Şrift:
Fərəc Quliyev:Azərbaycanın haqlı davasına susan İran indi Ermənistanın ərazi bütövlüyünü özü üçün qırmızı xətt elan edir
11.04.2023 [10:10] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
İranın Azərbaycandakı səfirliyinin əməkdaşlarının persona non-grata elan edilməsi və Azərbaycanı tərk etmələri üçün vaxt qoyulması qərar daha bir reallığa aydınlıq gətirdi. Səfirlik əməkdaşlarının jurnalistlərin suallarını cavablandırmadan qaçmağa çalışması kadrları “günahkarın qorxudan girməyə deşik (türkün sözü) axtaramasına” bənzəyirdi. Danışmağa sözü olmayan günahkarın etirafı idi bu davranışlar...
İranın Azərbaycandakı səfirliyi İran ərazisi hesab edildiyi üçün Azərbaycan İran səfirliyinə soxulub, terror törətmədi. Beynəlxalq və daxili hüquqlar çərçivəsində Azərbaycan əleyhinə fəaliyyətlər həyata keçirən şəxsləri bu üsulla zərərsizləşdirdi. İndi münasibətlər pik həddədir...

“İranla Azərbaycan arasındakı münasibətlərin gərgin olması və onun pik nöqtəsinə çatmasının səbəbkarı Azərbaycan deyil, İrandır. Və bu günün də işi deyil. Zaman-zaman İran Azərbaycana qarşı mübarizə aparıb. Azərbaycanın düşmənləriylə bir yerdə olub. Onlara əlindən gələn bütün yardımları edib”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Dirçəliş Hərakatı Partiyasının sədri Fərəc Quliyev danışıb. Quliyev qeyd edib ki, 30 illik Azərbaycan Ermənistan müharibəsi zamanı İran Ermənistana müxtəlif şəkildə yardım göstərib.


“Onlar ərazilərimizdə sonuncu mişar daşına qədər söküb aparıblar. Ermənilərdən pulla alıb aparıblar. Dəfələrlə Qarabağ ərazisinə yanacaq daşıyan avtomobillərin video görüntüləri yayılıb. Həmin o maşınların nömrələri yayılıb. Elə kəndlər, elə rayonlar olub ki, orada heç döyüş olmayıb. Əhali panikaya düşüb çəkilib və yaxud da məcburi şəkildə çıxarılıblar. Dağıntılar olmayıb. Həmin o əraziləri İran dağıdıb. Bununla yanaşı İran həmin o ərazilərdən, işğal altında olan ərazilərdən narkoplantasiya kimi istifadə edib. Həmin ərazilər narkotik daşınması üçün tranzit yol olaraq istifadə edib. Narkotranzit kimi istifadə elədi. Zəngilan ərazisindən hətta çayın altından böyük bir tunel yaradılmış, oradan narkotik daşınırmış”-deyən Fərəc Quliyev bildirib ki, Azərbaycanın haqlı davasına susan İran indi Ermənistanın ərazi bütövlüyünü özü üçün qırmızı xətt elan edir. Zəngəzurda konsulluğun açılması, Araz sahillərində keçirilən hərbi təlimlər, Naxçıvanla sərhəddə ordu yerləşdirilməsi sübut edir ki, İran hər zaman Azərbaycana qarşı olub.

“Azərbaycanda, Bakıda İsrail səfirliyində terror təşkil etmişdilər, qarşısı alındı. Müxtəlif nüvə reaktoru üçün lazım olan elementləri Azərbaycan üzərindən daşıyan zaman Azərbaycan müəyyən etmişdi. Bizim ziyalılarımıza qarşı terror aktları törədilib. Bu gün də həmin siyasət davam etdirilir. Onların bir ana siyasəti var, o da Azərbaycan dövlətini yer üzündən silmək. Onlar Azərbaycan dövlətinin güclü olmasından qorxurlar. Çalışırlar ki, Azərbaycan daxildə mümkün qədər zəif olsun və ya məhv olsun, yer üzündən silinsin”-deyə Quliyev bildirib.

Partiya sədrinin fikrincə, İran qorxur ki, Azərbaycan Respublikası güclü olduqca İran ərazisində zülmə məruz qalan Güney Azərbaycandakı Türklər fərqli davranmağa başlayar, müstəqillikləri uğrunda mübarizədə Azərbaycandan pozitiv mesajlar alarlar və s.

“Yəni bu gün artıq o yerə gəlib çatıb ki, ya açıq şəkildə Azərbaycana qarşı silah istifadə edirlər. Bizim səfirliyimizə basqın etdilər. Hücum edən şəxs bizim səfirliyin qarşısında oturan İran gözətçisinə bir vəsiqə göstərib içəri girir. O da ona heçnə etmir.

Yəni bu bir İran rəsmisidir deməkdir. Və yaxud da Azərbaycanda bir deputata qarşı terror həyata keçridilər. Artıq müəyyən edilib ki, bu hadisəni də İranın tör-töküntüləri, İranın təlimatı ilə həyata keçirib.

Burada qruplaşmaları var idi. Bu siyahını artırmaq mümkündür. Ermənistana xeyli raketlər verildi.

Bir hissəsini də bizim Qarabağ iqtisadi zonasına daşıyıblar. İndi həmin raketlərdən ermənilər Azərbaycanlılara qarşı istifadə etməyə çalışır. Təlimatçılar göndərdilər 13 nəfər ayrı, 14 nəfər ayrı iki qrup aşkarlandı. Artıq biz bu gün İrana qarşı adekvat davranmağa məcburuq”-deyə Fərəc Quliyev vurğulayıb. Onun fikrincə, İran təlim keçirsə, təlim keçirməliyik, əzələ nümayiş etdirsə, əzələ nümayiş etdirməliyik.

MDHP-nin sədri İran diplomatlarının Azərbaycandan çıxarılması məsələsinə də toxunub. O, qeyd edib ki, bu doğru bir davranış idi. Bu hadisələri pik nöqtəsinə İran çatdırıb. Quliyevin fikrincə, münasibətlərdə gərginliyin azalması üçün İran siyasətində redaktələr həyata keçirilməli, geri çəkilməlidir. Amma partiya sədri hesab edir ki, İran bunu etməyəcək.

“İran bütün imkanları ilə Azərbaycana qarşı mübarizə aparacaq. Bu səbəbdən biz də ayıq-sayıq olmalıyıq. Necə ki, İran “düşmənimin düşməni dostumdur” prinsipi ilə davranıb, Ermənistanla dostluq edirsə, biz də eyni prinsiplə, Amerika, İsraillə daha dərindən inteqrasiya siyasəti həyata keçriməli, daha da bloklaşmalı, İrana qarşı sanksiyalarda iştirak etməli və bu gün olduğu kimi dişli siyasət yürütməliyik.

“İran səfirliyinin əməkdaşlarının Azərbaycanda persona non-grata elan edilməsi doğru bir addımdır. Biz bu gün İranın yeritdiyi siyasətin qarşısından qaçsaq Azərbaycan üçün uğurlu heç bir şey gözləmək mümkün deyil”-deyə Fərəc Quliyev əlavə edib.

İradə Cəlil, Bizimyol.info
Bu xəbər oxucular tərəfindən 843 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed