Şrift:
Sumqayıt məktəblisi Elxan Əzizov:-Vətən qəhrəmanları ilə tanınır.
29.01.2013 [13:00] - Gündəm, DAVAMın yazıları
Tale insanı müxtəlif yollardan qəhrəmanlıq zirvəsinə ucalda bilir. Bu yollardan biri də insanın yeniyetməlik illərindən qəhrəmanlıq yoluna cəzb edilməsidir. Bu yolda xüsusi qabiliyyətlər, potensial imkanlar səfərbəredici rol oynayır. Həyat bu yolu keçən insanları ən çevik sınaqlardan keçirir. Xüsusi sahədə həyat imtahanlarından uğurla keçənlər universal qabiliyyətlərə malik olmaqla qarşılarına qoyduqları hər hansı məqsəd və məramları başqalarına nisbətən daha nümunəvi, asan gerçəkləşdirə bilirlər. Belə insanlarda həmişə yaxşı mənada, müstəqillik, risqə meyillilik, fəallıq, problemləri hərtərəfli görə bilmək qabiliyyəti, özünü yüksək ideyalara həsr etmək xarakteri olur. Onlar öz mətin xarakterlərini ətrafa aşılayırlar. Yüksək dözümlülüyə malik olmaları ilə onlar qeyri- müəyyən və həll olunmaz situasiyalarda soyuqqanlı olmaqla, konservativ aktivlik nümayiş etdirirlər. Bu aktivliyə sahib insanlar təbii ki, gərgin şəraitdəki vəziyyəti idarə etməklə, yaxşı təşkilatçılıq vərdişlərini böyük enerjiləri hesabına ortaya qoyurlar. Məhz xüsusi mənəvi keyfiyyətləri öz fəaliyyəti sahələrinin zirvələrinə doğru irəliləməkdə onlar da canatım duyğusunu əməli hərəkətə keçirir.
Həyatda fərqlənən insanların – qəhrəmanların xarakterində əsas özəlliklərdən biri, heç kimə bənzəməməklə məhz bütün həyat mübarizələrində özləri olmaqlarındadır. Bu təbiilik isə insanın öz qabiliyyətinin tətbiq sahəsini düzgün müəyyənləşdirməsi ilə çox sıx əlaqəlidir. Hansı sahədə olursa-olsun insan o yolda sona qədər əzmlə, yorulmadan, bezmədən maneələrə sinə gərərək irəlilədikcə, mütləq o yolun sonundakılara nəsiblənir. Bu qismətdə qəhrəmanların niyyəti , məqsədi dönməz iradələri, nəticədə ümumxalq mənafeyinə xidmət edir. Yəni qəhrəmanlar “ öncə vətən” şüurunun daşıyıcılarıdır. Yer üzündə hər xalq üçün bir neçə müqəddəs məhfumlar mövcuddur. Vətən, millət, dövlət, dil və din. Bu varlıqlar təhlükədə olanda həyəcan təbili çalınır. Buna görə də əsl vətənpərvərlər vətənin problemlərinə biganə qala bilməz. Vətən torpaqları sərhədlərdən başlanır. El-obamıza, ata yurduna təcavüz edən, yurd yerlərimizi əlimizdən qoparıb almağa çalışan yağılara qarşı igidlərin qeyrət-qeyrət davası da məhz sərhədlərdən başlanır. Bu baxımdan ulu tariximiz boyunca Azərbaycanımıza xaricdən aramsız olaraq vurulan ən ağır zərbələri öz üzərinə götürən, müqəddəs vətən torpağının bir qarışını belə əldən verməmək üçün özündən qat-qat güclü düşmənlərlə döşləşən, qanlı qırğınlar, sitəmlər görən yurdumun saysız-hesabsız qəhrəman oğulları var. Vətən uğrunda canından keçənlər ölmürlər. Şəhidlər həm insanların, həm də Allahın nəzərində həmişəyaşardırlar. Şəhidlərin xatirəsi bizim üçün daim əziz olmalıdır. Onların üstünlüyü ondadır ki, onlar vətən uğrunda vuruşdular və doğma torpaqlar naminə öz canlarından keçməyi də bacardılar. Elə torpağı da vətən edən onlardır. Türk şairi Mithat Cemal Kuntay bunu daha dolğun ifadə edib:

Bayraqları bayraq edən üstündəki qandır,
Torpaq uğrunda ölən varsa, Vətəndir!

Həyatda insan üçün ən doğma şəxs onu dünyaya gətirən, ona həyat verən anadır. Ana müqəddəs bir varlıqdır, məhz buna görə vətəni də anamız kimi sevir, ona "Ana Vətən" deyirik. Vətən bizim varlığımız, fəxrimiz, qürurumuzdur. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Neçə-neçə ərənlər yetişdirib bu müqəddəs torpaq, ulu diyar! Bu torpaq Babəklərin, Cavanşirlərin, Koroğluların vətənidir. Belə qəhrəmanlar həmişə yaşayıb və daim yaşayacaqlar. Son dövrlərin narahat dünyası, zorla cəlb edildiyimiz Qarabağ savaşı bir daha göstərdi ki, Azərbaycan həqiqətən də igidlər diyarı, qəhrəmanlar ölkəsidir. Bu torpaq halal torpaqdır. Kimlərinsə əlindən alınmayıb, kimlərdənsə zəbt olunmayıb. Halal bir torpağın övladları qəhrəman olmaya bilməz.
Son dövrlərdə Azərbaycan xalqının milli-mənəvi dəyərlərini mənfur və iyrənc niyyətli, şəxsiyyətsiz, xain şəxslərin əlində əsir olmuşdur. Həqiqətdə bu xalqın azadlığını əlindən alıb kölə etmək, öz iyrənc təbliğatları ilə onun mədəniyyətlərini və adət-ənənəsini unutdurub digərilə əvəz etmək istəyirlər.
Ey vətənin xain düşmənləri! Onu bilin ki, Azərbaycan xalqının övladları tarix boyu milli-mənəvi dəyərlərini qorumuş, həmişə vətənin azadlığı uğrunda canından belə keçmişlər.
Bu xalq 1990-cı ilin 20 yanvar hadisələrində ayaqyalın, silahsız düşmənin silahlı dəstələri qarşısında sinəsilə sipər oldu. Ərənlərimiz Qarabağın azadlığı uğrunda ölümün üzünə gülərək , canlarını vətən uğrunda sipər etdilər ki, Vətən yaşasın. Vətəni sevmək imandandır. Tarix boyu Azərbaycan xalqı Allaha bağlı olub. Allaha bağlı olan xalqın milli-mənəvi dəyərlərini aradan aparmaq qeyri-mümkündür.
Ey Azərbaycan xalqının daxili və xarici düşmənləri! Onu bilin ki, bir gün gələcək, vətənin Allaha bağlı olan mənim kimi igidləri kökünüzü bu diyardan kəsəcəklər.
Bu xalq yatmayıb, bu xalq həmişə düşməninə sarsıdıcı zərbə endirmək iqtidarındadır. Buna bariz nümunə kimi, M.İbrahimov, A.Mustafayev, Ə.Əliyev, M.Quliyev, D.Nağıyev, N.Quliyev, Ş.Abdullayev, F.Əhmədov, Ə.Arazov kimi milli qəhrəmanlarını göstərmək olar.
Coşqun ruhlu qəlblər vətəni qəhrəmancasına sevir. Ona görə də qəhrəmanlıq duyğusu daim təbliğ olunmalı və yetərincə aşılanmalıdır ki, xalqımızın mübarizə əzmi daha da qüvvətlənsin. Çünki məhz mübarizə ruhu və məsuliyyət şüuru torpaqlarımızın xilasında həlledici mənəvi-psixoloji dəyərlərdən biri kimi ciddi rol oynayacaq. Təbii ki, xalqımız qəhrəmanlığı ilə o zaman öyünəcək ki, torpaqlarımız yağı düşməndən azad olsun. Sonda eşitdiyim bir fikri bölüşmək istərdim: "Demə ki, Vətən mənim üçün nə edib, de ki, mən Vətən üçün nə etmişəm". Doğrudan da çox gözəl sözlərdir. Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də bizik, Vətən övladlarıyıq. Vətənimiz Azərbaycan özünün mürəkkəb və çətin dövrünü yaşayır. Ulu torpaqlarımızın beşdən bir hissəsi yağı əlindədir. Bir milyon yurddaşımız qaçqın həyatı keçirir. Lakin Azərbaycan xalqı heç vaxt ruhdan düşməyib və biz ürəkdən inanırıq ki, çox tez bir zamanda torpaqlarımız azad ediləcək, mənfur düşmən üzərində qələbə qazanılacaq. Bu qələbədə biz də iştirak edəcəyik. Biz Vətənə borcumuzu bu gün oxumaqla, işləməklə, yazmaqla, sabah isə müstəqil Azərbaycan ordusunda vuruşmaqla, iqtisadiyyatın və ictimai-mədəni həyatın müxtəlif sahələrində çalışmaqla verəcəyik. Bu, bizim şərəfli işimiz, vətəndaşlıq borcumuzdur. Vətən bizdən hünərlər gözləyir!

Əzizov Elxan Faiq oğlu
Sumqayıt şəhər M.Füzuli adına 15 saylı tam orta məktəbin 11k sinif şagirdi.
Bu xəbər oxucular tərəfindən 21080 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed