Şrift:
Fərəc Quliyev:İran heç bir zaman Azərbaycana qarşı olan mövqeyindən geri çəkilməyəcək
20.04.2023 [10:47] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: "Azərbaycan artıq çəkinmədən İsrail və digər dövlətlərlə birgə İranın molla rejimini islah etməyə çalışmalıdır, əks halda... "

Xəbər verdiyimiz kimi, İranın molla rejimi Azərbaycanda təxribatlar həyata keçirmək üçün yeni təşkilat yaratmağa qərar verib.

Musavat.com bildirir ki molla rejiminə xidmət edən və SEPAH-ın nəzarətində olan bəzi teleqram kanallarında artıq yeni təşkilatın yaradılması ilə bağlı çağırışlar edilir. Onlar "Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatı"nın yeni mərkəzinin açılışına hazırlaşırlar.

Molla rejiminin bütün şəbəkələrini ifşa edən Azərbaycan bu təşkilata qarşı necə mübarizə aparmalıdır?


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev mövzu ilə bağlı Musavat.com-a danışıb:


"İran din pərdəsi altında Azərbaycanda təxribatlar yaratmağa çalışır. Hesab edirəm ki, televiziyalarda bayağı verilişlər yerinə din haqqında verilişlər vermək, insanları maarifləndirmək, təbliğat işi aparmaq, camaatla danışmaq lazımdır. Əksər insanların sadəliyindən və cahilliyindən istifadə olunur. Axı insanların hamısı satqın deyil".

Fərəc Quliyev qeyd edib ki, İran heç bir zaman Azərbaycana qarşı olan mövqeyindən geri çəkilməyəcək:


"İndi İran guya ki, müəyyən məsələlərdə güzəştli davranmağa çalışacaq, guya anlaşma axtarır. Doğrudur, son telefon danışıqlarında da yenidən "əməkdaşlıq edək, anlaşılmazlığı aradan qaldıraq" deyir, amma hər birimiz bilirik ki, öz işini, mövqeyini davam etdirir. Bir tərəfdən narkotik maddələri Azərbaycana gətirməkdə, həmçinin Ermənistana dəstək verməkdə davam edir, bir tərəfdən də üst-üstə təhdidləri gəlir, indi də yeni şəbəkə yaratmağa hazırlaşırlar. Yəni İran heç zaman dayanmayacaq, onda bu, institutlaşmış siyasətdir. Hər zaman çalışır ki, ya Azərbaycan yer üzündən silinsin, ya da dövlətimizi tamam zəif salsın.

Bu günlərdə İsrailin xarici işlər nazirliyi bildirdi ki, Azərbaycana gəlişinin məqsədlərindən biri də ortaq maraqlardan çıxış edərək ortaq düşmənlərə qarşı vahid siyasətdə birləşmək, birgə mübarizə aparmaqdır. Bu, elə-belə deyilmiş şüar deyildi. Azərbaycan artıq çəkinmədən İsrail və digər dövlətlərlə birgə İranın molla rejimini islah etməyə çalışmalı və həmin dövlətlərlə daim inteqrasiyada olmalı, cəbhələşməlidir. Bundan qorxmağa da ehtiyac yoxdur.

İkinci bir məsələ, Güney Azərbaycandakı hərəkata ciddi dəstək vermək lazımdır. Çalışmalıyıq ki, Güney Azərbaycan öz müstəqilliyinə çatsın. Əgər İran bütün bu məsələlərdən salamat çıxarsa, mütləq şəkildə iki davranışı yerinə yetirəcək: 1. Güney Azərbaycanda istiqlal savaşı aparan bütün soydaşlarımızın boynunu kəndirə keçirməyə çalışacaq; 2. Azərbaycana qarşı daha sərt təhdidlərini səsləndirib, əlindən gələn bütün pislikləri edəcək.

Buna görə də bir daha qeyd edirəm ki, artıq açıq şəkildə İranın molla rejiminə qarşı mübarizə aparmalıyıq. İrana bağlı olan bütün qüvvələr, mətbuat orqanları, din pərdəsi altında gizlənən şəbəkələri ən ciddi şəkildə cəzalandırmalıyıq. Əgər bu məsələlərə ciddi yanaşmasaq, daha adekvat cavab verməsək, İran özü bundan istifadə edib bizə qarşı işləyəcək. İran tərəfindən atılan ox artıq yaydan çıxıb".

Xalidə Gəray/Musavat.com
Bu xəbər oxucular tərəfindən 787 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed