumatda vurğulanıb ki, Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da bənzər tapşırıqlar verib. O, ələ alınmış şəxslərə yüksək maddi gəlir, silah və digər bütün lazımi dəstəyin veriləcəyini vəd edib. Saxlanılan şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən İran lehinə təbliğat aparıblar. Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər. Bildirilib ki, bu istiqamətdə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev "Şərq"ə açıqlamasında bildirib ki,
İran açıq şəkildə, bütün üsullarla Azərbaycana qarşı fəaliyyətə başlayıb. Partiya sədri deyib ki, Tehrandakı səfirliyimizə hücum da Azərbaycandakı İrana bağlı yatmış hücrələrini oyatmaq, "silahlı basqınlara başlayın" mesajı idi: "Sonrakı hadisələr, xüsusən "Kalaşnikov" avtomatı ilə millət vəkilinə hücum göstərdi ki, İran bütün hücrələrini oyadaraq Azərbaycana qarşı mübarizə aparmaq istəyir. Onsuz da müxtəlif vaxtlarda, fərqli formalarda ölkəmiz əleyhinə fəaliyyət göstəriblər. İctimaiyyət bilməsə də, xüsusi xidmət orqanları bundan xəbərdar olub və tədbirlər görüb. Məsələn, Azərbaycan ərazisindən nüvə komponentlərinin daşınmasının və bir neçə terror aktının qarşısı alınıb. Ancaq indi İran açıq fəaliyyətə keçib. Sərhədlərimizdə təlim keçirməklə, təyyarə uçurmaqla, rəsmilərin, generalların Azərbaycanı təhdid etməsi ilə, Ermənistana dəstək çıxmaqla öz mövqelərini ortaya qoyublar. Yəni İran əlindəki bütün resusrlarla dövlətimizə qarşı addımlar atıb. Bu, artıq müharibədir, savaşın bir formasıdır. Ona görə də Azərbaycan heç nədən çəkinmədən İranın casus şəbəkəsini zərərsizləşdirməlidir. Məqsədli şəkildə təbliğat gedir ki, guya bu əməliyyatlar "dindarlara" qarşıdır. Belə təxribatlar olacaq, çünki İran hər cür vasitəyə əl atır. Əslində din onlar üçün sadəcə pərdədir, silahdır. 5-10 nəfərin məqsədyönlü şəkildə yaratdığı hay-küyə fikir vermədən öz işimizi görməliyik. Azərbaycan dövlətinə qarşı olan daxildəki bütün şəbəkələr zərərsizləşdirilməlidir".

F.Quliyevin fikrincə, Azərbaycan İrana qarşı beynəlxalq qüvvələrin apardığı mübarizəyə açıq şəkildə dəstəyini verməlidir: "Sanksiyalara qoşulmaq lazımdır. İsrail və ABŞ-la çox ciddi formada diplomatik məsələləri səhmana salmalıyıq və ehtiyac olarsa bir koalisyon qurmalıyıq. Sərhədlərimizdə baş verənlərə, gözlənilən təhlükələrə, təhdidlərə cavab üçün açıq mexanizmlərlə işləməyə başlamalıyıq. Bizim necə və nə cür davranmağımızdan asılı olmayaraq, İran ölkəmizə qarşı bütün imkanlarını ortaya qoyacaq. Uzun zamandır Azərbaycanın düşmənlərinə hərtərəfli dəstək verir, ölkəmizdə "şəriət dövləti" yaratmaq niyyətində olduğunu gizlətmirlər. İranın terrorçu dövlət olduğunu, Azərbaycanda çevriliş etmək istədiyini, konstitusion quruluşu dəyişmək cəhdlərini beynəlxalq aləmə çatdırmalıyıq. Lazım gələrsə, bununla bağlı BMT və digər strukturlarda məsələ qaldırmalıyıq. İrana qarşı beynəlxalq tədbirlərin görülməsinə nail olmalıyıq. Adekvat addımlar atmalıyıq".

Partiya sədri əlavə edib ki, ciddi şəkildə maarifləndirmə işləri də aparılmalıdır: "Efirlərdə bayağı verilişlərin yerinə maarifləndirici proqramlar verilməlidir. Düzdür, dövlət televiziyalarımız, milli dövlətçilik mənafelərimizi qoruyan mətbuat orqanlarımız İranın mahiyyətini ortaya qoymaqla məşğuldur. Bu iş mütəmadi icra olunmalıdır. İranla savaşda millət özü də iştirak etməlidir. Bu, təkcə xüsusi xidmət orqanlarının işi deyil, millətin savaşıdır. Güney Azərbaycanla bağlı xüsusi siyasət yürüdülməlidir. Orada, ölkəmizdə və kənarda olan soydaşlarımızın koordinasiyası üçün dəstək verilməlidir. İranda milli azadlıq hərəkatının qalib gəlməsi üçün əzmlə çalışmalıyıq. Əgər İran bu məsələdən sıyrılıb çıxarsa, iki ciddi fəsad törədəcək. Birincisi, Güney Azərbaycanda bütün fəalların boynunu kəndirə keçirəcək. İkincisi, bütün imkanları ilə ölkəmizə qarşı daha sərt tədbirlərə əl atacaq. Azərbaycanda İranın hələ məlum olmayan hücrələri mövcuddur. Hətta hakimiyyət orqanlarına soxuşdurulmuş adamları var. QHT-lərdə, mediada, partiyada da var və bəzən özlərini ifşa edirlər. İctimaiyyət qolunu çırmalayaraq dövlətə dəstək verməlidir. İranla görünməyən müharibədə bütün cəmiyyəti səfərbər etməyi bacarmalıyıq".

İsmayıl Qocayev/sherg.az
Bu xəbər oxucular tərəfindən 762 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed