Şrift:
Şirinxanım Kərimbəyli Şadiman: - XƏYALLA DÖVLƏT YIĞANLARIN FACİƏSİ
29.01.2013 [13:10] - Gündəm, DAVAMın yazıları
Əslində dünyaya gələndən, bir balaca özünü dərk edən gündən həyatın çətinliklərlə dolu olduğunun fərqində olursan. O ki ola kasıb, imkansız, bir qarın çörəyi güclə-zorla qazanan ailədə doğulasan. Belə ailələrin uşaqlarının hansı ağrı-acılardan keçdiyi göz önündədir. Bunu hər gün qonum-qonşumuzda, qohum-əqrabamızda, yaxın-uzaq olmağımızdan asılı olmayaraq eşidirik, görürük, duyuruq, bəzən biz də onlarla birlikdə ağrı-acılar keçirik, əsəb sarsıntılarına, sonu bitməz üzüntülərə məruz qalırıq. Belə ailələrin uşaqları bəzən ali təhsil də alırlar, amma bu ali təhsil öz bəhrəsini vermir. Çünki bizim ölkədə kefiyyətsiz təhsil, kefiyyətsiz mütəxəsis axının yaranmasına səbəb olur. İmkansızlar özlərinə iş tapa bilmir, tapdıqları iş də çox vaxt aşağı maaşla olur. Hələ uşaq vaxtlardan bir-birinin yeməyinə, pal-paltarına göz dikən imkansız ailələrin övladları belə bir tale yaşayır. Müstəqil ölkəmizdə tərəzinin gözü kəskin şəkildə əyilməkdədir. Ortabab təbəqə artıq yox dərəcəsindədir. Həddindən artıq kasıblar və həddindən artıq varlılar boy göstərməyə başlayıb.
Varlı ailələrin uşaqlarının həyatı kasıb ailələrdə doğulan və çətinliklə boya-başa çatan yeniyetmələrdə, gənclərdə nifrət hissi yaradır. Onlar da nəyin bahasına olursa-olsun varlanmaq, ev-eşik, maşın-bağ, təm-taraq sahibi olmaq istəyirlər…Əslində bu hər bir insanın yaşamaq haqqıdır. Hər birimiz bir ömür yaşayırıq. Bu yaşadağımız ömürü ürəyimiz istəyən kimi başa vurmağa cəhd edirik. Amma imkansız ailələrdə doğulan uşaqların etdikləri bu cəhdlər çox vaxt sonu görünməz faciələrə gətirib çıxarır. Kimi varlanmaq, nəyə isə nail olmaq üçün oğurluğa əl atır, kimi ən ağır cinayətlərdən belə çəkinmir. Kimi isə…
Elə bu kimi isənin üstündə dayanmaq istəyirəm. İnternet həyatımızda peyda olandan, kasıb ailələrin uşaqları evdə kompuyuter, internet tapmasalar da hər yerdə tüğyan edən, həyatımızın bir parçasına çevrilən internet-klublara üz tutdular. Bəs bu internet-kulublar bizim uşaqlara, yeniyetmələrə, cavanlara nə verdi? Əsəbgətirici oyunlar, erotik filimlər, bir də indi çox imkansız ailələrin evini məzara çevirən qumar…Qumar saytları insana hər şey vəd edir. Bir an istər ki, həmin saytlarda qeydiyyatdan keçib onların quluna çevriləsən. Hətta həmin saytlarda cürbəcür işlər də reklam olunur. Bir az bacarığı olan o işlərdən birinə düzəlib bu saytların birinin köləsinə çevrilir. Bəli köləsinə… Maaş alan kimi sonuncu qəpiyini də bu saytlarda gedən oyuna uduzan bədbəxt adamlar milyoner olmaq eşqiylə yanıb yaxılır. Banklardan faizlə pul götürür, aylıq maaşlarını bu banklara ödəmək məcburiyyətində qalırlar. Çox vaxt belə adamlar ata-ana qoltuğuna sığındıqları evlərini, mənzillərini belə qumara qoymaq fəlakəti ilə üz-üzə dururlar. Onlar qumar saytlarının canlı şikarı olurlar. Udmaq xəyalı ilə dövlətli olmaq istəyən iradəsiz, aşağı düşüncəli insanlar isti, kasıb, doğma evlərində əməlli-başlı bəlaya çevrilirlər, ata-analarından, varsa gənc ailələrindən, körpə uşaqlarından üz döndərirlər. Nəyin bahasına olursa-olsun uduzduqları pulları heç olmasa geri qaytarmaq istəyi ilə yenə də, yenə də, yenə də tələyə düşürlər. Bəlkə də dünyada milyonda bir adamın taleyinə düşən udmaq şansı onlara qismət olmur ki, olmur…Uduzduqca doğmaların gözündən düşürlər, yavaş-yavaş bu sirr ailədən çıxıb qohum-əqraba, tanış-biliş, qonum-qonşu arasına yayılmağa başlayır. Sirr faş olduqca onlarda, yəni bu qumar düşğünlərində ətrafdakılara nifrət qızışmağa başlayır. Dünən sevdikləri, yeganə təsəlli tapdıqları ata-ana, bacı-qardaş onlarçın, artıq səddə çevrilir. Onlar bu səddi aşmaq üçün sonda hər şeyə əl atırlar, yetər ki, içlərində olan istəklərini, qumara girişmək atəşini yenidən söndürsünlər, bu yenidənlər isə bitmir ki, bitmir…Nə onlar qazanıb dövlətli ola bilmir, nə onları tutulduqları bu əzablı, dəhşətgətirici, fəlakətverici istək buraxmır…
Ümumiyyətlə, bilmirəm sosial vəziyyətin aşağı olmasından, ya orta-ali təhsil ocaqlarının bizim insanların şüuru üçün yetərli olmaması insanlarımızda mənəviyyata marağı nəinki azaldıb, hətta demək olar ki, söndürüb. Əksər insanlarımızı indi nə işğal olunmuş torpaqlarımızın xilası, nə kitaba-mənəvi dünyaya təlabat maraqlandırmır. Onları bu saat varlıların təm-təraqlı həyatı, min bir rəngli, bahalı maşınları, bütünlükdə yaşayış tərzləri vəcdə gətirir. Yazımın əvvəlində qeyd etdiyim kimi deyəsən bizim ölkədə haqq tərəzisi əməlli-başlı əyilib. Haqqın tərəzisi əyilən yerdə isə süfrədən çörək göyə çəkilər deyirlər, mənəvi hisslər öləziyər, mənəvi dəyərlər yavaş-yavaş yoxa çıxar. Gəlin etiraf edək ki, ciddi xəbər saytlarından, satışda olan ciddi qəzetlərdən istifadə edənlərin sayı günbəgün azalır. Yüngül həyat tərzini təbliğ edən tele-seriallar indi insanlarımızın beyinəinə elə nüfuz edib ki, onlar bu həyatı beyinlərindən evlərinə köçürməkdədirlər. İndi imkansız ailələrin də uşaqları ayrı mənzil, çoxlu pul, firavan həyat istəyirlər. Bu firavanlığa çatmayanda isə hər şeyə əl atırlar. İnsan beyini zəhərləyən, şəraba-spirtli içkilərə, narkotik müsibətə, pozğunluğa, fahişəliyə, oğurluğa, ən ağır cinayətlərə, qumara…Bu da kütləvi gənc ailələrin boşanmasına doğulan uşaqların atasız, və yaxud anasız böyüməsinə, sonu görünməz ailə faciələrinə gətirib çıxarır. İndi xəyalla dövlət yığanların faciəsinə bizlər seyriçi qaldıqca bu sosial bəlaların artmasına zəmin yaradır. Bugün 28-30 yaşlı cavan qumar saytlarının quluna çevrilib ondan asılı vəziyyətə düşürsə, ondan nə ailə başçısı, nə ləyaqətli ata, nə də cəmiyyətə layiq insan çıxar. Layiqli insan yetişdirən ölkələrin vətəndaşları bəxtəvərdir, vallah, billah. Biz isə hələ də xəyalla dövlət yığmaq faciəsi içindəyik. Allah belə günlərin sabahından qorusun bizləri…
28.01.2013
Şirinxanım Kərimbəyli Şadiman
Bu xəbər oxucular tərəfindən 1049 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed